|
Vüqar VÜQARLI
Hər ölkənin öz xüsusiyyətləri var – bu, danılmazdır. Bu xüsusuyyətlər ölkənin müxtəlif sahələrində gözə dəyir, o cümlədən cəmiyyətdə. Bizim cəmiyətimizin də yalnız bizə, Azərbaycan vətəndaşlarına xas olan amilləri var. Onlar insanları güldürrməklə yanaşı düşündürməyə də vadar edir...
Yalnız Azərbaycanda, yalnız bizdə öz hüquqlarını müdafiə edənə “demaqoq” deyirlər.
Yalnız bizdə gələcək həyat yoldaşını təsədufi telefon nömrəsi yığmaqla axtarmaq olur və bu üsulla onları tapanlar da var.
Yalnız bizdə avtomobildə olan aparaturanın qiyməti maşının özündən baha olur.
Yalnız bizdə valideynlər fəxr edirlər ki, uşaqları imtaha verəndə pulu onlardan almayıb, öz ciblərindən verirlər.
Yalnız bizim məmləkətdə əvvəl hesablayıcı maşında hesablamalar aparıb, sonra isə bu hesabları bilgisayara köçürən mühasiblərə rast gəlmək olar.
Yalnız bizim televiziya verilişlərinin birində Xarici Dillər Universitetinin “İngilis dili” fakultəsinin tələbəsindən “hansı meyvə “APPLE” kompaniyasının loqotipidir?” soruşanda, ondan “kaktus” cavabı almaq olar.
Yalnız Azərbaycanda qonaqlar sağollaşarkən məclis yiyəsi ilə o qədər danışa bilərlər ki, axırda qayıdıb yeyib-içməyi davam etdirirlər.
Yalnız bizdə müğənni özünü “Qanuni oğru” kimi apararaq “Tac aldığını” və digər müğənniləri “taclamağ” hüququnda olduğunu iddia edə bilər.
Yalnız bizdə “kişinin qarnı olar” deyərək bunu “kişilik” amili edirlər. Yalnız Azərbaycanda 5-6 yaşlı uşağı diş həkiminin yanına apararaq ona ad günü münasibəti ilə qızıl diş qoydurmağı xahiş edə bilərlər.
Yalnız bizdə cavan oğlanlar sadəcə kücədə dayanaraq ona-buna baxmaqla vaxt keçirə bilərlər.
Yalnız Azərbaycanda kinoya bilet bir kilo ətdən bahadır.
Yalnız bizdə “hərbi xidmətə yararsız” hərbi bileti alanı təbrik edərək “səndən bir dənə yeyib-içmək!” də deyirlər.
Yalnız bizdə yolu asfaltlayıb bir həftə sonra yenidən qazaraq onun altından keçən boruları dəyişə bilərlər.
Yalnız Azərbaycanda müğənnilərin və aktyorların bir çoxunu öz adları ilə yox, çıxdıqları verilişlərin adları ilə tanıyırlar.
Yalnız Azərbaycanda ərəb dilini bilməyən mollaya rast gəlmək olar.
Yalnız bizdə “geydirmə hacı” anlayışı var.
Yalnız bizdə ən məşhur müğənni deyə bilər ki, onun ən sevimli zarafatı dostlarına zəng edərək, onların ən yaxınlarının ölüm xəbərini deməkmiş və yalnız bizdə belə zarafatları sadəcə “şıltaqlıq” adlandıra bilərlər.
Yalnız bizdə fəaliyyəti qadağan olunmasına baxmayaraq, klinika fəaliyyətini nəinki davam etdirir, hətta orada doğuşlarlar da qəbul edir.
Yalnız bizdə... Nəysə, yalnız bizdə olan şeylər sadalamaqla bitməz, ona görə bizi izləyin, ardı var...
news.atv.az