|
Aysel Əlizadə
Ictimai reaksiyaya kontrasept təsir göstərən səbəblər cəmiyyətdə hava çatışmazlığı yaradır. Buna görə də kiçik bir nəfəslik görən kimi hamı özünü ora atır. Bəzən hansısa olaya aşırı reaksiya da bununla bağlıdı. Deputat Hadı Rəcəblinin müəllimlər haqda dediyi “az maaş alır, gedib işdən sonra fəhləlik etsin” janrında fikirlərinə cəmiyyətin od püskürməsi də bununla izah edilə bilər. Bir çoxları kimi, deputat özü də insanların belə sərt reaksiya vermə səbəbini anlaya bilmirdi. Mat-məətəl qalmışdı 20 ilin deputatı. Qınaqlar qarşısında elə bu cür də açıqlama verdi: “Mən nə dedim axı...”.
Fəhləlik ayıb iş deyil. Bu sənətkarlara hamımızın ehtiyacı var. Ən azı evimizi tikən o əllərə çox sağ ol deyə bilərik. Ancaq adamlar ona görə əziyyət çəkib 15 il təhsil alır ki, fəhlə olmasın. Müəllim işləmək üçün dizini yerə qoyub gecə-gündüz öyrənməli, oxumalısan. Zehni işlə məşğul olmaq fiziki işlə məşğul olmaqdan qat-qat çətindi. Biz də uşaq vaxtı dərsdən yayınanda valideynlərimiz qorxudardı: “Eybi yox, gedib fəhləlik edərsən”. Biz həmən kitaba sarılardıq, ən azı ixtisaslı fəhlə olmaq istərdik.
Müəllim heç bir cəmiyyətdə varlı təbəqə sayılmır. Ancaq fəhləliyə də möhtac qalmır. Bir-iki istisna olmaqla bütünlükdə müəllimlərdən səs çıxmadı fəhləlik mövzusuna. Görünən o ki, onların duyum və təpki qabiliyyəti keyləşib.
Müəllim mövzusu illərdi səngimir ölkəmizdə. Həmişə aktualdı. Çünki Azərbaycan cəmiyyəti şüuraltı, ya şüurüstü bilir ki, onun gələcəyi təhsildən, maarifdən, dolayısıyla müəllim və ziyalı ordusundan asılıdı. Uğurlu cəmiyyətdə ziyalı daha yaxşı mərtəbədə yaşayır, yalnız tədrisi ilə məşğul olur. “Müəllimin maaşı” mövzusu da, təhsilin aşağı olması ilə bağlı qınaqlar da, seçki saxtakarı kimi suçlamalar da, elə təriflər, adına yazılan şeirlər, yazılar da buna görədi. Cəmiyyət hakimiyyətdən qorxa-qorxa, gizlincə müəlliminin, həkiminin durumu ilə ölçür ölkəsinin vəziyyətini.
Cəmiyyətin hakimiyyətdən qorxması hardan çıxdı? Həyətimizdə bütün günü ağac kimi bitən bomjdan. Manatın məzənnəsi dəyişəndə yay-qış küçəmizdə qaravul çəkən, qonum-qonşunun verdiyi qəpik-quruşla “varlanan”, kapitalizmə yoxsulluğun dibindən “auuu...” pıçıldayan o adamdan olaylara yanaşmasını öyrənmək istədim. Bunu provokasiya da adlandıra bilərsiz, yazıçı marağı da. Sözüm ağzımda qaldı. Bomj diksinib kənara atılaraq “hökümət özü bilər, mən onun işinə qarışmıram!!!” deyib şampun dağarcığı kimi anidən yoxa çıxdı. Heç nəyi olmayan adam hər şeyini itirməkdən qorxur... o an çıxardığım sonuc bu idi. K.Marks isə “bircə qolundakı zənciri qalanda üsyan edəcək insan” deyirdi.
Heç nəyi olmayan qorxursa bu məntiqlə nəyisə olan daha çox qorxar. O zaman müəllim niyə qorxmasın? Ondan daha çox maaş alan niyə qorxmasın? Ondan yuxarıdakı, osu, busu... Bu hesablamayla imkanlar artdıqca qorxu da artır. Ancaq bu artım qorxunun özü ilə deyil, sayı ilə bağlıdı. Heç nəyi olmayan adam yoxluğun faciəsini daha dərindən anlayır deyə, olan-qalanını - canını da itirməkdən qorxur. Qorxu itirəcəklərin arasında paylandıqca daha ziyansız və ağrısızdı. Qorxu sayın çox olduqca təhlükəsizsən.
Mülkünü, bank hesabını, kürsünü, maşınını, obyektini, yaxınlarını bir-bir itirdikcə vaxt keçir. Bir prosesin içində olursan, başın qarışır. Birinin yerini başqası alır, bunu itirib yerinə nəyisə qazanmaq üçün çabalayırsan. Ancaq əlindən hər şeyin çıxırsa, heç bir çaban effekt vermirsə, nəyə əl atsan alınmırsa təhlükəli olursan. Nəhayətdə bir canın var. Bu son nöqtədi. Bu daha dəhşətli qorxudu. Getdikcə insan başqalarının da onun kimi yaşadığını görür və qorxuya dayanıqlılığı yaranır, artıq qorxmur. Qorxu dozası bərabər paylandıqca insan üçün neytrallaşır, hakimiyyət üçün problemə çevrilir. Marksın dediyi baş verir.
2011-ci ildə Misirdə olduğu kimi. Nə qədər ki, qorxu dalğası ara-sıra artır-azalır, sıfıra enmir, cəmiyyətdə köklü dəyişiklik gözlənilən deyil. Bir məsələ var. Bu qorxu yayıldıqca yuxarıdan aşağıya hamını özünə yoluxdurur. Heç kimdən yan keçmir. Və bütünlükdə ölkədə dayanılmaz psixoloji gərginlik yaradır. Heç kim səmimi, sərbəst olmur. Hamı narahat, şübhəli və rol oynayırmış kimi görünür. Aşağılar yuxarıların zopasından qorxduqca, yuxarılar da aşağıların bir an içində alovlana biləcək üsyan yanğınından qorxur.
Məsələn, 2-ci Aleksandr məhz bu yanğından ehtiyat etdiyi üçün təhkimçilik hüququnu ləğv edib islahatlara başladı. Dünyanın tarixi gedişatını dərindən öyrənən rus çarı və onun əyanları anladı ki, əzdikləri təbəqənin hər an odlanıb ərşə qalxacaq üsyanından sığortalı deyillər.
Hamlet müəllim
Qorxu boğanağında açılan nəfəsliklərdən biri də mediada yayılan növbəti videomaterial oldu. Bir qadına bir neçə kişinin əl qaldırdığını görüntüləyən “süjet”dən xəbər tutan kimi cəmiyyət içini boşaltmağa başladı. Həm də ona görə ki, həmin xanımın ölkənin ən prestijli təhsil ocaqlarından birinin, təhsillə rüşvətxorluğun sərhədlərini qoruyan adam kimi qəbul etdiyimiz, çox hörmətli bir rektorun qızı olduğu deyilirdi. Demək, bir müəllim övladından söhbət gedirdi. Baxmayaraq ki, olaylar getdikdə kontroldan çıxdı, biz yenə də illərlə əzilən, aşağılanan ziyalılıq, aydınlıq kultunu ilk fürsətdə qoruma, bərpa etmə cəhdində olan media və cəmiyyət gördük. Cəmiyyətin əzilən ziyalı, öyrətmən obrazına sahiblənmək instinkti işə düşdü. Hər halda kimin qızı olması faktı həyəcanı birə-beş artırdı. Bilmək olmaz, əlindən zəncir çeynədiyi məmurlardan birinin övladı olsaydı cəmiyyət necə reaksiya verərdi. Gerçəkdən bilmək olmaz... Bəxtimiz gətirdi ki, aydın açıqlama verib videodakı qadının onun qızı olmadığını söylədi. Yoxsa, “mənim qızımdı, məhkəmə heç bir cəza tədbiri görmür” desəydi ortalıq qarışardı. İctimaiyyət ayağa qalxardı.Təki elə olsun, adamlar bu ölkənin nüfuzlu ziyalılarının övladları ilə istədikləri kimi davrana bilməsinlər. Övladlar da kimin balası olduqlarını unutmasınlar.
Hamlet İsaxanlı müəllim də olsa müəssisə rəhbəridi. Bu, onun status və imkanlarını artırır. Üstəlik, təhsil müəssisəsi olsa da, özəldi və tələbələr orda ödənişli əsaslarla oxuyurlar. Bu da işin biznes tərəfidi, bizim zamanamızda və yerimizdə heç də önəmsiz aksent deyil. Onun istənilən yaxınını qorumağa gücü çatar. Hər kəs bunu bilir. Buna baxmayaraq, azacıq haqsız sorun yaşasa cəmiyyəti dəstəyə çağıra bilər, qarşılıq görərdi. Hocamız xəbəri yaydığına görə medianı qınadı. Bütünlükdə haqsız deyil. Kimin haqqında dayanmadan o qədər material, yazı getsə, kimə xaricdə olduğu vaxt qəfldən zəng vurub “qızınızı döyüb öldürüblər” desələr ağlını itirər. Ancaq gəlin məsələyə başqa tərəfdən baxaq. Deyək ki, videodakı gerçəkdən rektorun qızıdı. Ona əl qaldırıblar, şikayət yazıb, ancaq günahkarlar cəzasını almır. Cəmiyyət də videonu izləyib üstündən dinməzcə keçir.
Heç bir tık yoxdu. Bu cür hadisəyə heç bir reaksiya göstərməyən cəmiyyətə və onun mediasına nə ad vermək olar? Vətəndaş sutkanın 24 saatı vətəndaşdı. İstədiyi vaxt vətənində güvəndə olduğunu bilmək haqqı var. Rektor qızı olmasa belə, bir zorakılıq görütüsü var ortada. Videodakı adamlar bəlkə də çox yaxşı adamlardı. Hansısa emosional partlayış baş verib belə hərəkət edib, bəlkə də sonradan peşman olublar.
İndi söz açdığım mövzu, nə ordakılar, nə o olaydı. Onların heç biri şəxsən mənə maraqlı deyil. Biz o dalğada deyilik. Nə o cür dostluqlar, nə o cür takılmalar, nə bahalı maşınlar sürən adamdöyənlər bizim maraq dairəmizdədi. Bizim üçün maraqlı olan cəmiyyət, onun sorunları, kitablar, dünya mədəniyyəti, siyasi olaylar və s - di. Mən yazıçıyam. İndiki durumda beynimi məşğul edən mövzu budu: cəmiyyət sürü kimi zorakılığın, haqsızlığın, harınlığın, cəhalətin yanından ötüb keçməlidimi? Cəmiyyət nə etməlidi?
Alman filosofu Karl Yaspersə görə dörd növ günah – suç var. Kriminal, əxlaqi, metafizik, siyasi. Bütün bunların sorumluluğu cəmiyyətin və hakimiyyətin üzərinə düşür. Kriminal suçun cəzasını mövcud hakimiyyət verir. Əxlaqi suç həm cəmiyyətin, həm də hakimiyyətin nəzarətindədi. Metafiziki suç ilahi ədalətlə ölçülür. Siyasi suç isə cəmiyyətin üzərinə düşür. Siyasi məsuliyyəti olmayan, bizim deyimimizcə “siyasətə qarışmayan” cəmiyyətdə totalitarizm, diktatura formalaşır. Bu öz-özlüyündən belə alınır, təbii prosesdi. Bu açıdan digər suçlara da cəmiyyətin münasibəti önəmlidi. Kriminal, ya digəri, sonucda hər şey cəmiyyətin başında çatlayır. Fəsadların əzabını insanlar çəkir.
Beləcə kişi arvadını öldürür, ata qızını zorlayır, kimsə dostunu döyürsə nə cəmiyyət, nə hakimiyyət göz yummalıdı. Bütün zorakılıqların, qanunsuzluqların, haqsızlıqların sakitcə baş verdiyi və hamının buna adi yanaşdığı, heç nə olmamış kimi laqeydcə necə deyirsiz “başını aşağı salıb, öz işi ilə məşğul olduğu” bir ortam gətirin göz önünə.Cəmiyyət halından çıxıb qamışlığa çevrilən bu bataqlıqda bir gün istənilən birimizin boğulmayacağına qarant varmı? Belə bir cəmiyyətdə yaşayırsızsa bu sizin və əzizlərinizin də faciəsi deyilmi? Bir gün başınıza dərd gələndə başqaları da laqeyd qalmayacaqmı? Yanğın baş verirsə hamı onu söndürməyə çalışır, içindəkilər qurtulmaq üçün çaba göstərir. Kimsə alovlanan yerin içində dayanıb öz növbəsini gözləmir. Buna görə də istənilən neqativ olaya cəmiyyətin reaksiyasına sevinmək gərəkdi.
Bu, yanğından qurtuluşdu.