|
Ramil Qafarov
Bir müddət əvvəl “Facebook”da “#bookchallenge” haştaqı ilə aksiya keçirilirdi. İnsanlar publika üçün məsləhət bildiyi 10 kitabın siyahısını hazırlayır və yazdığı statusda bir yaxud bir neçə adamın adını işarələyərək bu aksiyaya dəvət edir. Və beləcə kitab, yazıçı adları internetdə sunami kimi yayılır. Mən o siyahılarda xeyli dahiyanə kitab adı gördüm, amma o kitabları qaldıracaq adamları görmədim.
Kimlərin əsərləri yox idi orada. Albert Kamü, Corc Oruell, Selincer, Erix Mariya Remark və s. Ancaq bu müəlliflərin adını yazan aktivistin intellektual səviyyəsini müqayisə edəndə inana bilmirdin ki, o, həmin əsərləri oxuyub. Bu sayda kitab oxuyub, ömründə bircə köşə yazmayan gənclərin sayı N qədər idi. Tutaq ki, köşə yazmayıblar, ya yazdıqları statusların səviyyəsi? Eyni adamın profilində dahilərin adı ilə bayağılıq yanaşı dururdu. Belə nümunələrin sayı isə onlarla idi.
“#bookchallange” siyahılarında göstərilən kitabları ümumiləşdirsək, belə ad vermək olardı: “Qanun” və “Alatoran” nəşriyyatlarının kitab kataloqu. Əksər əsərlər son altı ilin nəşrləri idi. Məsələn, mən orada uşaqlıq dövrünün sevimli kitabını siyahıya daxil edənləri görmədim. Vardısa tək-tük.
Sanki SSRİ dağılandan sonra 15 il yoxa çıxmışdı. Bu 15 il ərzində doğulub, məktəbə gedən nəsil də. Bədii ədəbiyyatı evdəki kitab şkafında, məktəb kitabxanasında yox, “Əli və Nino” mağazasında görmüşdülər. Bu anomaliyanın da öz səbəbi var. Bu haqda bir az sonra.
Bənzər kitab siyahısı aksiyası təxminən üç il əvvəl keçirilmişdi. Əli Əkbər, Zamin Hacı, Seymur Baycan, əli qələm tutan bir neçə gənc köşə yazarı şəxsi kitab siyahılarını hazırladı. Məqsədləri ciddi idi. Təzə cücərmiş gənclərə təqdim edib, dahilər yetişdirəcəkdilər. Konveyerdən avtomobil çıxaran kimi ictimai sektordan yeni köşə yazarları çıxaracaqdılar.
Nəticə o oldu ki, heç nə çıxmadı. Həvəslənib bloq yazıları yazanlar da qələmi yerə qoydu.
Səbəb isə sadə idi. Maarifçi donuna girən kimsələr oxucuya öz zövqlərini sırımışdılar. Həmin vaxt İsa Qəmbərdən kitab siyahısı istəniləndə verməkdən imtina edib, demişdi: “Seçilmiş kitab seçilmiş qadın kimidir. Mən onu nəyə görə seçdiyimi bilirəm. Bu, bir az intim məsələdir”. Ağıllı fikirdir. Xörək kimi sən öz kitabını başqasının tabağına çəkirsən. Qarşındakı insanın nəyi həzm etməyə qadir olduğunu nəzərə almadan.
Kitab siyahısını təqdim edənlərin biri də soruşmamışdı ki, ey gənc, sən bu vaxtacan nə oxumusan? Ümumiyyətlə, dərs vəsaitindən əlavə bədii ədəbiyyat adına nəsə oxumusanmı?
Bu sualların heç biri verilməmişdi. Əvəzində hazırlıqlı oxucunun belə beyninə güc salacaq əsərlər təqdim edilmişdi. Adamlar oxucunu yetişdirəcək ədəbiyyatdan çox dahilik sindromlarını ortaya qoymuşdular. Uşaq vaxtı evinə bədii ədəbiyyat girməyən, məktəb illərində bircə ədəd macəra, fantastika janrında povest oxumayan gəncə birdə-birə Tolstoyun “Dirilməsi”ni, Kafkanın “Çevrilmə”sini oxutmaq mənəvi zorlamanın fetişist formasıdır.
Köşə yazarlarının dahilik farmazonluğu, naşirlərin populyar klassika ardınca düşməsi kitab bazarında xeyli sayda kitab alan, ancaq mütaliədən heç nə çıxara bilməyən oxucu ordusu yaratdı. Baxırsan, birinci kurs tələbəsidir, o dəqiqə qaçır Nitsşe, Kafka, Oşo oxumağa. Yaxud Əlif Şəfəq sentimentallığında əriyən gənc qızlar.
Şəxsən mən bu yaşıma çatıb fəlsəfi əsər yazan yazıçıların heç birini alıb oxumamışam. Bu yaxınlarda bir xanım dostum Nitsşenin əsərini hədiyyə etmişdi. Özümü sıxıb oxudum. Kitabdan cəmi beş-altı səlis fikir çıxara bildim. Başa düşdüm ki, Nitsşeni yaxın buraxmaq üçün gərək həyata nifrət etmiş adamın ruh halına girməlisən.
Mütaliə üçün ömrünün ən gözəl vaxtı olan uşaqlığını hədər verən gəncliyi elə də qınamıram. Onlar çox pis vaxta düşdülər. 80-lərin sonundan başlayaraq kitabsız nəsil doğulmağa başladı. O uşaqların ki, evində kitab şkafı, mütaliəli anaları vardı, onlar xilas oldular. O kimsələrin ki, evində kitabı çörək harayı əvəzlədi, müəllimləri “Playstation”, “Counter-Strike” oldu.
Bir çox adam Azərbaycanda kitab mədəniyyətinin yoxa çıxmasını SSRİ-nin dağılması ilə izah edir. SSRİ-in olmadığı Qarabağ müharibəsi illərində xeyli yeni kitab çap olunmuşdu. Ola bilsin, “92-93”də kimsə çörək tapa bilmirdi, ancaq kitab bol idi. O kitabları bu gün də Qız Qalasının altındakı Elman dayının mağazasından tapmaq olar.
Yadıma gəlir. 1994-ün yanvarında evə gələndə atam kitabsatandan Quranın tərcüməsini aldı. Quran çox simvolik gəldi. Evə alınan bədii ədəbiyyatın fatihəsi oxundu. Halbuki bunacan alınan uşaq fantastikası, nağıllar, povestlər indi də durur.
Ölkədə vəziyyət dəyişmişdi. İqtisadi böhran ilk olaraq kitabı vurmuşdu. Bundan sonra piştaxtalarda kitab adına ancaq ulduz fallarını, dualar kitabını, rus dilində düşük sevgi romanlarını görmək olardı. Vəziyyət bir də 2000-lərin sonları dəyişdi. Qəribə də olsa, bədii ədəbiyyat oxucusunun bəxti “Lotu Bəxtiyar”la açıldı.
Amma bu kitabsızlıq dövründə bütöv bir nəsil yetişdi. QHT-lərdə, prestijli şirkətlərdə işləyən xeyli gənc var ki, ictimai sektorda ciddi adam kimi tanınırlar. Amma bu gənclərin təsadüfən yazdığı bloq yazıları fəlakətdir. Söz kasadlığını, düzgün cümlə qura bilməmələrini görəndə kitabsız nəslin faciəsinə şahid olursan.
Bir gəncin kitab siyahısı var idi ki, onun səmimiyyəti qarşısında mən də təslim oldum. O siyahıda Kamü, Selincer yox idi. Əvəzində Bəxtiyar Vahabzadə, Xəlil Rza, Ramiz Rövşənin şeirlər kitabı var idi. Hətta Quran. Bax, bu gənc 90-cı illərin həqiqi yetirməsi idi.
“#bookchallenge” aksiyasına bir neçə dəvət alsam da, israrla “Facebook”da qoşulmaqdan imtina etdim. Əvəzində fərqli bir siyahı təqdim etməyə boyun oldum:
1. Azərbaycan nağılları
2. Türkmən xalq nağılları
3. Afrika nağılları
4. M.F.Axundov “Aldanmış kəvakib”
5. Əli Səmədli “Generalın uşaqlığı”
6. Yanuş Korçak “Kral Birinci Matiuş”
7. Harriyet Biçer-Stou “Tom dayının daxması”
8. Mark Tven “Tom Soyerin macəraları”
9. Tolstoyun uşaqlar üçün hekayə və nağılları
10. Mirvarid Dilbazinin uşaqlar üçün şeirləri
11. Jül Vern “Kapitan Qrantın uşaqları”
Bəli, hörmətli oxucu, bunlar hamısı uşaq ədəbiyyatıdır. Yazmağı da, söz ehtiyatı toplamağı da bunlarla öyrənirlər. Siyahını uzatmaq olar. Bu siyahıya uşaqlıq dövrünün beşcə kitabını əlavə edə bilmisənsə, deməli, heç kəsin kitab siyahısına ehtiyacın yoxdur. Hazırlıqlı oxucu kimi zövqünə uyğun kitabı özün seçəcəksən. Kitab mağazası rəfindən götürdüyün yeni nəşrdən bir neçə abzas oxumaqla.