Elşən Musayev

Deməli belə. Təxminən 6 – 7 ayın söhbətidir. Anasının ölüm xəbərini eşidər - eşitməz tez qaçmışam tanışımgilə. Guya təsəlli vermək üçün. Təsəvvür edin, ev dağınıq... qohum - əqrəba artıq dil deyib, ayaq göyərdir, aləm dəyib bir - birinə, amma Famil (mərhumənin oğlu - ad şərtidir) ortalıqda yoxdur. Özüdə adam belə kritik məkanlara (yas yerinə, ağır xəstə yanına filan) getmədən öncə analoji reaksiyalara köklənir axı – gedəcəm, qucaqlayacam, təskinlik verəcəm, özümü toparlayacam ki, məni görüb kövrəlməsin və s bu kimi şeylər - ona da özümü hazırlamışam. Amma Famil hələ də yoxdur ki yoxdur. Qalmışam vay - şüvənin içində. Əlqərəz, aradan 15 dəqiqə keçir və budur – Famil. Gəldi. Hövlanəkdir, çaşqındır. Elə ağzımı açıb başsağlığı ilə söhbətə girmək istəyirəm ki, adam qəfildən dillənir: “Elşən, ay Elşən, nə yaxşı burdasan. Qoy unutmadan bir - iki şey soruşum. Sən bilərsən... o qara şüşəli Merseders raflar olur e, deyəsən əsas da “Göy Məscid” – in qabağında dururlar. Hardan tapa bilərəm onları? Deyirlər, ən bərk gedən meyit maşınları onlardı. Hə..., bir də buta naxışlı tabutlar (gözümə də sanki nəyisə təsdiqləyibmiş kimi baxıb: “adi yox ha, əl işi olan buta naxışlar ” - əlavəsini edir) Onlardan da sifariş verməliyik. Ayrıca, uşaqlar deyir, Mərdəkanda bomba bir molla var,” instrument”iynən – zadıynan (?) gəlir – 3-4 kalonka, “usilitel”, mikrofon - filan. Onu da “zakaz” eləmişəm. Ardınca da dərindən ah çəkib: “Oy daa, bir dənə bütün işlər full getsin, bir dənə hər şey zor olsun, mamaya axırıncı borcumu verib qurtarım e” – dedi...

 İnanın, matım - mutum qurumuşdu. Adam sözün əsl anlamında ana itkisi, yas havasından çıxıb dəbdəbə, “risovkalıq” havasına girmişdi. Hətta vallah, bir anlıq qardaşa: “butanı neynirsən, adam tapaq tabutu “svarovskı” qaşlarla bəzəsin”, ya da “Ağ çiçəyim”ə zəng edək, 101 gül bağlayıb üstünə də – “mama, ölümün mübarək!” – yazsınlar”, hətta “qiymət babat olsa deyək, aşı məclisə rəqqasə Məryəm gətirsin” – kimi məsləhətlər vermək istədim...

Ta nə deyim? Beləsinə deyiləcək başqa sözmü var?

Hələ bu yaxınlarda bir başqa hüzr mərasimindəyəm. Təsəvvür edin, meyvələri masaya dekorla qoyublar. Məsələn, bananın üzərinə göz, burun şəkli çəkilib. Apelsin, mandarın və digər sitrus meyvələr isə restoran formatında yarıya qədər soyulub. Üstəgəl “borodino”- dan tutmuş kəpəkli çörəyə qədər – ortalıqda hər şey var. İnandırım sizi, bir anlıq gözüm çadırın tavanını – filan gəzdi, birdən mərhumun ölüm günü yazılan yekə şar – filan olar, görməzdən keçərəm. Hətta istədim ətrafda oturanlarla maraqlanım - növbəti etapda kloun - zad olacaqsa, gedib evdən uşağı da götürüb gəlim. Bir az əylənsin. Ya da axşam saatlarında məclis boyunca Röyanın, Ədalətin, Brilliantın şou proqramı gözlənilirsə  uzaq getməyim. Onsuzda axşama bir iş yoxdur, bekarçılıqdır...

Bu millət neyniyir alə? Bu millət hara gedir alə?!...   

Hər şeyimiz saxtadır. Canım üçün, hər şeyimiz! Bəzən rayonlardan, bölgələrdən danışanda çoxları özünə əl qatır. Amma vallah ki, billah ki yaslarımızla də, toylarımızla da bağlı bütün saxta ritualların əsası elə məhz əyalətlərdə qoyulur...

Sadə misallar çəkim: Məsələn:

Siz rayon yerində yaşayan elə bir gəlin tanıyırsızmı ki, tutaq qaynatası öləndə hönkür - hönkür ağlamaya (ağlaya yox ha - ağlamaya!) – bilsin? Mümkündürmü bu? Əsla! Qaynana onu darmadağın edər. Qaynana da sakit dursa əhli -aləm. Ağlamalıdır! 

Güclə, zorla, məcburən – fərq eləməz, bu variantlardan birini seçib ağlamalıdır! Amma, mütləq ağlamalıdır!

Ya da anasının yasında hansısa qız övladı? Ağlamaya bilər? Bilər e... amma onu sonra az qala bölgədən deportasiya edərlər. 

Deyilmi?  Ki, övlad olan bəndə gözündən bir damla yaş çıxarmadı...

Oysa, o qədər insan var, ağlarkən içində ağlayır, dərdini kənara sızdırmayıb ağlayır, gizlin - gizlin ağlayır...

Bunu da mənə Azərbaycanın qərb bölgəsindən olan bir dostum nəql edib. Deyir, Elşən təsəvvür elə, nənəm rəhmətə gedib və böyük bibim bütün qız nəvələrə sanki tədbir öncəsi treninq keçirmiş kimi tapşırır ki: “Baxın, molla axırıncı duanı oxuyub qurtardı və tabut qəbiristanlığa getmək üçün yuxarı qalxdı ha... həmin an hamınız yapışırsız nənənin ayaqlarından və eyni sözləri deyirsiz: ”Yoooox, qoymarıq səni getməyə, nənə. Buraxma bizi. Biz sənsiz yaşaya bilmərik...” Və bütün bunları deyib, ardınca bərabər, ucadan hönkürürsüz...”

Kimə lazımdır bu artistlik? Hə?!  

Ya da bütün məmləkət boyu yayılan “spes” ağı deyənlər. Kimdir onlar? Nə üçündür onlar? Nə işə baxır onlar?...

Ay balam, dünyanın hər yerində insanlar yasa ona görə gəlirlər ki, ilk öncə dərd yiyəsinin könlünü alsınlar, ona təskinlik versinlər. 

Amma bizdə tam tərsidir. Hamı məclisə ağlamaq, ağlatmaq, vəziyyəti daha da gərginləşdirmək, dərinləşdirmək  üçün gəlir. Bu ritualın, prosedurun zirvəsi isə həmin ağı deyənlərdir.. Və ya təsəvvür edin, bir qadının iraq evlərdən əri ölüb və ağı ustası bu münasibətlə çadırda qışqırır: “Ay yazıq, ay fağır, sənin belin qırıldı... dayağın getdi, balaların yetim qaldı....

Adamın onsuzda beli qırılıb da. Gərək onu bir də sən onurğasından baltalayasan?

Bizdə kiminsə cavan əri öldüsə, vəssalam!. Məclis bitər -  bitməz bütün qohum - əqrəbanın ilk işi həmin qadını güdmək, nəzarətə götürmək olur. Sanki mental, qeyri – rəsmi missiyaymış  kimi. Öz də bir gün, bir ay, bir il yox – bütün ömrü boyu. Adam saçına nə vaxt boya, dırnağına nə vaxt lak qoyacaq, qaşlarını nə vaxt alacaq, üzünə nə vaxt makiyaj çəkəcək - deyə... Əlqərəz, ölü yiyəsinin əsas dərdi qalır bir kənarda, bir də özünü bu “nablyudatelniy punkt”lardan qorumalı, hifz eləməli olur...

Oysa, yazıq deyilmi adama? İnsanlara qarşı bu cür münasibət, bu cür təzyiq mənəvi işgəncə deyilmi əslində?

Dünən xarici TV-lərdən birinə baxıram. Demək, bir taylandlı manyakı həbs ediblər. Səs-küylü də məhkəmə prosesi gedir. Yalnızca ani epizod yadımda qalıb..., adam ifadəsində deyir ki: “Bir gün narkotikin dozasından elə həddə gəldim, 20 il bundan öncə vəfat edən dayımı qəbirdən çıxararaq onunla selfi çəkdirdim....”

Əvvəl bir xeyli güldüm. Amma aradan müddət keçincə düşündüm - mən nəyə gülürəm? Mən kimə gülürəm? Guya biz ölülərimizlə dahamı ehtiramla davranırıq, onlara dahamı çox hörmət qoyuruq?

Və ya, görəsən dünyanın hansı məmləkətində dumbul çalana heykəl qoyulur, insanlar bir-biri ilə qəbir daşı, baş daşı bəhsi edir?  

Görəsən, dünyanın hansı məkanında “peredozirovka” ilə reanimasiyaya düşən ya da kənarda arağı “çappa” ilə içən, saat 9-dan sonra isə otelə xanım xalq artisti ilə girib, əylənən mollaya rast gəlinir? Və nəhayət, görəsən dünyanın hansı nöqtəsində canından can gedən, doğmasını, əzizini itirən insan - saxtalığından, oyunbazlığından, riyakarlığından yenə də qalmır, qala bilmir?   

P.S. Selfi çəkməklə - ölünü gorbagor edib, ruhuna dağ çəkmək arasında çoxmu fərq var?!

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 İmam Hüseyn cəsarəti, İmam Museyi Kazım dəyanəti – TOFİQ YAQUBLU DAVASI

10 Mart 2020 “Kimlə gəldi, necə gəldi…” azadlığı

08 Yan 2018 Elan edilən "Cümhuriyyət maketi"

13 Noy 2016 Əzilmiş kağız parçası

27 Okt 2016 Əcəm qızı-hekayə

18 Okt 2016 Mən kiməm və ya sehrli çubuğun nağılı - E s s e

29 Sent 2016 TƏLƏBƏ QIZ -HEKAYƏ

27 Sent 2016 Kirayələnmiş fahişə

23 Sent 2016 Referendum, biz, iqtidar və taleyimiz

21 Sent 2016 Rəhbərin qayıdışı- hekayə

19 Sent 2016 Qanlı ehtiras -HEKAYƏ

07 Sent 2016 Azərbaycanda mövcüd şəraitdə yaşamaq intihara yol açır

06 Sent 2016 Azərbaycan “özbəkistanlaşır”

06 Sent 2016 Tehranda bir gecə...

21 Avq 2016 Gülənin narkotik əvəzləyici kitabları

18 Avq 2016 Qırıq Kamança - HEKAYƏ

10 Avq 2016 TƏNDİR ÇÖRƏYİ

10 Avq 2016 Türkiyədə xalqı meydanlara çıxaran Ərdoğan sevgisi deyildir

09 Avq 2016 Ərdoğanı nə gözləyir?

04 Avq 2016 Ana öyüdü

03 Avq 2016 Qurbanovun səhvi, yoxsa bəlanın “müjdə”si?

22 İyul 2016 Qatilin son arzusu – Hekayə

19 İyul 2016 Şərəfli savaş, yoxsa Ərdoğanın məkrli tamaşası?

14 İyul 2016 ELAT bayramına toxunmaq olmaz!

07 İyul 2016 Ərdoğan Putindən niyə üzr istədi?

06 İyul 2016 Qadın olmaq... – Hekayə

27 İyun 2016 Heykəl fərqi...

24 İyun 2016 Elçibəy – Ümummilli birliyin simgəsi

18 İyun 2016 Yenə naftalin iyi verənlər düşüblər ortalığa

17 İyun 2016 Qaranlıqdan gələn adam və ya İblisin kölgəsi - hekayə

Xəbər lenti