|
Xanəmir
Ey şeirin şərafərini şəhadətə şərik edənlər…
Şəriət bilgini Molla Qasım bir çayın sahilində oturur və şeirləri oxuyaraq dəyərləndirməyə başlar.1000 şeir oxuyur və bunları şəriətə qarşı olduğunu görür, bunları yandırar. 1000 şeir də oxuyur. Onları da eyni qayda ilə şəriətə qarşı gördüyündən yenə yandırar. Üçüncü min şeirin birinci şeirində özünün bu mərhəmətsiz hərəkətinə qarşı olan bir şeirlə qarşılaşır. Bu səfər xətasını başa düşər və beləliklə geridə min şeir qalmış olur. Bax, Yunusun olan, insanların oxuduğu şeirlər bu şeirlərdir. Ancaq yandığı üçün duman olub havaya qarışan, suya atıldığından balıqlara yem olan şeirlər üçün heyfsilənməyə ehtiyac yoxdur. Çünki bu şeirləri də quşlar və balıqlar əzbərləmişdir. Qalan min şeiri insanlar necə oxuyursa, yandırılan min şeiri göydə quşlar, sulara atılan min şeiri isə suda balıqlar boyuna oxumaqlarındadır.
**
Bu ibrətamiz hadisə qəribə hisslər, düşüncələr oyadır. Yunus Əmrənin yaradıcılığına bütövlükdə bələd olanlar bilir ki, yer üzünün tək-tük şair deyə biləcəyimiz bu mənəviyyat bilgini şairliyin ötəsində bir vasfa sahib insan olub. Gerçək irfani əxlaqı şeirə gətirən, irfan anlayışını, dünyagörüşünü poetikləşdirib ritmləşdirən bu azaman sənətkar, əsrlər keçməsinə baxmayaraq, yazılarının sanki bu gün yazdığının duyğusuna qapılırsan. Şeirlərində elə bir dil seçimiylə qarşılaşırsan ki, bu sözlərin, ibarələrin, birləşmələrin, misraların hər birinin orbitindən çıxmaq iqtidarında olmadığına iman gətirirsən. Sizcə bu Yunus Əmrəni böyük və mükəmməl edən nədir, hansı xüsusiyyətləridir ki, aradan bu qədər zaman dilimi keçməsinə baxmayaraq, onun hər hansı sözünə, sətrinə müraciət etdiyində ruhun dəbərir, şüurun oyanır. Yunus Əmrə şeirləri gerçək oxucusunu qiyamətə hazırlayır, məhşərə yönəldir. Bu şeirlərin zatında şəxsin istəkləri, fərdin duyğu və düşüncələri deyil, Allahın sevgisinin, Allahın qorxusunun bir başa üzərində təcəlla elədiyi duyğu və hisslərin, düşüncə və anlayışların səmimiliyini görürük. Bəlkə də, yuxarıda anlatdığım olay, heç də dəqiq və gerçək bir hadisə deyildir. Ola bilər. Sizcə belə hadisələri niyə başqa şair və yazarların barəsində danışmırlar. Yunus Əmrənin həyatını ətraflı, təfsilatıyla anlatmış olsaydım, şahidi olardınız ki, bu şair necə bir ixlasa, necə bir eşqə tutulmuş birisi olmuşdur. Onun hər bir şeirinin bir misrasına bütün Avropa ədəbiyyatını yığmaq mümkündür. Bəlkə də, sözmə gülüb, lağ edən tapılar, ancaq, söhbət ciddi ədəbiyyatdan, əsl ədəbiyyatdan getdiyi zaman, Y.Əmrə yaradıcılığının özəlliyi ilə tanış olanlar, bu şeirlərdəki energetik axının insanın varlığından qalxıb hansı kosmik dalğalarla bağlı olduğumuz ötə aləmlərlə təmasına, bu təmasdakı heyrətamizliyə “eyvallah” deyə bilərlər. Şeirdəki şüur axınına fikir verin: .. Biz dünyadan gedər olduq, qalanlara salam olsun, Bizim üçün xeyir-dua qılanlara salam olsun..., yaxud, Namaz üçün üstümüzə duranlara salam olsun... yaxud, Bir mən vardı məndə məndən içəri...yaxud,.. Bir çiçəyə salam verdim... bax, indi gəldik yuxarıdakı şeiri yandırmaq və suya axıtmaq məsələsinin mahiyyətinə. Əvvəlcədən inandırıcı deyil hadisənin əsli. Ancaq, təsəvvür edəndə ki, Yunus kimi şairlərin məqsədi şeir yazmaq, xalq şairi olmaq, orden-medal almaq, şeirlərinin dillərə düşüb mahnılar bəstələnməsinə səbəb olmaq kimi bir istəyi olmayıb, o zaman iş dəyişir. Anlaşılır ki, o bir Allah dostudur, o, ozandır, o, gerçək dərvişdir. Bu şeirlərin müəllifi nəfsini öldürmüş, özünü o dünya üçün hazırlamış birisidir. O zaman onun yazdığı şeirlərdən 1000-nin sulara qarışıb balıqların oxumasını, 1000-nin isə yandırılıb havaya dağıdılması və quşların əzbərinə keçməsi daha çox iman əhli, ixlas sahibləri üçün aydınlaşır. Çiçəyə, quşa salam vermək şüuruna sahib bir Allah dostunun əxlaqı onun sözünə, ritminə, şeirlərinə, şeirlərindəki mənaya, hikmətə keçmişdir. Bu metafizik və İlahi əxlaqın sözə, ritmə, şeirə keçməsi, o şeirləri istər-istəməz balıqların da, quşların da, yaşıllıqların da oxucusuna çevirəcəkdir.
**
Bir sual çıxır ortaya:- sizcə göydə uçan quşların, suda üzən balıqların, yaxud bitkilərin hər hansı bir şeirə, sözə, misraya ehtiyacı vardırmı? Varsa, bunun kökündə bir səbəb durması gərəkir! Unutmaq lazım deyil ki, Allah bütün aləmləri bir “OL” kəlməsiylə yaratdı. Belə düşüncəyə iman gətirəndə, məlum olur ki, işlətdiyimiz bütün sözlərin, kəlmələrin tərkibində, mahiyyətində “ol” sözü durur, “ol” sözü gizlidir, bəlkə də, Yaradanın həm də ən açılmaz sirri kimi qalıb, inzivaya çəkilib. Bu baxımdan İlahi dərki, İlahi şüur axınını şeirləriylə yaxalayan Yunusun mətnlərində də o “ol” kəlməsiylə yaranan balıqların, quşların oxumaması ( məna aləmini anlayanlar bilir ki) gülməli görünərdi. Yəni “Yunusun şeirlərini dağ, daş, balıqlar, quşlar oxumasaydı”, şüuruna sahib olsaydıq, o zaman bizim iman və şüurumuzun zədəli olması haqqında qənaətlər hasil olacaqdı. Balıqların və quşların... şeirə ehtiyacının olub-olmaması da ayrı bir mövzu olsa da, qısa cavab vermək istərdim.
Quşların və balıqların şeirdən, sözdən, hikmətdən uzaq qalması balıqların və quşların varlığını yox etməz, amma onların varlığına əskiklik gətirə biləcəyinə inanıram. Buna görə də Yaradan yaratdıqlarını bütöv yaratdığı kimi, onları da bütöv görmək istəyir. Onların bütövlüyü İlahi hikmət və mahiyyəti sözlə, mənayla mənimsəməsiylə mümkündür.
Dərin dəryaların dibində üzən bir balıq üçün “şeirin nə mahiyyəti ola bilər ki”, sualı da təbiidir!! Söhbət hansı şeirdən, hansı ruhlu, əxlaqlı şeirdən gedir, bu bir. Ikincisi, sən insan oğlu olaraq bu hikmət, sirr dünyasıyla məşğul olmadığını görüb, balıqların və quşların o şeiri sənin boşluğunda yazacağına inanıram.
Digər bir xüsus isə, quşların da, balıqların da... bir yaradılış fitrəti vardır. Bu yaradılış çəmbərinin içərisində öz yeri olan insanın və onun nəfəsindən, ruhundan çıxardığı sözlərin eyni dairə içərisində paylaşılmaması, yerin-göyün bütün xüsusiyyətlərini itirməsiylə bizi üz-üzə qoya bilərdi.