|
Səudiyyə Ərəbistanının dövlət neft şirkəti olan "Saudi Aramco" neftin qiymətini Avropa üçün azaldıb, ABŞ üçün isə artırıb.
"Report" xəbər verir ki, bu barədə tədarükçünün müştərilərinin elektron məktublarına istinadən "Wall Street Journal" məlumat yayıb.
Səudiyyə nefti Şimal-Qərbi Avropa üçün bir barelə görə 35 sent, Aralıq dənizi regionu üçün 10 sent ucuzlaşdırılıb. Birləşmiş Ştatlar üçün neftin bir barelinin qiyməti 10 sent, Uzaq Şərq ölkələri üçün isə 35 sent bahalaşdırılıb.
Qəzet qeyd edir ki, adətən ilin ikinci yarısında neftin qiyməti qalxır. Nəşr onun Səudiyyə Ərəbistanı tərəfindən bir sıra dövlətlər üçün endirilməsini fevralda Avropaya neft nəqlini bərpa edən İranla rəqabət aparmaq zərurəti ilə əlaqələndirir. İranın Avropa ölkələrinə neft ixracı artıq gündə 400 min barelə çatıb.