|
Mayın 19-da maliyyə naziri Samir Şərifov Beynəlxalq Valyuta Fondunun Mohammed Əl-Qorçinin rəhbərlik etdiyi məsləhətləşmələr missiyasını qəbul edib.
Bu haqda Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat verir.
Nazirlikdən Trend-ə isə bildiriblər ki, görüşdə əsas müzakirə mövzusu ölkədəki iqtisadi gəlişmələr olub. Tərəflərin ölkənin makroiqtisadi, fiskal və bank sektorundakı vəziyyəti, büdcə parametrlərini müzakirə etdiyi bildirilir.
“Xarici iqtisadi şokların ölkə iqtisadiyyatına mənfi təsirlərinin neytrallaşdırılması ilə bağlı hökumət tərəfindən atılan addımlar da müzakirə olunub” - deyə nazirlikdən bildiriblər.
BVF missiyasının səfər zamanı ölkənin əsas iqtisadi qurumları ilə görüşlər keçirməsi də nəzərdə tutulur.
Rəsmi Bakı 7 il əvvəl Beynəlxalq Valyuta Fondu ilə münasibətləri dayandırmışdı - qurumun Azərbaycan paytaxtındakı ofisi bağlanmışdı. Həmin addım «tərəflər arasında maliyyə proqramlarının olmaması və xərcləri azaltmaq zərurəti» ilə əsaslandırılmışdı.
Artıq bir neçə aydır ki, durum dəyişməkdədir. Ekspertlərin fikrincə, neft pulları hesabına gəlirləri artan Azərbaycan hökuməti «qara qızıl» və milli manat dəyərsizləşəndən sonra BVF kreditlərinə ehtiyac duyduğunun siqnalını verməkdə idi.
3 ay əvvəl «The Financial Times» qəzeti yenidən BVF-yə üz tutan Azərbaycanın həmin qurum və Dünya Bankından (DB) 4 milyard dollarlıq təcili yardım paketi istədiyini yazmışdı.
Hazırkı görüşlərin sözügedən yardım paketi ilə bağlı olduğunu bəzi ekspertlər istisna etmirlər.
Azərbaycan BVF ilə əməkdaşlığa 1992-ci ildən başlayıb. Əməkdaşlıq dönəmində həmin fonddan 363 milyon dollar kredit alıb. Bunun 248 milyon dolları güzəştli kredit olub. Bu kreditlər iqtisadi islahatlar aparılması öhdəliyi və müxtəlif proqramlar çərçivəsində ayrılıb. Sonuncu kredit 2005-ci ildə verilib. Azərbaycan o vaxtdan bəri maliyyə durumunun möhkəmliyini əsas gətirərək kredit götürməyib. Yalnız fondun texniki yardımı ilə razılaşıb.