|
Cari ilin yanvar-mart ayları ərzində Azərbaycan dövlət büdcəsinin icrasında 1 054,6 mln. manat məbləğində profisit yarandığından Dövlət Neft Fondundan (ARDNF) büdcəyə transfertin həcmi II rübdə azala bilər.
Report xəbər verir ki, I rübdə ARDNF tərəfindən dövlət büdcəsinə 1 660,0 mln. manat vəsait transfert edilib. Ümumiyyətlə, 2016-cı ildə Fonddan dövlət büdcəsinə 7 615 mln. manatın transferti planlaşdırılır. Qeyd edək ki, ARDNF ilk rübdə Azərbaycan Mərkəzi Bankının (AMB) müntəzəm keçirdiyi valyuta hərraclarında 1 253,6 mln. ABŞ dolları həcmində valyuta kütləsini manata konvertasiya edib. Hesabat dövründə ABŞ dollarının orta rəsmi məzənnəsinin 1,58 AZN/USD ətrafında olduğunu nəzərə alsaq, ARDNF-nin bu hərracların yekununda 1 980 mln. manat vəsait əldə etdiyini, bunun da 1 660 mln. manatını büdcəyə transfert etdiyini görərik. Nəticədə, ARDNF-də milli valyutada 300 mln. manata yaxın əlavə vəsaitin olduğu müəyyənləşir.