|
İqtisadçı-alim Qubad İbadoğlu bildirib ki, Mərkəzi Bankın son siyasəti yalnız bazarda panikanın aradan qaldırılmasına yönəlib.
Teleqraf.az-ın məlumatına görə, Q.İbadoğlu bu barədə facebook sosial şəbəkəsində status yazıb:
"Bu məqsədlə Azərbaycan manatının rəsmi məzənnəsi son 10 gündə 2 qəpik bahalaşdırılıb.
Mərkəzi Bank manatın məzənnəsini inzibatı yolla tənzimləmə siyasətində son 10 gündə etdiyi dəyişiklik qısa müddətli dövrdə manatın xeyrinə olsa da bütövlükdə bazar münasibətlərinin ziyanınadır. Məqsədi panikanın aradan qaldırılması olan bu siyasətlə heç vaxt hədəfə çatmaq mümkün deyil. Çünki nə qədər ki, iqtisadiyyatda böhran simtompları və pisləşən trendlər var, bir o qədər də bazarlarda panikalar müşahidə olunacaq. Bu milli valyutası sürətlə dəyərsizləşən, xüsusilə də tez-tez böyük faizlərlə devalvasiya ilə qarşılaşan ölkələrin əhalisi üçün həsas və xarakterikdir. Odur ki, yanvarın 25-dən başlayaraq davamlı olaraq manatın məzənnəsini ABŞ dollarına nisbətdə bahalaşdıran Mərkəzi Bankın yeni siyasətinin arxasında iqtisadi məntiq yoxdur. Buna baxmayaraq, yenə də valyuta bazarında starteji ehtiyatlar "küləyə sovrulur və hərbi dildə ifadə etsək sonuncu güllələr havaya atılır".
Manatın məzənnəsini bir və ya bir neçə gün əvvəldən elan etməklə yanaşı, daxili bazarda valyuta satışını məhdudlaşdıran Mərkəzi Bankın başqa bir yanaşması məntiqsiz və sistemsiz siyasətin tərkib hissəsidir. Diqqət edin, 21 dekabr devalvasiyasindan dərhal sonra açıqlama verən Mərkəzi Bank sədri qeyd edirdi ki, "bu gün biz ilk auksionumuzu təşkil etdik. Biz həmçinin məzənnənin əməliyyat çərçivəsini dəyişdik".
İqtisadçı-alim daha sonra qeyd edib ki, bundan öncə biz bazarın valyutaya olan tələbini tam ödəyirdik, lakin bundan sonra biz artıq bazara auksionlar vasitəsilə valyuta təklif edəcəyik, tələb-təklif proporsiyasına nəzər salacağıq: "Görəsən, bir və ya bir neçə gün əvvəldən məzənnənin müəyyənləşdirən Mərkəzi Bank tələb-təklif proporsiyasına əvvəlcədən necə nəzər salır? Olmaya Mərkəzi Bank da falçılıqla məşğuldur, öncədən görmə qabliyyətinə malikdir, yoxsa sabahkı məzənnəni bu gün necə bilmək olar ki?
Dəfələrlə qeyd etsək də yenə təkrarlamaq məcburiyyətindəyik, manatın sabitləşməsi və ona etimadın bərpa olunması üçün yeganə yol onun digər valyutalara nəzərən gerçək məzənnəsinin müəyyənləşdirilməsindən asılıdır. Bu isə yalnız valyuta bazarının liberallaşmasından və manatın məzənnəsinin tələb-təklif əsasında real həraclar vasitəsilə təyin edilməsi ilə mümkündür. Onu da xatırlatmaq istərdim, nə qədər ki, manatın gerçək məzənnəsi bəlli deyil, bir o qədər də manata inam bərpa olunmayacaq və panikalar bazarlarda aparıcı rol oynayacaq. Eyni zamanda gerçək məzənnə bilinməyincə ölkədə sabit maliyyə və mötəbər bank sistemi formalaşmayacaq, investisiya və işgüzar fəallıq aşağı düşəcək. Bütün bunlar isə iqtisadi böhrandan çıxışa deyil, onun dərinləşməsinə xidmət edəcək".