|
Dünya neft bazarlarında qara qızılın qiyməti ötən günün ilk yarısında 28 dollardan aşağı düşsə də, ticarət sessiyasının sonunda qismən özünə gəlib.
"Brent" markalı neft günün ikinci yarısında 28.86 dollara qalxıb. ABŞ xam neftinin qiyməti isə 29.65 dollara yüksəlib.
OPEK bazardakı turbulentliyə baxmayaraq, ilin sonuna kimi neft qiymətlərinin artacağını proqnozlaşdırır. Təşkilatın yanvar hesabatında deyilir ki, qarşıdakı 6 ay ərzində OPEK üzvü olmayan neft ölkələri neftin ucuzlaşmasına görə hasilatı dayandıracaq və bu bahalaşmaya təkan vermiş olacaq. Habelə, investorlar Qərbin İrana qarşı sansksiyaları aradan qaldırmasından sonra onsuzda neftlə “qaynayan” bazarda, tələbə nisbətdə təklifin həddən artıq artımı ilə, ucuzlaşmanın daha güclənəcəyindən qorxur.
ABŞ Energetika Məlumat Agentliyinə əsasən, İran dünyanın ən çox neft ehtiyatları olan 4-cü ölkəsi sayılır. Analitiklərə görə sanksiyaların ləğvini uzun müddət səbirsizliklə gözləyən İran, bazara külli miqdarda neft çıxarmağı planlaşdırır. İranın neft nazirinin müavini Röknəddin Cavadi ölkəsinin günə əlavə 500 min barel neft istehsal etmək potensialına malik olduğunu bildirmişdi. Neftin ucuzlaşmasına təsir göstərən digər amillər Çində və Avropada iqtisadi artım tempinin azalmasıdır.