|
Ekspert: “Çalışacaqlar ki, problemi kökündən və birdəfəlik həll etsinlər, amma...”
Vətəndaşın borcunun onun gəlirinin yalnız özünün və himayəsində olan şəxslərin yaşayış minimumundan artıq qalan hissəsindən tutula bilməsi haqda ekspert fikirləri geniş müzakirəyə səbəb olub. Ekspert Əkrəm Həsənovun sözlərinə görə, bankların məsələ ilə bağlı cavabı hüquqi deyil, ənənəvidir:“Konkret bu hal üçün heç bir hüquq normasına istinad etmədən dedilər ki, ”icbari ödəniş" yalnız onlara sərf edən məsələləri əhatə edir. Bankların mövqeyi absurddur. Mərkəzi Bankın “Banklarda kreditlərin verilməsi Qaydaları” var. Həmin Qaydaların 4.1.8-ci bəndində deyilir: “Bankdaxili qaydalarda borcalanların krediti qaytarmaq qabiliyyətini müəyyənləşdirmək məqsədi ilə həm kreditlər verilməzdən əvvəl, həm də kreditlər verildikdən sonra maliyyə hesabatlarının təqdim edilməsi tələbi müəyyən olunmalıdır...
Fiziki şəxslər üçün maliyyə hesabatları qismində əmək haqqı və ya rəsmi qaydada təsdiq edilmiş fiziki şəxsin digər mənbələrdən aldığı gəlir barədə arayış tələb olunmalıdır”. Qısası budur: bank vətəndaşa kredit verəndə onun krediti qaytara bilməsini qiymətləndirmək üçün gəlirini təsdiq edən rəsmi sənəd tələb etməlidir. “Yaşayış minimumu haqqında” Qanun vətəndaşın aylıq dolanışığı üçün tələb olunan məbləği müəyyən edir. Deməli, vətəndaşın krediti qaytara bilməsi üçün gəliri həmin məbləğdən çox olmalıdır. Lakin banklar krediti verərkən əksər hallarda buna göz yumub. Yəni vətəndaşın banka təqdim etdiyi əmək haqqı arayışından açıq-aşkar görünüb ki, özünün və himayəsində olan şəxslərin yaşayış minimumunun təmin edilməsi şərti ilə krediti ödəməsi qeyri-mümkündür. Buna baxmayaraq, bank krediti verib. Burada iki haldan biridir. Birinci hal odur ki, banklar “Yaşayış minimumu haqqında” Qanunu qəbul etmiş prezidenti və Milli Məclisi yalançı hesab edir. Yəni dövlət deyir ki, vətəndaşın aylıq dolanışığı üçün filan qədər məbləğ zəruridir, banklar isə etiraz edir ki, xeyr, bu, həqiqətə uyğun deyil və vətəndaşlara həmin məbləğ lazım deyil. İkinci hal isə odur ki, banklar vətəndaşların yaşayış minimumu tələbini qəbul edir, lakin Mərkəzi Bankla hesablaşmır. Yəni qaydaların tələbini kobud şəkildə pozaraq vətəndaşın krediti qaytara bilməsi qabiliyyətsizliyini nəzərə almır. Bilmirəm, hansı bankda bu iki haldan hansısı mövcuddur. Təkcə onu bilirəm ki, hər birinə görə banklar cəzalanmalıdır, ən yaxşı halda kreditin batması ilə".
Ekspert həmçinin qeyd edib ki, borclu vətəndaşlar şikayət etməlidirlər: “Banklar deyir ki, borclu vətəndaş və onun ailəsi acından ölsə belə, onun maaşının 50 faizi tutulmalıdır. Tutaq ki, ailədə ər, arvad və üç uşaq var. Yalnız ər işləyir. Əmək haqqı da 400 manatdır. Banka 10000 borcu var. Onun 200 manatı tutulmalıdır? Banklar deyir ki, bəli. Mən isə deyirəm ki, yox, çünki əmək haqqı ailəsinin yaşayış minimumunu təmin etmir. Buna görə də həmin borclu vətəndaşa tövsiyə edirəm ki, prezidentə, Milli Məclisə, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə, Ombudsmana və nəhayət, məhkəməyə müraciət etsin ki, əmək haqqına dəyməsinlər, ailəsini dolandıra bilsin. Konstitusiya Məhkəməsinin may qərarını xatırlayaraq, istisna etmirəm ki, banklar yenə də məsələni tez-bazar Konstitusiya Məhkəməsinə çıxaracaq ki, problemi kökündən və birdəfəlik həll etsinlər. Konstitsuiya Məhkəməsi də yəqin yenə də bankların ”batarıq, çökərik, ölərik" çağırışlarına biganə qala bilməyib onların xeyrinə qərar verəcək. Mayda da məhkəmə bankların təzyiqi altında konstitusiyaya zidd olaraq dollar kreditlərinin qanuni hesab edilməsi haqqında qərar vermişdi. Amma banklar tələsməsin. Çünki necə ki, konstitusiyanın may qərarı banklara heç nə vermədi, əhali onsuz da kreditləri ödəmir, bu qərar da heç nə verməyəcək. Bu qərar sadəcə vətəndaşları qeyri-rəsmi işləməyə təhrik edəcək ki, təki gəliri banka çatmasın. Vətəndaşın başqa yolu da var: dost-tanışı ilə fiktiv borc müqaviləsi bağlayar, onlar da verər onu məhkəməyə və udar. Bu halda vətəndaşın maaşının yarısı bankla həmin şəxslər arasında bölünər və banka yenə az pul çatar. Nəhayət, ən pis halda vətəndaş sadəcə boşanacaq. Ona görə ki, bankların sevdiyi “İcra haqqında” Qanunun 75-ci maddəsinə əsasən bu halda uşaqlarına ödəməli olduğu aliment ondan birinci növbədə tutulmalı olacaq və banka heç nə, yaxud cüzi məbləğ çatacaq".
Ə.Həsənovun sözlərinə görə, banklar onun fikirlərini kreditlərin qaytarılmamasına çağırış kimi təqdim edir:“Çünki hüquqa və mənəviyyata əsaslanan savadlı cavab vermək üçün resursları yoxdur. Halbuki mən həmişə demişəm: borc qaytarılmalıdır. Lakin vətəndaş borcu qaytara bilmirsə, kredit batmalıdır. Qabaqcıl ölkələrin təcrübəsi də bunu təsdiq edir. Vətəndaşa psixoloji təzyiq etmək, ailəsini pulsuz qoymaq, onları intihara təhrik etmək, xəstələndirmək olmaz. Digər tərəfdən də bizim banklar kreditlərinin bir hissəsinin batmasına layiqdir. Əvvəla, ona görə ki, problemli kreditlərin əksəriyyəti əhaliyə verilən kreditlər deyil, biznesə verilən kreditlərdir. Həmin problemləri də əsasən bank sahiblərinin və idarəçilərinin korrupsion əməlləri törədib. Faktiki olaraq əmanətçilərdən cəlb etdikləri həmin pulları oğurlayıblar. Əhalinin kreditlərinə gəldikdə isə banklar insanları bir çox halda aldadıb”.