|
Gürcüstanın Energetika naziri Kaxa Kaladze Tiflisdə baş tutan Energetika Xartiyası Forumunda Rusiya, Türkiyə, Ermənistan, Azərbaycan və Gürcüstanın vasitəsilə vahid regional energetika şəbəkəsinin yaradılmasını təklif edib.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı Gürcüstan mətbuatı yayıb. Onun sözlərinə görə, elektroenergetika əməkdaşlığının imkanlarının öyrənilməsi çərçivəsində Gürcüstan Avropa Birliyinin maliyyə institutlarının dəstəyi ilə "Qara dəniz ötürücü şəbəkəsi”ni yarada bilib:
“Bu proyektin məntiqi davamı Rusiya, Azərbaycan və Ermənistanla vahid şəbəkənin formalaşdırılmasıdır. Bununla da regional energetika bazarı yaradılacaq. Gürcüstan bu gün Azərbaycanla 500 kilovatlıq elektrikötürücü xəttin tikintisini başa çatdırıb. Rusiya ilə bizi birləşdirən 500 kilovatlıq xətt isə reabilitasiya ediləcək. Yaxın zamanlarda həmçinin Ermənistanla Gürcüstanı birləşdirən elektrikötürücü xəttin istismara verilməsi planlaşdırılır. Bunun da sayəsində Gürcüstan energetika körpüsünə çevriləcək”.
Qeyd edək ki, "Qara dəniz ötürücü şəbəkəsi" layihəsi Azərbaycan-Gürcüstan-Türkiyə eneji körpüsünün yaradılması layihəsinin bir hissəsidir. Bu enerji körpüsü Azərbaycandan Gürcüstan və Türkiyəyə, sonra isə Avropaya elektrik enerjisi ixrac etməyə imkan verəcək.