|
Mərkəzi Bank və kommersiya bankları bazara təsir imkanı tapmalıdır
Bütün dünyada bəlli iqtisadi proseslər baş verir. Nəticədə dünyada ərzağın qiymətləri azalmaqda davam edir.
Xatırladaq ki, BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatının yaxınlarda hazırladığı hesabatda qlobal ərzaq qiymətlərinin keçən ay 5,2 faiz ucuzlaşmayla 155,7 səviyyəsinə endiyi bəyan edilib. FAO-nun məlumatına görə, dənlilərin qiymət indeksi 7 faiz azalıb, bitki yağı 8,6 faiz, süd məhsulları 9,1 faiz ucuzlaşıb. Ən çox ucuzlaşan isə şəkər olub ki, bu məhsulda qiymət 10 faiz aşağı düşüb.
Lakin bütün dünyada baş verən bu proses hələ də bizdən yan keçir. Bu ilin fevralında manatın dollara nisbətdə dəyərini itirməsindən sonra mərhələlərlə davam edən bahalaşma artıq yüksək həddə çatıb. Adətən, bütün dünyada gəlirlər azalanda, iqtisadi böhran halı müşahidə ediləndə qiymətlər də aşağı düşür. Fəqət, bizdə ilin əvvəlində dövriyyədə 11 milyard manat pul vahidi vardısa, hazırda pul kütləsi 6 milyard manatdır. Böhran vəziyyətində bütün dünyada alıcı probleminə görə qiymət endirimi baş versə də, ölkəmizdə vəziyyət tamam başqadır. Bu mənfi tendensiya istər əhalinin gündəlik iqtisadi həyatında, istərsə də dövriyyədəki azalmalar fonunda baş verir.
Ekspertlər hesab edir ki, dövriyyədə pul vahidinin yarıyadək azalması kommersiya bankları üçün nəzərdə tutulmuş vəsaitlərin saxlanması imkanlarının çətinləşməsinin nəticəsidir. Əvvəllər daha çox valyutaya ehtiyac olduğundan bu proses rəvan gedib. Indisə bazar iştirakçılarının sayı, aktivliyi zəif olduğu üçün vəziyyət pul bazasının daralmasıyla müşahidə olunur. Bütün mənfi tendensiyaların manatın devalvasiya qərarıyla müşahidə edildiyini deyən ekspertlər, hazırda dövriyyədə bir neçə milyard manatlıq azalma olduğunu vurğulayırlar.
Müşahidə olunan vəziyyət gözgörəsi böyük risklər deməkdir. Bündan çıxış yolu, problemlərin həlli üçün isə Mərkəzi Bank və kommersiya banklarının bazara təsir imkanları olmalıdır.