|
Azərbaycan, Ukrayna və Qazaxıstandan olan bir neçə güləşçinin Pekin-2008 və London-2012 olimpiya oyunlarında qazandığı medallar geri alına bilər.
Komanda.az xəbər verir ki, bu barədə “FloWrestling” saytı xəbər yayıb. Son qərar yay olimpiya oyunları ilə bağlı dopinq-test yoxlanışlarından sonra veriləcək. İdmançıların adları hələlik açıqlanmayıb.
Bundan əlavə, Pekin-2008 olimpiya oyunlarının qalibi Özbəkistan təmsilçisi Artur Taymazovun qızıl medalı əlindən alınaraq rusiyalı güləşçi Bəxtiyar Əhmədova veriləcək.
Xatırladaq ki, 2008-ci ildə olimpiya oyunlarında ölkəmizi 12 güləşçi təmsil edib. Güləşçilərimiz həmin olimpiadadan 4 medalla qayıdıblar. Yunan-roma güləşində Vitali Rəhimov (60 kq) və Rövşən Bayramov (55kq) (hər ikisi gümüş), qadınların güləşində Mariya Stadnik (-48 kq, gümüş), Sərbəst güləşdə isə Xetaq Qazyumov (96 kq-da bürünc) medallar qazanıblar.
2012-ci il olimpiadasında isə millimizin aktivinə 2 qızıl medalı elə güləşçilərimiz qazandırıb. Sərbəst güləşçilərdən Toğrul Əsgərov (60 kq) və Şərif Şərifov (84 kq) qızıl medal əldə etmişdilər. Yunan-roma güləşi üzrə yarışlarda yığmamızın iki üzvü - Rövşən Bayramov (55 kq) ikinci, Emin Əhmədov (74 kq) üçüncü yeri tutmuşdular. Bununla komandamız London-2012-də yunan-roma güləşi üzrə yarışlarda 5-ci pillədə qərarlamışdı.
Qadın güləşi üzrə yarışlarda isə Mariya Stadnik (48 kq) gümüş, Yuliya Ratkeviç (55 kq) bürünc medala sahib çıxıb.