|
Tural Abbaslı: “Avropa heç vaxt Azərbaycan müxalifətinə birmənalı dəstək verməyib, siyasi şantaj predmeti kimi istifadə edib”
Xəzər Teyyublu: “O dövrdə Qərblə Rusiyanın istəkləri uzlaşmışdı, Belarusda isə AB müxalifəti dəstəkləyir, Moskva Lukaşenkonu...”
Belarusun müxalifət lideri Svetlana Tixanovskaya “Amerikanın Səsi” radiosuna bildirib ki, ölkədəki siyasi böhran tamamilə daxili bir məsələdir. O, Qərbin müdaxiləsi və ya yardımını rədd edir.
Tixanovskaya deyib ki, baş verənlərə görə Belarus xalqı öhdəlik daşıyır. və problemi özümüz həll etməliyik.
“Amma əgər biz bir gün başqa ölkələrin yardımına, yəni onların vasitəçilik etmələrini istəsək, əlbəttə ki, qapımız bu məsələdə bizə yardım etmək istəyən ölkələrə açıq olacaq” - o, əlavə edib.
Xanım müxalif liderin açıqlamasından belə görünür ki, ABŞ və Qərbin dəstəyindən imtina edir. Onun bu çıxışının proseslərə və özünün siyasi karyerasına az təsiri olmayacaq.
Vaxtilə Azərbaycanda da müxalifətin Qərbdən dəstək alacağı halda hakimiyyətə gələcəyi gözləntiləri varıydı. Özəlliklə 2003, 2005-ci illərdə belə iddialar vardı...
2003-cü ildə prezidentliyə namizəd olan Müsavat Partiyasının başqanı İsa Qəmbərə ABŞ-dan ciddi dəstək veriləcəyi söylənirdi. Lakin proseslər tam əksini sübut etdi.
2005-ci ilin parlament seçkiləri zamanı də “narincı inqilab”a Qərbdən dəstək veriləcəyi haqda deyilənlərin xəyaldan başqa bir şey olmadığı çıxdı.
Müəyyən dönəmlərdə müxalifət düşərgəsində Azərbaycanda Qərb və ABŞ-a nicat, xilaskar kimi baxılıb. Amma hər dəfə Ostap Benderin sarkazminə bənzər ssenari təkrarlanıb - Qərb onları aldadıb.
Belarus müxalifətinin Azərbaycan müxalifətindən fərqi ondan ibarətdir ki, daxili potensialına, xalqın gücünə arxalanıb, kənar müdaxiləni arzulamır. Bizdə isə “ağ atlı oğlan” gözləntisi davam edir.
Müxalifət özünü inandırıb ki, xalqı təşkilatlandırmaq taqəti yoxdur, yalnız xarici dəstəklə mümkündür.
AĞ Partiyanın başqanı Tural Abbaslı hesab edir ki, Avropa heç vaxt Azərbaycan müxalifətinə birmənalı dəstək verməyib. Onun “Yeni Müsavat”a bildirdiyinə görə, ABŞ və Qərb üçün insan haqları, demokratik anlayışı şəxsi maraqlar təmin olunana qədər idi.
Partiyaların yalnız adları qalıb... - Tural Abbaslı
“Qərb dünyası müxalifətə kiçik dəstəklə iqtidardan daha böyük güzəştlər əldə etmək siyasəti yürüdüb. Azərbaycan müxalifətinə heç vaxt Ukrayna, Venesuela, Belarus müxalifətinə olan dəstəkdən verilməyib. Sadəcə, demokratik dünya bu müxalifətdən öz maraqlarını təmin etmək üçün siyasi şantaj predmeti kimi istifadə edib”, - deyə partiya lideri açıqladı.
Onun fikrincə, 2003-cü ildə də mənzərə beləydi: “Əhali qələbəyə fokuslanmışdı, müxalifət partiyaları isə Avropadan gələn bəyanatlara baxırdılar, öz gücünə, enerjisinə kökləmirdilər. Bu da yanlış idi və nəticəsi aydın oldu”.
T.Abbaslının sözlərinə görə, heç də hər ölkə Qərbin dəstəyini alıb daxili problemini həll etmir: “Hər ölkənin daxili siyasətinə, insanların mental baxışlarına individual yanaşmaq lazımdır. Belarusun üzləşdiyi siyasi gərginlik onu vadar edir ki, özünü MDB ölkələri ilə müqayisə etsin.
Bu gün Belarus Ukraynanın taleyindən dərs çıxarır Çünki heç də Qərbin dəstəyi ilə olan dəyişiklik sonra inkişafa, ərazi bütövlüyünün qorunub saxlanmasına gətirib çıxarmır. İnanmıram ki, hansısa ukraynalı Yanukoviçi devirmək naminə Krımın itirilməsini düzgün addım saysın”.
Partiya sədri qeyd etdi ki, İraq, Suriya Venesuela nümunələri var və başqa dövlətlər bundan nəticələr çıxarır:
“Tixanovskayaya gəlincə, onu təsadüfi fiqur hesab edirəm. Onun Belarusa nəsə vəd edəcəyinə inanmıram. Amma bununla belə anlayıb ki, məsələ daxildə həll olunmalıdır, iqidar-müxalifət, xalq birgə konsesusa gəlməlidir.
Əks halda Avropa Birliyi bir yandan müxalifətə dəstək verirsə, Rusiya Lukaşenko üçün rezerv polis ordusu yaradır. Nəticədə Belarus nəhəng güclərin maraqlarının qurbanına çevrilir”.
KXCP İdarə Heyətinin üzvü Xəzər Teyyublunun sözlərinə görə, Belarus xalqı qəhrəmanlıq nümayiş etdirir:
“Bu dövlətin yerləşdiyi coğrafiyada Şengen dövlətləri var və şübhəsiz ki, Minskdə gedən proseslər Avropa tərəfindən maraqla izlənilməlidir.
Belarus xalqı haqq edir ki, öz azadlıqlarını bərpa etsin. Bundan sonra Lukaşenko da ölkəni istədiyi şəkildə idarə edə bilməyəcək.
Ola bilsin ki, Belarusda iqtisadi şərait ağır deyil, insanlar işləyir. Amma xalq öz siyasi azadlıqlarını tələb edir və bir adamın 26 ildir prezident olmasını qəbul etmir. Sadəcə, proseslər müxalifətsiz cərəyan edir. Tixanovskayanın Litvaya getməsi də göstərdi ki, mitinqlər lider olmadan təşkil olunur”.
Xəzər Teyyublu: Milli Şuranın qərarından asılı olmayaraq, KXCP bələdiyyə seçkilərində müstəqil iştirak etmək niyyətindədir
KXCP funksioneri hesab edir ki, 2003-cü ildə Qərb Azərbaycanda müxalifəti müdafiə etmədi:
“Belarusun bu günü ilə o dövrün Azərbaycanı müqayisə oluna bilməz. Çünki həmin dövrdə Qərblə Rusiyanın ölkəmizdə siyasi istəkləri uzlaşmışdı və müxalifət müdafiəsiz qalmışdı. Belarusda isə Avropa Birliyi müxalifəti dəstəkləyir, Moskva Lukaşenkoya qahmar çıxır”.
Qeyd edək ki, son həftələrdə minlərlə insan Belarusun küçələrinə çıxaraq prezident Aleksandr Lukaşenkonun istefasını tələb edib. Lukaşenko isə vəzifədən getməyi rədd edir.
Lukaşenko avqustun 9-da keçirilən seçkidə qalib olduğunu elan edib. Müxalif partiyalar, habelə Birləşmiş Ştatlar və Avropa İttifaqı seçkinin saxtalaşdırıldığını bildirir.
Yüzlərlə etirazçı həbs olunub, nümayişlər zamanı azı dörd nəfərin öldürüldüyü xəbər verilib.
Tixanovskaya özü və ailəsinin təhlükəsizliyindən narahat olduğu üçün qonşu Litvaya qaçıb. Tixanovskaya həyat yoldaşı, məşhur blogger Sergey Tsixanovski mayda həbs olunub, seçkidə iştirak etməsi qadağan olunandan sonra prezidentliyə namizədliyini irəli sürüb.
Musavat.com