|
Sumqayıt şəhərində baş verən ağır yol qəzasında dünyasını dəyişən vətəndaşların meyitləri yaxınlarına verilmir.
Teleqraf.az-ın xəbərinə görə, qohumlarından həlak olanların meyitlərini götürmək üçün pul tələb edilir. Qeyd edək ki, avqustun 30-da Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun 43-cü kilometrliyində, H.Z.Tağıyev qəsəbəsində “Volkswagen Passat” markalı, “99-DZ-632” dövlət nömrə nişanlı avtomobil “Lada 110” markalı, “60-BS-663” dövlət nömrə nişanlı avtomobillə toqquşub. Hadisə vaxtı hər avtomobildə üç nəfər olub. Qəza nəticəsində avtomobillərdə olan altı nəfərin hamısı həyatını itirib.
Hadisədə həlak olan şəxslərin qohumları Teleqraf.az-a müraciət edərək bildiriblər ki, hər meyitə görə onlardan yüz manat tələb edilir: “Sumqayıt şəhər xəstəxanasının morqunda meyitləri almaq üçün bizdən pul tələb edirlər. Hər meyitə yüz manat istəyirlər. Ölənlərdən 4 nəfərin meyitini Ermənistanla sərhəd olan uzaq rayonlardan birinə aparılaraq dəfn etməliyik. Ancaq morqda bizdən hər meyitə görə 100 manat pul tələb edilir. Belə vicdansızlıq dünyanın heç bir tərəfində ola bilməz. Dövlətin başında dayananlar hara baxırlar, bilmirik. Bu isti havalarda imkan vermirlər ki, ölümüzü aparıb dəfn edək”.
Elşən Əlisoy