|
2003-cü ildə Gəncə Dövlət Universitetini bakalavr dərəcəsi ilə bitirib. 2006-2010-cu illərdə Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlığı Mərkəzində, 2010-2013-cü illərdə isə Xarici İşlər Nazirliyində fotoqraf kimi çalışıb. 2013-cü ilin oktyabrından Azərbaycanın İsveçrədəki səfirliyində sürücüdür. Ailəlidir, 3 övladı var.
Emin Baxşıyevin sözlərinə görə, atası 1997-ci ildə vəfat edib. Bacısı, qardaşı yoxdur. Azərbaycanda yalnız anası yaşayır.
Səfirlik əməkdaşı siyasi sığınacaq istəməsinin səbəbini Azərbaycandakı rejimlə əlaqələndirib. O, Facebook səhifəsində bunları yazıb: “Mən Emin Baxşıyev, Azərbaycanın İsveçrədəki səfirliyinin əməkdaşı olaraq 1 fevral 2016-cı il tarixindən ailəmlə birlikdə İsveçrədə sığınacaq istəmişəm. Bugünə qədər hakimiyyət və indiki diktator rejimin əlaltıları tərəfindən mənə və ailəmə olan təzyiqlərə dözmədiyim üçün bu yola əl atmışam. Hələ media ilə əlaqə imkanlarım məhdud olduğu üçün çox dərin açıqlama verə bilmirəm. Amma bu rejimin və onların İsveçrədəki əlaltılarının törətdiyi bütün cinayətləri faktlarla birgə yaxın günlərdə açıqlayacam. Bütün dostlara və məni tanıyanlara demək istəyirəm ki, möhkəm olun. Bu rejim əvvəl-axır cökəcək. Hər zaman haqqın yanında olun. Bugünə qədər mənə əziyyət çəkdirənlər bilsinlər ki, xoş günlərinin sonuna az qalıb”.
Meydan TV məsələni araşdırmaq üçün Azərbaycanın İsveçrədəki səfirliyi ilə əlaqə saxlayıb. Səfirlikdən bildiriblər ki, bu barədə yalnız Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verə bilər. Nazirliyin sözçüsü Hikmət Hacızadə isə Meydan TV-nin telefon zənglərinə cavab verməyib. Sosial şəbəkələrdə yazdığı mesajları oxusa da, cavablandırmayıb.