|
Məlumdur ki, ölkədəki müxalif siyasi partiyaların, vətəndaş cəmiyyətlərinin, medianın bu günə qədər ən çox ehtiyat etdiyi məsələlərdən biri MTN-nin bu qurumlar üzərində mümkün nəzarəti, ofis və redaksiyalarda gizli kamera və dinləmə cihazları yerləşdirə biləcəyi ilə bağlı olub. Maraqlıdır, MTN-nin ləğvi müxalif partiya və medianı gizli dinləmə və nəzarətdən xilas edəcəkmi? Yoxsa bu nəzarət digər güc orqanlarının timsalında başqa formada davam edəcək?
Teleqraf.az xəbər verir ki, məsələ ilə bağlı Moderatora açıqlama verən KXCP sədri Mirmahmud Mirəlioğlu hesab edir ki, siyasi partiya və mediaya nəzarət nəinki azalacaq, əksinə daha da artacaq:
“Forma dəyişilib. Məzmun qalıb. Xüsusi xidmət orqanlarının dövlət üçün əhəmiyyəti şübhəsizdir. Bir dövlət kimi Azərbaycanın xüsusi xidmət orqanlarına, güc orqanlarına ehtiyacı var. Amma ölkə daxilində, cəmiyyət arasında əcinnə ovuna çıxmaq, hər yerə bir böcək qoymaq, ordan qaynaqlanmaq və daha sonra bunu təhlükəsizlik ximətinə məxsus bir iş hesab etmək doğru deyil. Lakin MTN-nin ləğv edilməsi o demək deyil ki, siyasi partiyalar və ya media bundan sığortalandı. Əksinə, hesab edirəm ki, bundan sonra bu istiqamətdə daha artıq iş aparacaqlar. Əlaqədar qurumlar ali siyasi hakimiyyətin, Təhlükəsizlik Şurasının gözündə özləri haqqında müsbət təəssürat yaratmaq üçün bu istiqamətdə daha çox addım atacaq. Bundan sonra bu nəzarət özünü daha kəskin hiss etdirəcək. Ancaq bütün bunların bir nəticəsi olmayacaq. Qəribə budur ki, güc orqanları daxildə terrorçu axtarışına çıxır. Halbuki, terrorçu lazım gələndə sərhədi də pozur, başqa addımlar da atır. Nardaranda anti-terror əməliyyatı keçirdilər. Halbuki, anti-terror əməliyyatını Nardaranda deyil, Qarabağda həyata keçirmək lazımdır. Dünyaya da sübut etmək lazımdır ki, Azərbaycan terrorçulara qarşı bu cür qətiyyətli addımlar atır və öz torpaqlarını azad etmək qüdrətinə malikdir”.