|
"İnsan haqları və demokratik prinsiplərin qorunmasının təmin olunması üçün davamlı dialoq və təhlilin genişləndirilməsi tələb olunur"
Teleqraf.az xəbər verir ki, Amerikanın Bakıdakı səfirliyi Meydan TV-nin Azərbaycan Milli Məclisinə “ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında” qanun layihəsi barədə sorğusuna cavab verib.
Səfirlikdən Meydan TV-yə bildirilib ki, onlar layihəni hələ görməyiblər. Lakin həmişə Azərbaycanla insan hüquqları məsələləri üzrə müzakirələrin aparılması imkanlarını alqışlayıblar: “Heç bir ölkə mükəmməl deyil. İnsan haqları və demokratik prinsiplərin qorunmasının təmin olunması üçün davamlı dialoq və təhlilin genişləndirilməsi tələb olunur. Biz əvvəlki kimi bu məsələlərin üzərində hər iki ölkənin faydalanması üçün Azərbaycanla açıq və səmimi dialoqa hazırıq”.
Dekabrın 23-də Milli Məclisə təqdim olunan layihənin müəllifi Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, “Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü Rövşən Rzayevdir.