|
Türkiyə ilə Rusiya arasında diplomatik qərginliyin artması fonunda Müsavat başqanı Arif Hacılı GUAM ölkələri birliyi təşəbbüsününə Türkiyənin səfərbər edilməsini təklif edib.
Xatırladaq ki, 2008-ci ilə qədər aktual olan bu təşəbbüs Rusiyanın nəzarətindən kənarda olan postsovet respublikaların arasında əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tuturdu. Moskva ilə Ankara arasında davam etməkdə olan diplomatik savaşda bu birlikdə olan dövlətlərdən ən azı ikisi - Ukrayna və Gürcüstan birmənalı olaraq Türkiyənin mövqeyini müdafiə edir.
Arif Hacılı özünün facebuk səhifəsində Türkiyənin də iştirakı ilə bu təşəbbüsün canlandırılmasını təklif edib: “Unudulmaqda olan GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) Birliyi təşəbbüsünün Türkiyənin də iştirakı ilə yenidən canlandırılması indiki siyasi şəraitdə çox faydalı olardı. Kim dəstəkləyirsə bu ideyanın inkişafına yardımçı olsun.
Müsavat başqanı həmçinin Türkiyənin son dövrlər xarici siyasət sahəsindəki cəsarətli addımlarını dəstəklədiyini də açıqlayıb: “Türkiyə regionda Rusiya- İran- Suriya birliyinin hegemonluğunu əngəlləmək üçün zəruri olanı edir. Məsuliyyəti üzərinə götürərək, daha böyük problemləri önləmək naminə riskli addımlar atır.
Belə məqamda Azərbaycanın susqunluğu yolverilməzdir. Azərbaycan xalqı da, Azərbaycan hakimiyyəti də Türkiyənin yanında olmalıdır”./Bastainfo.com/