Tanınmış şair Rüstəm Behrudi bir müddət əvvəl Türkiyədə ürəyindən əməliyyat olunub. Onunla səhhəti və yaradıcılıq fəaliyyəti ilə bağlı söhbətləşdik. Rüstəm Behrudi bizimlə söhbətində həm yaradıcılığından, həm də dünyada gedən siyasi proseslərdən danışdı.

Teleqraf.az Axar.az-a istinadən tanınmış şair Rüstəm Behrudi ilə müsahibəni təqdim edir:

Mən Tanrıya çox yaxınlaşmışdım...

- Rüstəm müəllim, keçmiş olsun, əməliyyat  uğurla başa çatdı. İndi səhhətiniz necədir? Həkimlər sizə səhhətinizlə bağlı nə dedilər?

- Mənim həyatım üçün narahat olduğunuza və səhhətimlə maraqlandığınıza görə sizə təşəkkür edirəm. Mən dostların, həm də heç tanımadığım minlərlə adamın mənim üçün bu qədər narahat olacağını ağlıma gətirməzdim. Bir daha anladım ki, bu uzun, üzücü, əzablı illəri boşuna yaşamamışam. Həmişə düşünmüşəm ki, ömür illüziyadan başqa bir şey deyil. Yəni biz real həyatda deyil, bizi sevənlərin sevgisində yaşayırıq. Daha doğrusu, bizim ömrümüz bizi sevənlərin ömrü qədərdir. Bu mənada mən xoşbəxt adamam. Bir də bu xəstəlik mənim üçün gözlənilməz deyildi. Bilirəm ki, Tanrı ona daha çox yaxınlaşmaq cəsarətini göstərən adamları cəzalandırır və mən Tanrıya çox yaxınlaşmışdım...Qaldı həkimlərin nə dediyinə, yaxın illərdə mənim üçün ürək sarıdan ölüm-itim yoxdur. Deyəsən, ölümü bu dəfə də aldatmışam.

- Yazı masasında poeziya hər şeyin fövqündə görünür, bəs, əməliyyat masasında necə?

- Poeziyanın hər şeyin fövqündə dayandığı düşüncəsi danılmaz bir həqiqətdir. Musa üçün Tövrat, İsa üçün İncil, Məhəmməd üçün Quran nədirsə, şeir mənim üçün həmin şeydir. Göy üzü ilə yer üzü arasındakı boşluğu dolduran nədirsə, şeirdə Tanrı ilə bəndə arasındakı boşluğu dolduran həmin şeydir. Mən Tanrı ilə bəndə arasındakı boşluğu doldurmağa çalışan bir adamam. Mən elə-belə əcəllə ölən biri deyiləm. İncildə “Başlanğıcda söz var idi, söz Allahın nəzdində idi və söz (kəlam) Allah idi” fikri, zənnimcə, şeir haqda deyilib. Mən incəsənətin üç ilahi məqamını tanıyıram- söz (şeir), musiqi (ifa sənəti bura daxil deyil) və rəssamlıq (Rembrandt, Da Vinçi, Pikasso, Dali, Səttar Bəhlulzadə). Məncə, bu üçünün də ən ilahisi şeirdir...

Mənim əməliyyat masasında belə ağlımda adamlar deyil, söz var idi və öz-özümə içimdə mənə hüzur gətirən aşağıdakı misraları pıçıldamışdım:

Yorulmuşam, ilahi,

Məndən bezib bu can da.

Dadı qaçıb şirindi,

Çəkdiyim acının da.


Göz dağıdı pəncərəm,

Qapı deyil qapım da,

Kimim var ki, itirim,

Nəyim var ki, tapım da.

- Sizin şeirləriniz mələk-şeytan personajları ilə zəngindir. Bəs, əməliyyat masasında sizə hansı daha yaxın idi? Gözünüzə hansı göründü?

- Doğrusu, mən bizim şairlərin uydurduğu mələkləri heç vaxt görməmişəm. Mələklərin, ilham pərisinin şeir yazdırdığı fikrini uyduran şairləri yalançı, fırıldaqçı kimi tanıyıram. Hərdən gecələr yuxularımda uçuram. Elə anlarımda həmişə düşünürəm ki, insan elə mələkdir. Şeytanı isə yuxularımda tez-tez görürəm. Özü də həmişə eyni cür, eyni ucalıqda.

Şeir nəfəs almağıunudan adamdır

- Rüstəm  müəllim, bilirik ki, ədəbiyyat adamlarının həyatı maraqlı, qəribə, gülməli xatirələrlə dolu olur, bu xatirələr də oxuculara maraqlıdır. Məsələn, sizin Ramiz Rövşən, Vaqif Səmədoğlu, Musa Yaqub, Vaqif Bayatlıkimi şairlərlə bağlı maraqlı xatirələriniz var...

- Aqşin, heç vaxt həyatımda “dost” deyə biləcəyim adamlar olmadı. Mən ömrüm boyu tək yaşadım. Azərbaycanın bütün böyük sənət adamları ilə isti münasibətlərim oldu. Ancaq heç biri sənin dediyin o böyük dostluq səviyyəsinə ucala bilmədi. Bu, bəlkə də mənim günahımdır. Heç kimlə sona qədər yol gedə bilmədim. Bəlkə də düz 25 ildir qəzet səhifələrindəki “Tək adam” rubrikası buna görə mənim adımla bağlıdır və ağlım kəsəndən mən təkbaşına bir adamam.

Bu sualın mənə bir şeyi xatırlatdı. 1979-cu ildə rəhmətlik Əbülfəz Elçibəy Kələkidə öz toyunda məni çox sevdiyim Vaqif Cəbrayılzadə (şair Vaqif Bayatlı Odər nəzərdə tutulur – red.) ilə tanış elədi. Vaqif mənim ilk şeirlərimi “Ulduz” jurnalında çap etdi. Tale elə gətirdi ki, mən də uzun illərdən sonra onun ilk kitabını redaktor kimi hazırlayıb çap elədim. Adını da mən qoydum- “Unudulacaq bütün sevdalar”. Qəribə deyilmi? O, mənim ilk şeirimi, mən onun ilk kitabını...

- Şeir demişkən, sizin “Salam, dar ağacı” şeiriniz böyük ideologiya yükü daşıyır. Bu şeir Azərbaycan tarixində mühüm rol oynayıb, yəni nəyisə dəyişə bilib. Bəs, sizcə, poeziyanın belə bir missiyası varmı? Yəni hər şeir mütləq nəyisə dəyişməlidirmi?

- Aqşin, sən özün də şair olduğun üçün bilirsən ki, şairlik tale məsələsidir. Mən “Salam, dar ağacı” kitabından əvvəl də türk dünyasında məşhur olan “Şaman duaları” kitabını yazmışdım. Ancaq “Salam, dar ağacı” mənim şair taleyimə çevrildi. Bu yaxınlarda türk dərgilərinin birində oxudum ki, bu şeir nə vaxtsa qurulacaq Turan dövlətinin himni olacaq. Olacaq, ya olmayacaq – bu, gələcəyin işidir. Ancaqhəqiqətdir ki, bu şeir 300 milyonluq bir millətin dillər əzbəridir.

Sizə bir həqiqət də deyim. Axı mən bu kitabdan daha gözəl kitablar yazdım. Nədənsə, hamısı bu şeirin kölgəsində qaldı. Ancaq inanıram ki, nə vaxtsa dar ağacına ehtiyac qalmayanda, mənim qalan kitablarım o şeirin əsarətindən qurtulub, əsil qiymətini alacaq.

Mənə elə gəlir ki, ən ilahi şeir belə nəyisə dəyişmək gücündə deyil və bu şeirin missiyası ola bilməz. Şeirin əsil missiyası nəyinsə üstünə düşmüş kölgəni qaldırmaq, öləziyən şamı yenidən alovlandırmaqdır. Şeir nə şamdır, nə ondan gələn alov. Şeir şamın, alovun üstündən əsib keçən ruzigardır - doğum və ölüm yeri bəlli olmayan ruzigar. Şairlər belə hərdən onun nə zaman, haradan əsib keçdiyini bilməzlər. Şeir nəfəs almağı unudan adamdır. Nəfəs almağı unudan adam nəyi dəyişə bilər ki?!

Türkiyəyə qarşı oyun oynamaq istəyirlər

- Hazırda ədəbi fəaliyyətiniz hansı məcraya yönəlib? Nə yazırsınız?

- Son vaxtlar şeir yaza bilmədiyim vaxtlarda ünvansız fəlsəfi məktublar yazıram. Hərdən mənə elə gəlir ki, şeirdə deyə bilmədiyim çox şeyi bu məktublarda demişəm. Bu yazılar məni qiyamçı olmaqdan qoruyur.

15-20 ildir bir tamaşa üzərində işləyirəm. Tam sağalan kimi Səmərqəndə gedəcəyəm. Mənim yazdığım əsərdə (Əmir Teymur haqqındadır) oradan başlayan bir yol var. Mən də əsərin sonunda oradan başlayan yolun özünü anlatmaq istəyirəm. Ondan sonra o əsəri bitirmək üçün mənə bircə həftə vaxt lazımdır. Bu, süjet xətti, obrazları olmayan psixoloji bir poemadır. Mən sonradan onu səhnələşdirəcəyəm. Obrazları olmayan bir əsəri səhnələşdirmək, sənə gülməli gələ bilər, ancaq bunu mütləq edəcəyəm.

- Elə hazırda da dünyada, demək olar ki, obrazları olmayan III Dünya Müharibəsi gedir. Müəyyən müddət siyasətin içində olmuş adam kimi bu prosesləri necə dəyərləndirirsiniz? Dünyada nə baş verir?

- Aqşin, yəqin, sən də bilirsən ki, hətta güllələrin susduğu zamanlarda belə yer üzündə müharibə gedib. Sadəcə olaraq, illərlə davam edən sükutun səsi indi-indi səsə, atəşə çevrilib. Böyük güclər dünyanın xəritəsini öz maraqlarına uyğun formada yenidən şəkilləndirmək istəyirlər.

Böyük təbii sərvətlərə malik orta şərq bu savaşın ən zəif halqasıdır. İslam, islami dəyərlərin eybəcərləşdirilməsi buna rəvac verən ən böyük amildir. Düz 1400 ildir öz doğulduğu ərazini xilas edə bilməyən İslam dini dünyanın xilasedicisi rolunda çıxış etmək istəyir. Özü də eybəcər bir formada- İŞİD-in formasında. Bundan istifadə eləyən Qərb və Amerika, İran, Rusiya öz əbədi düşmənlərinə- Türkiyəyə oyun oynamaq istəyirlər.

Bu hay-küy çox mətləbdən xəbər verir

- Son vaxtlar elə qardaş ölkə Türkiyə də bu proseslərin içində müəyyən mənada yer alır...

 

- Bildiyimiz kimi, 2023-cü ildə Türkiyənin əl-qolunu bağlayan Lozanna anlaşmasının müddəti sona çatır. Böyük güclər Türkiyəni əl-qolu açılmamışbölmək, parçalamaq istəyirlər. Osmanlı imperiyasının başına gətirilənləri Türkiyənin başına gətirmək istəyirlər. Türkiyə federallaşmaq təhlükəsi qarşısındadır. Bu, qorxulu bir oyundur.

- Rüstəm müəllim, illər keçdikcə insan yeni ağrılarla tanış olur. Bəs, hansı ağrı sizi daim narahat edir?

- Ən böyük dərdimdir - min il sonra da ruhumun şəklini çəkməyəcəklər.

 

Bölməyə aid digər xəbərlər

04 May 2024 ABŞ-ın Stirlinq Fondu Azərbaycanda mina təhlükəsi ilə bağlı maliyyə yardımı ayıracaq

27 Apr 2024 Bazar günü Bakıda 31 dərəcə isti olacaq

26 Avq 2023 Beton tökən qurğu Ordubad sakininin ölümünə səbəb olub

19 İyul 2023 İranın şimalında 4,7 bal gücündə zəlzələ qeydə alınıb.

19 İyul 2023 Seçkilərin ilkin mərhələsinin NƏTİCƏLƏRİ

24 Sent 2022 Xəzər Teyyublunun avtomobilini oğurlamağa cəhd ediblər

01 İyun 2022 Bu ilin əvvəlindən Afrikada 70-ə yaxın insan meymunçiçəyindən ölüb

13 Mart 2022 Bu gün 19 mindən çox şagird buraxılış imtahanı verəcək

13 Mart 2022 Moskvada Rüstəm İbrahimbəyovla vida mərasimi başlayıb - FOTO

05 Yan 2022 Şuşada təzə məscid tikilir, 6 bina söküləcək

10 Noy 2021 Sumqayıt bələdiyyəsinin şefi adamdöyən bacıoğlunu həbsdən çıxarır - Təfsilat

09 Noy 2021 Muradov Xankəndinə gəlir

30 Okt 2021 Müdafiə naziri qoşunlara tapşırıqlar verdi

28 Okt 2021 Bakıda daha bir məktəb distant tədrisə keçib

26 Sent 2021 Sabah hər kəs eyvanından bayraq assın...

19 Sent 2021 Azərbaycanda son sutkada 1734 nəfər COVID-19-a yoluxub, 25 nəfər vəfat edib

17 Sent 2021 İlham Əliyev Xalq artistinə mənzil hədiyyə etdi

16 Sent 2020 “Uşaqlarımın paltarları olmadığı üçün məktəbə getməyəcəklər” – Göyçay sakini

03 Sent 2020 “Belarusun bu günü ilə o dövrün Azərbaycanı müqayisə oluna bilməz"

02 Sent 2020 ABŞ Çinə qarşı siyasətini açıqladı

02 Sent 2020 Ekspertdən BNA-ya AĞIR İTTİHAM… – “Quldurluğa “konsepsiya” adı qoyublar…”

04 Avq 2020 GAMAC Azərbaycan dövləti Və silahlı qüvvələrinə dəstək bəyanatı yayıb

04 Avq 2020 “İnsanlar küçəyə çıxanda hara getsinlər? Hər yer bağlıdır” – Adil Qeybulla

22 Mart 2020 Xəzər Teyyublu koronavirusla bağlı çağırış etdi: “EVDƏ QAL!”

01 Fev 2020 Xəyalə Əhmədova Həsənqaya seçiciləriylə görüşdü - Foto

30 Yan 2020 Xəyalə Əhmədova Güloğlular kəndində seçicilərlə görüşdü - Video

28 Yan 2020 Qarabağ qaziləri Xəyalə Əhmədovanı rəğbətlə qarşıladı - FOTO

24 Yan 2020 Bərdəni qarış-qarış gəzən namizəd - Xəyalə Əhmədova

20 Avq 2019 "MİQ-29"un “qara qutu”su ciddi zədə almayıbsa, Azərbaycanda “oxuna” bilər"

20 Avq 2019 Putin Rusiyadakı etiraz aksiyalarına münasibət bildirdi

Xəbər lenti