|
Bu gün Ali Məhkəmədə KXCP sədri Mirmahmud Mirəlioğlunun Apellyasiya Məhkəməsinin qərarı ilə bağlı şikayətinə baxılıb.
Prosesdə KXCP sədrinin səlahiyyətli nümayəndəsi Elşən Həşimov iştirak edib. Məhkəmə ilə bağlı Moderator.az-a açıqlama verən E.Həşimov məhkəmə prosesinin cəmi 8 dəqiqə çəkdiyini və Apellyasiya Məhkəməsinin qərqarının qüvvədə saxlanıldığını bildirdi:
“Ali Məhkəmədə bu gün 8 dəqiqəlik bir komediya oldu. Məhkəmə 8 dəqiqə çəkdi. Hakim gəldi və məni, yəni Mirmahmud bəyin səlahiyyətli nümayəndəsini dinləmədi. MSK-nın nümayəndəsi prosesə gecikmişdi. Lakin gələndən sonra hakim onu dinlədi. O, məhkəməyə yenə eyni əsassız sənədləri təqdim etdi. Hakim müşavirə otağına girib-çıxdı və qərarı səsləndirdi. Bütün proses toplam 8 dəqiqədə yeunlaşdı.
Hakim ilk etabda, məhkəmənin heyətini elə zəif səslə təqdim etdi ki, o heyətdə kimlərin olduğunu bilmədik. Ali Məhkəmə Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxladı”.
E.Həşimov bundan sonra atılacaq addımlarla bağlı ictimaiyyətin məlumatlandırılacağını bildirdi:
“Biz bütün məhkəmə instansiyalarını keçmişik. Qərarı alandan sonra seçki qərərgahında bir daha son prosesləri dəyərləndirəcəyik və alacağımız qərarlarla bağlı ictimaiyyətə açıqlama verəcəyik”.
Qeyd edək ki, KXCP sədrinin deputatlığa namizədliyinin qeydə alınmaması ilə bağlı Seçki Komissiyasından şikayəti bir müddət öncə Apellyasiya Məhkəməsində baxılmış və M.Mirəlioğlunun şikayəti təmin edilməmişdir.