|
«Bild»: «Siyasi məhbuslar azadlığa buraxılana qədər Avropa İttifaqı Azərbaycanla strateji tərəfdaşlığı dayandırmalıdır»
Dünyanın müxtəlif ölkələrindəki nüfuzlu mətbuat orqanları öz hökumətlərinə çağırış edirək, Azərbaycandakı repressiyaları durdurmaq üçün konkret addımlar atmağın zəruriliyini bildirir.
Dünyaca nüfuzlu “The Washington Post” araşdırmaçı jurnalist Xədicə Ismayılovanın 7 il 6 ay azadlıqdan məhrum edilməsi fonunda Azərbaycandakı acınacaqlı vəziyyətdən bəhs edərək, durumun bu həddə pisləşməsinə görə ABŞ hökumətini və Qərbin digər demokratik dövlətlərini ittiham etmişdi. Almaniyanın ən tirajlı (gündəlik 2 milyon yarım) “Bild” qəzeti də federal hökuməti Azərbaycanla ticarət və strateji əlaqələrinə görə bu ölkədəki repressiyaların qarşısını almaq üçün yetərincə səy göstərməməkdə qınayıb. “Bild”də dərc olunan “Bizim biganəliyimiz azadlığa xəyanətdir” başlıqlı məqalənin tərcüməsini təqdim edirik:
***
“Biganəlik doğurduğu nəticələr baxımından öldürücü zorakılıq qədər dəhşətlidir”; “Təhlükəsiz təmkin tiraniya yaradır” - filosof Sperber 1961-ci ildə “Okeanda göz yaşları kimi” əsərində yazırdı.
Üstündən təxminən 60 il keçib, amma hələ də repressiv ölkələrin həbsxanalarında günahsız, azadlıqsevər insanlar var. Çünki biz biganəyik - sadiq dostlarımıza qarşı biganəyik. Bu istər Iran rejiminin insanları kütləvi şəkildə öldürməsinə, istər Fars körfəzinin azadlığa düşmən ölkələrinə, istərsə də Azərbaycanda hakimiyyəti miras alan Əliyev sülaləsinə münasibətdə belədir - Almaniya həmişə iqtisadi və strateji maraqları demokratik dəyərləri müdafiə etməkdən üstün tutur.
Hazırda Azərbaycanda vətəndaş hüquq və azadlıqları misli görünməmiş şəkildə tapdanır: susmayanlar ya həbs olunur, ya da ölkədən qaçmaq məcburiyyətində qalır.
Zəngin neft-qaz ehtiyatlarına malik Azərbaycan geostrateji baxımdan da əhəmiyyətli nöqtələrdəndir. Bu baxımdan Azərbaycanın siyasi və ticarət tərəfdaşları ölkədə qeyri-müəyyənlikdən, dövlət çevrilişindən ehtiyatlanırlar.
Insan haqlarının müdafiəsi sahəsindəki fəaliyyətinə görə beynəlxalq mükafatlara layiq görülmüş 59 yaşlı Leyla Yunus və onun 60 yaşlı həyat yoldaşı Arif Yunus iki həftə əvvəl siyasi motivli məhkəmə şousunun nəticəsi kimi, müvafiq olaraq 8 il 6 ay və 7 il azadlıqdan məhrum edildilər.
Onların hər ikisinin ağır xəstə olduğunu nəzərə alsaq, uzunmüddətli həbs cəzasına məhkum edilmələri faktiki onların barəsində ölüm hökmü deməkdir.
Həmçinin jurnalist Xədicə Ismayılova da bu həftənin çərşənbə axşamı 7 il 6 ay azadlıqdan məhrum edildi.
Çoxsaylı mükafatların sahibi olan Ismayılova hakim Əliyevlər klanındakı korrupsiya ilə bağlı araşdırmalarıyla narahatlıq yaradırdı. Bu səbəbdən də artıq 8 aydır ki, həbsdədir.
Beynəlxalq ictimaiyyət üçün Azərbaycan hakimiyyətinə təzyiq göstərərək əsas dəyərlərimizi bölüşən, ürəyində azadlıq sevgisi olan insanları xilas etmək nisbətən daha asandır. Çünki utanmadan insanları öldürən Irandakı molla rejimindən fərqli olaraq, Azərbaycan rəhbərliyi, prezident Əliyev reputasiyası haqda düşünür: Bakı idman yarışları və mədəni tədbirlərə ev sahibliyi etməyi xoşlayır. Məsələn, birinci Avropa Oyunları, “Eurovision” musiqi yarışması.
Azərbaycan hökuməti xarici siyasətçilərlə “kürü diplomatiyası” adlandırılan işbirliyində şübhəli bilinir. Həmin əcnəbilər Azərbaycan hökumətinin xeyrinə lobbiçiliklə məşğul olur.
Vətəndaş cəmiyyəti fəallarına qarşı məhkəmələr ictimaiyyətin iştirakına imkan verilmir, hakimiyyət bu proseslər barədə məlumatların ölkədən kənara çıxmasına imkan verməməyə çalışır.
Əgər biz Cənubi Qafqazdakı bu kiçik ölkədə baş verənlərə susuruqsa, o zaman Iranda və ya Səudiyyə Ərəbistanında insan haqlarını müdafiə etdiyimizi iddia edəndə nə dərəcədə etibarlı görünə bilərik?
Jurnalist Xədicə Ismayılova nümunə sayılacaq cəsarət nümayiş etdirdi. O, hətta məhkəmə zalında da bəyan etdi ki, baş verənlərə baxmayaraq, yenə də jurnalist fəaliyyətini, araşdırmalarını davam etdirəcək.
Ismayılova həbsxanadan göndərdiyi məktubda yazırdı ki, ABŞ və Avropanın sayəsində yaxşı jurnalist olmağın nədən ibarət olduğunu öyrənib. Onun azad dünya gözləntiləri vardı - amma çox məyus oldu.
Avropa dövlətləri dəfələrlə Azərbaycanda baş verən repressiyaları açıq tənqid edib, hökuməti siyasi məhbusları azadlığa buraxmağa çağırıb. Lakin Xədicə Ismayılova “səssiz diplomatiyanın” tərəfdarı deyil. O, həbsxanadan gizli yolla göndərdiyi məktubunda beynəlxalq aləmi Azərbaycandakı siyasi məhbusların azadlığı üçün gur səslə danışmağa çağırır.
“Hakimiyyət cəmiyyətə aşılamağa çalışır ki, insan ləyaqəti satın alına bilər. Nə qədər ki, biz bu düşüncəni rədd edirik, möhkəm inanırıq ki, insan ləyaqəti satılıq deyil, deməli, biz qalibik, bizi bura salanlar isə məğlubdur. Həyat çox mürəkkəbdir, amma bəzən bəxtimiz gətirir və yalanla həqiqət arasında aydın seçim etməli oluruq. Həqiqəti seçin və bizə kömək edin”, - deyə Xədicə yazır.
Leyla və Arif Yunuslara, eləcə də Xədicə Ismayılovaya qarşı baş verənlərin beynəlxalq səviyyədə pislənməsi çox vacib başlanğıcdır - amma kifayət qədər uzun çəkir. Nəhayət, sözdən əmələ keçmək lazımdır. Biz adəti üzrə, azadlıq uğrunda mübarizə aparan dostlarımızın dəmir barmaqlıqlar arxasında çürüdüyü halda biznes əlaqələrini üstün tutsaq, o zaman son etibarımızı da itirəcəyik.
Almaniya cəsur Xədicə Ismayılova, Leyla və Arif Yunuslar kimi adamları müdafiə etməyə hazır deyilsə, bununla despotlara və onların müttəfiqlərinə çox dəhşətli siqnal vermiş olacaq.
Azərbaycanda baş verən repressiyalarla əlaqədar beynəlxalq insan haqları təşkilatlarının çağırışları kifayət qədər konkretdir. Onlar bildirir ki, Azərbaycandakı bütün siyasi məhbuslar azadlığa buraxılana qədər Avropa Ittifaqı bu ölkə ilə strateji tərəfdaşlığı dayandırmalı, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin səsvermə hüququ dondurulmalıdır./Azadliq.info/