|
"Hazırkı şərtlər daxilində Türkiyə hökumətsiz buraxılmamalıdır". "Report"un Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı yazılı açıqlamasında bildirib.
"Gözləntimiz Ədalət və İnkişaf Partiyası (AKP) ilə Cümhuriyyət Xalq Partiyasının (CHP) dürüst, heç bir hesab-kitab etmədən, qorxularını aşaraq fikir ayrılığına səbəb olan təkliflərini arxa plana ataraq yenidən bir araya gəlmənin yollarını tapa bilmələridir. Seçkinin təkrarlanmasına müsbət baxmağımız mümkün olmadığı kimi, azlıq hökuməti və ya seçki hökuməti qurulmasına da isti yanaşa bilmərik", - MHP lideri deyib.
D.Bağçalı vurğulayıb ki, Türkiyədə koalisiya hökumətinin qurulması üçün az da olsa ümid var: "Bizim prinsip və şərtlərimiz qəbul edilərsə, əvvəlcə ölkəm və millətim deyən türk siyasətinin 46 illik nəhəng çinarı Milliyyətçi Hərəkat Partiyası əlini, gövdəsini daşın altına qoymağa qərarlıdır. Heç bir şey bitmiş kimi düşünülməməlidir. MHP varsa, hər zaman türk milləti və Türkiyə üçün ümid var".