|
Mirmahmud Mirəlioğlu: “Seçkini boykot ediriksə, seçkidə iştirak etməyənləri satqın adlandırmaq kökündən yanlış olan yanaşmadır”
Ötən həftə Milli Şuranın sessiyasında 1 noyabrda keçiriləcək parlament seçkiləri məsələsi müzakirə edilib. Qurumun sədri Cəmil Həsənli çıxışında deyib ki, hazırda seçkilərin keçirilməsi üçün minimum şərait yoxdur.
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, AXCP sədri Əli Kərimli isə çıxışında bildirib ki, hər şey əvvəldən bəlli olan seçkidə iştirak etməyəcəklər. AXCP sədri Milli Şura olaraq sessiyadan sonra cəmiyyətə və hökumətə çox aydın şəkildə mesajlar verilməsini, sessiyanın nəticəsi olaraq, Milli Şura Koordinasiya Şurasına qurumun seçkiyə münasibətini ifadə edən sənəd qəbul etməsini təklif eləyib.
Bir sıra siyasi təhlilçilər hesab edir ki, Milli Şuranın rəhbərliyi bununla əslində seçkiləri boykot edəcəklərinin, seçkidə iştirak edəcək digər müxalif qüvvələri isə “nəticəsi əvvəldən bəlli olan seçkiyə demokratik don geyindirən satqınlar” adlandıracaqlarının anonsunu vermiş olublar.
Seçkiləri boykot etmək məsələsinə digər müxalif partiyaların münasibətinə gəlincə, Milli Şuradan kənarda olan partiyalar boykot mövqeyini dəstəkləmirlər.
“Azadlıq 2015" seçki blokunda təmsil olunan KXCP-nin sədri Mirmahmud Mirəlioğlu ”Yeni Müsavat"a açıqlamasında bildirdi ki, kimin nə deməyindən asılı olmayaraq onlar seçkidə iştirakı doğru sayırlar:“KXCP illərdir ki, bütün seçkilərdə, hətta heç kəsin iştirak etmədiyi seçkilərdə iştirak edib. Bunun bir sıra xüsusi səbəbləri var. Birincisi budur ki, siyasi partiyanın ən böyük silahı seçkilərdə iştirak eləməkdir və bütün siyasi partiyalar öz nizamnamə və məramnamələrində birmənalı şəkildə vurğulayıblar ki, fəaliyyət istiqamətlərindən biri seçkilərdə iştirakdır. İkinci səbəb bundan ibarətdir ki, KXCP-nin Azərbaycanın bütün inzibati əraziləri üzrə nümayəndələri, təşkilatları var. Ona görə də KXCP heç bir müxalif partiyanın iştirak etmədiyi bələdiyyə seçkilərində belə iştirak edib. Bunu doğru sayırıq. Olub ki, biz də ayrı-ayrı adla fəaliyyət göstərdiyimiz zamanlarda seçkini boykot etmişik. 1998-ci il nümunəsi var.
Amma hər kəs də bunu yaxşı bilir ki, həmin vaxt hamının bir arada olub guya seçkini boykot etməsi birbaşa Əbülfəz Elçibəyin seçkidə iştirak etməsinə mane olmaq üçün olub. İllər keçəndən sonra da bu məsələyə xüsusi aydınlıq gətirilib ki, kaş belə olmayaydı, düz etmədik və sair. Ona görə də indi kimin nə deməyindən asılı olmayaraq biz seçkidə iştirakı doğru sayırıq. Partiyanın qərarı da var. Seçkidə iştirak etməmək də hər kəsin doğal haqqıdır, özləri bilərlər. Ona görə də biz seçkidə iştirak ediriksə, hər kəsdən tələb edə bilmərik ki, sən də seçkidə iştirak etməlisən. Eyni zamanda seçkini boykot ediriksə, seçkidə iştirak etməyənləri satqın adlandırmaq da kökündən yanlış olan yanaşmadır. Biz başqalarının mövqelərinə, taktikalarına hörmətlə yanaşığımız kimi, hesab edirik ki, bu, qarşılıqlı olmalıdır.
Biz seçkidə iştirak ediriksə, bu heç də o demək deyil ki, hakimiyyət istədiyini etməlidir, seçkini saxtalaşdırmalıdır, demokratik seçki mühiti yaratmamalıdır, Seçki Məcəlləsi təkmilləşməməlidir".
M.Mirəlioğlu deputatlığa namizədlərinin müəyyənləşməsi işinin davam etdiyini də açıqladı: “Mərkəzi seçki qərargahı var. Mərkəzi seçki qərargahı KXCP-nin daxil olduğu ”Azadlıq 2015" seçki blokunun qərargahıdır. Bloka daxil olan partiyaların rəhbərliyi burada təmsil olunurlar. Partiyaların rəhbərliyinə daxil olan insanların namizəd olacaqları dairələr müəyyənləşdirilib"./Musavat.com/