|
“Talehdən şikayətçi olan Faiq İlyasova xoş gəlmirdi. Faiq İlyasovun gözləri önündə serjant Vahid Həşimov üzərimə hücum çəkərək mənə, bir anaya yaraşmayan ağır küçə söyüşlərlə dayanmadan təhqir etdi. Hətta mənə əl qaldırıb məni vurdu”
Taleh Xasməmmədovun məhkəməsində onun anası aşağılanaraq fiziki zorakalığa məruz qalıb.
Məlumat verildiyi kimi Göyçayda və ətraf bölgədə fəaliyyət göstərən hüquq müdafiəçisi Taleh Xasməmmədovun bir neçə gün öncə keçirilən məhkəmə prosesində ictimaiyyətə məlum olmayan hadisələr baş verib.
Bu barədə cumhuriyyet.az-a məlumatı həbsdə olan məhbusun anası Gülbuta Xasməmmədova verib. O bildirib ki, 22.07.2015 ci il tarixdə saat 16:30 radələrində Göyçay Rayon Məhkəməsində oğlum Taleh Xasməmmədovun “qondarma cinayət işi” ilə bağlı yekun məhkəmə iclası keçirildi; “Dövlət ittihamçısı oğlum Taleh barəsində: “Taleh Xasməmmədova cəzasının ciddi rejm olmaqla 4 il iş” verilməsi istədikdə artıq mən dövlət ittihamçısının kimlərinsə sifarişını yerinə yetimək istəyinin şahidi idim. Məhkəmə fasilə elan etdikdən sonra “zərərçəkmişlər”-ə yalandan ifadə verdikləri barədə irad tutduqda və Talehə şər atdıqlarını dedikdən sonra onlar tərəfindən təzyiqlərə məruz qaldım. Illərdi ki, əsl həqiqəti mən öz ifadəmdə vermişəm. Mənim ədalət tələb etməyim, məhkəmə zamanı təzyiqlərə məruz qalmağım Göyçay Rayon Polis şöbəsinin rəis müavini, Talehdən şikayətçi olan Faiq İlyasova xoş gəlmirdi. Faiq İlyasovun gözləri önündə serjant Vahid Həşimov üzərimə hücum çəkərək mənə, bir anaya yaraşmayan ağır küçə söyüşlərlə dayanmadan təhqir etdi. Hətta mənə əl qaldırıb məni vurdu, başqa polislər isə mənim qolumdan tutmuşdular. Elə bu zaman polis kapitanı İslam İslamov hardansa peyda olaraq mənim üzərimə şığıdı və qolumdan tutaraq məhkəmə salonundan çölə atmaq istəyirdi, mən çölə çıxmaq istəməyərək “anayam” deyərək etiraz etdim. O, isə mənim əlimi sıxaraq dırnağı ilə barmağımı zədələdi və barmağım qanadı. Daha sonra o, iki barmağının arasından baş barmağını çıxararaq “ala”, “oğlunu əvəzinə bunu dişləyərsən” deyərək hər kəsin yanında məni alçaltdı. Bütün bunları gözü ilə görən rəis müavini Faiq İlyasov polis işçilərinə heç bir irad bildirmədi. Əksinə olaraq “Xasməmmədovlardan bir raport hazırlayın hamısını basın içəri” deyə əmr etdi. Oğlumun günahsız olmasına baxmayaraq fasilədən sonra hakimin Taleh barəsində 3 il hökm oxuması məni şoka saldı və məhkəmə zalında özümdən getdim. Hadisələrin sonrakı gedişindən xəbərim olmayıb. Mən ayılıb özümə gələndə isə Təcili Tibbi Yardım həkimi tərəfindən mənə tibbi yardım edildiyini gördüm. Mən indi soruşmaq istəyirəm, Xasməmmədovlar kimə nə ediblər ki , onların şərlənərək yox olmasını istəyirlər. Mən bir ana kimi bu sualın cavabını harada axtaracağımı bilmirəm. Həmin hadisə gözümün önündə baş verdiyindən, hadisənin necə baş verməsi haqdakı ifadəmə baxılmadı. Əksinə olaraq 14 nəfərdən ibarət olan bir ailənin ağbirçəyini məhkəmə zalında hüququ və qanunu müdafiə etməli olan məsul şəxslərin gözü qarşısında onların iştirakı ilə təhqir edib fiziki zorakaklıq göstərdilər. Mən bu dövləti idarə edənlərdən soruşmaq istəyirəm; Siz bu ölkəni hara aparmaq istəyirsiniz?”
Taleh Xasməmmədovun məhkəmə prosesi Göyçay rayon polis şöbəsinin əməkdaşlarının iştirakı ilə gücləndirilmiş iş rejimi şəraitində həyata keçirilib. Məhkəmədə iştirak etmək istəyənlərə polis tərəfində təzyiqlər olduğundan və imkan verilmədiyindən məhbusun ailə üzvləri və rayonun ictimai fəalları məhkəmə zalına buraxılmayıb.
Xatırladaq ki, Taleh Xasməmmədov bu ilin fevral ayının 24- də Göyçayda həbs olunub. Cinayət Məcəlləsinin 221. 2- ci maddəsi ilə ittiham olunan hüquq müdafiəçisi Göyçay rayon məhkəməsinin 22 iyul 2015- ci il tarixli hökmü ilə 3 il müddətinə cəzasını ciddi rejimli CÇM- də çəkmək şərti ilə azadlıqdan mərhum edilib. Hüquq müdafiəçisinin son məhkəməsində rayon polis şöbəsinin rəis müavini Faiq İlyasovun rəhərliyi ilə polis əməkdaşlarının fəallıq etməsi, Taleh Xasməmmədovun üzünə durub ondan şikayətçi olmaları və sonda məhbusun ailə üzvlərinə qarşı fiziki zorakalıq edib onları hədələməsi bu sifarişin əsaslı olmasına dair ehtimalı artırır.
Siyasi Məhbusların işi ilə bağlı yaradılmış İşçi Qrup Taleh Xasməmmədovu siyasi məhbus elan edib