|
Vahid Əhmədov: Gənc bir insanın kredit borcuna görə özünü asması bizim dövlətə yaraşan bir hərəkət deyil
İyulun 9-da Bərdə rayonunda baş verən dəhşətli intihar hadisəsinə ölkə ictimaiyyətinin nümayəndələri də laqeyd qalmayıb.
Məlumat üçün qeyd edək ki, intihar edən şəxs 1992-ci il təvəllüdlü Bərdə rayon sakini Dadaşov Elşad Vaqif oğlu, ailəli olub və bir övlad atası imiş.
Bərdə şəhərindəki Qəhrəmanlıq parkı adlanan ərazidə Tərtər çayı üzərindəki körpüdən özünü asan gəncin banka kredit borcu olduğu üçün intihar etdiyi ehtimal olunur.
Baş verən bu hadisəyə münasibət bildirən Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov musavat.com-a açıqlamasında baş verən olayı bir siqnal adlandırdı və bank sistemində islahatlar keçirilməsinin vacibliyini vurğuladı: “Bu, çox ciddi hadisədir. Son zamanlar məhz kredit borclarına görə baş verən intihar hadisələrinin sayı artır. Azərbaycanda bu kimi hadisələr baş verməməlidir. Ümumiyyətlə, Azərbaycan vətəndaşları intihar haqda fikirləşməməlidirlər”.
Deputat onu da qeyd etdi ki, ölkədə kredit borcları ilə əlaqədar vəziyyət həqiqətən problemlidir: “Biz də bu məsələni dəfələrlə gündəmə gətirmişik, hokumət tərəfindən də dəfələrlə müzakirə olunub. Ancaq hələ ki, müsbət mənada problem həllini tapmayıb. Bu müddət ərzində kredit borcları azalmaq əvəzinə daha da artıb. Bunun da bir sıra səbəbləri var. Bu yaxınlarda Mərkəzi Bank komission haqları ilə bağlı qərar verdi və komission haqlarını 4-12 faizdən 1 faizə endirdi. Banklar da əks addım atıb, kredit faizlərini 35-40 faizə qaldırdılar və vəziyyət daha da gərginləşdi. Ola bilər ki, hansısa qərar verilsin və banklar faizləri aşağı salsınlar. Ancaq hazırda fakt belədir ki, kredit faizləri həddindən artıq yüksəkdir”.
Vahid Əhmədovun sözlərinə görə, ümumiyyətlə bank sistemində islahatların aparılmasına ehtiyac var:“Bank sisteminə dövlət tərəfindən yardımlar edilməli, bu sahəyə müəyyən qədər maliyyə ayrılmalıdır. Məsələnin səbəbini araşdırmaq lazımdır ki, niyə kredit faizləri aşağı düşmür. Heç bir ölkədə kredit faizləri bu qədər yüksək deyil. Bu ictimaiyyəti narahat edən bir məsələdir. Belə intihar hallarının baş verməsinin səbəbləri ciddi araşdırılmalıdır. Kredit borclarını ödəyə bilməyən insanların vəziyyəti nəzərə alınmalıdır”.
V.Əhmədov kredit borclarının silinməsi məsələsini indiki iqtisadi durumda mümkünsüz hesab etdiyini də bildirdi: “İndiki iqtisadi durumda, dünyada gedən iqtisadi-siyasi proseslər ərəfəsində mən inanmıram ki, belə güzəştlər olsun. Amma banklara müəyyən qədər güzəştlər etmək olar. Banklara dövlətin Ehtiyat Fondundan və ya Mərkəzi Bankın fondundan müəyyən qədər vəsait ayırmaq olar ki, kredit faizlərini müəyyən qədər aşağı salsınlar. Və ya o insanlar ki, kredit borclarını qaytarmaq imkanları yoxdur, həmin borcları müəyyən qədər gözləmək, silmək imkanına malik olsunlar. Bunun üçün də banklarda müəyyən resurslar olmalıdır. ”
“Mən vətəndaşlara məsləhət görərdim ki, banklardan kredit götürərkən oturub çox fikirləşsinlər və bağladıqları müqavilənin şərtləri ilə diqqətlə tanış olsunlar” - deyən V.Əhmədov məhz diqqətsizlik səbəbindən vətəndaşların çətin vəziyyətə düşdüyünü qeyd etdi: “Müqavilədə çox nüanslar öz əksini tapmır və sonradan vətəndaşlar pis vəziyyətdə qalırlar. Banklar isə öz gəlirlərini götürməyə çalışırlar və çalışırlar ki, müştərilər kreditləri vaxtında qaytarsınlar”.
İntihar edən kredit sahiblərinin borclarının ödənilməsinə gəlincə, Milli Məclisin deputatı bu məsələdə bankları həmin ailələrə güzəşt etməyə çağırdı: “Bu borc dövlət tərəfindən də ödənilə bilər. Banklar özləri də borcları silə bilərlər. Məndə olan məlumata görə, bəzi banklarda bu kimi əməliyyatlar aparılıb. Mən hesab edirəm ki, gənc bir insanın kredit borcuna görə özünü asması bizim dövlətə yaraşan bir hərəkət deyil”. /Musavat.com/