|
QHT-lər və medianın birgə bəyanatına müxalif düşərgədən sərt reaksiyalar gəldi...
Bir neçə gün əvvəl ölkədə 77 təşkilat birgə bəyanat yayaraq Avropa Oyunlarına dəstək nümayiş etdirib. “Bakı-2015: I Avropa Oyunlarına Dəstək” Vətəndaş Cəmiyyəti Koalisiyası Azərbaycana qarşı kampaniyaya etiraz olaraq bəyanatla çıxış edib.
Bəyanatda bildirilir: “Bu möhtəşəm idman bayramı yaxınlaşdıqca Azərbaycana dost mövqedə olmayan bəzi dairələrin narahatlığı artır, son aylar ölkəmizə qarşı başlanmış qarayaxma kampaniyası daha da güclənir. Bir mərkəzdən idarə olunan bu qüvvələr Azərbaycan Respublikasının regionda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə, bərabərhüquqlu tərəfdaşlığın genişlənməsinə yönəlmiş müstəqil siyasətini qəbul etmək istəmir, cəmiyyətimizi daxildən parçalamağa uğursuz cəhd göstərirlər”.
Həmçinin vurğulanır ki, “Azərbaycanda repressiyaların, vətəndaş cəmiyyətinə basqıların olduğunu iddia edən bu üzdəniraq ”üçlük" guya orijinallıq göstərərək yeni üsul düşünmüş, Avropa idmançılarını siyasi təzyiq alətinə çevirərək, konkret cinayət əməllərinə görə mühakimə olunmuş bir neçə nəfəri dəstəkləmək üçün “ayağa qalxmağa” çağırmışdır".
Koalisiya hesab edir ki, Ermənistanın təcavüzü nəticəsində hüququ pozulmuş bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün taleyi, Dağlıq Qarabağdakı quldur rejim tərəfindən girov götürülərək işgəncələrə məruz qalan və qanunsuz mühakimə edilən vətəndaşlarımızın hüquqları barədə indiyə qədər bir kəlmə də danışmayan beynəlxalq hüquq-müdafiə məmurlarının bu cür məsuliyyətsiz bəyanatlar səsləndirməyə və çağırışlar etməyə heç bir mənəvi haqqı yoxdur.
Bəyanatı imzalayan 77 təşkilatın əksəriyyəti qeyri-hökumət təşkilatları, 20-dən çoxu isə mətbuat orqanlarıdır. Bəyanatdan da göründüyü kimi, ölkədəki siyasi məhbuslar cinayətkar - “konkret cinayət əməllərinə görə mühakimə olunmuş” hesab ediliblər. Bəyanatı imzalayan hüquq müdafiəçiləri və media qurumlarının rəhbərləri siyasi məhbusların məhz cinayətkar olduğu qənaətindədir, lakin arqumentləri yoxdur. Siyasi məhbusların ailələri, vəkilləri və müxalifət partiyaları isə onların heç bir cinayət əməli törətmədiyini vurğulayırlar. Onların fikrincə, ölkədə insanların cinayətkar olub-olmadığını məhkəmələr və qanunlar müəyyən etmir.
Bəyanatı imzalayanlardan “Konstitusiya Araşdırmaları” Fondunun rəhbəri Əliməmməd Nuriyev məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, sözügedən bəyanatda siyasi məhbuslarla bağlı fikri dəstəkləyir: “Qanunlarla o şəxslər cinayətkar hesab edilə bilər ki, hüquqi mənada məhkəmənin qanuni qüvvəyə minmiş hökmü var. Dövlət belə hesab edir. Biz çalışırıq ki, həbs olunan həmkarlarımız var, onlar azadlığa çıxsınlar. İnsan Hüquqları üzrə İşçi Qrupumuz fəaliyyət göstərir və biz o şəxslərin azad olunması üçün çalışırıq. Mənim həmkarlarımla bağlı arzum budur. Hər şey qanun çərçivəsində həll olunmalıdır”.
Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli isə qeyd edib ki, bəyanatda xarici təşkilatların Bakıda keçiriləcək Avropa Oyunları ilə bağlı yürütdükləri qərəzli kampaniyadan söhbət gedir: “Ümumilikdə bəyanatda son vaxtlar Azərbaycana qarşı aparılan kampaniya pislənib, orada ciddi məqamlar var. Bu oyunların insan həyatı müstəvisində təqdim olunması fərqli-fərqli məsələlərdir. Dünyanın heç bir yerində olmayıb ki, haradasa idman oyunları keçirilsin, orada insan hüquqları məsələsi idmanın bir hissəsi kimi verilsin. Bu məsələlərin qarışdırılması düzgün deyil. Azərbaycanda mövcud durum şişirdilərək təqdim olunur. Onlar konkret əməllərinə görə həbsə düşüblər. Gətirib siyasi məhbus kimi təqdim etmək, qərəzli formada qabartmaq düzgün deyil. Açılmış cinayət işinə görə qiymət verilməlidir. Hesab edirəm ki, biz haqlıyıq”.
Demokratik Jurnalistlər Liqasının rəhbəri Yadigar Məmmədli isə bildirib ki, siyasi məhbus hesab edilən şəxslər konkret cinayət törətməkdə təqsirləndiriliblər: “Əsas maddələr onların cinayət törətdiyini göstərir. Məsələ də bu cür yozulmalıdır. Onlar hansısa cinayətlərə görə həbs olunublar, ittihamlarda bu göstərilib. Fərqli düşüncəyə görə həbs olunmayıblar. Siyasi məhbus hesab edilən adamlar hər hansı bir cinayət maddəsi üzrə həbsə atılıblar. Məhz həmin maddələrə görə cinayətkardırlar. Amma söhbət ondan gedir ki, siyasi fəaliyyəti, fərqli düşüncəsinə görə uyğun maddə altında həbsdə yatan insanlar yoxdur. Bu, faktdır”.
Siyasi məhbus Tofiq Yaqublunun qızı Nigar Yaqublu isə bildirib ki, bəyanatdakı siyasi məhbuslarla bağlı fikirlər qəbulolunmazdır: “O avropalılara görə camaata zülm edilir, onda normal olur, amma avropalı boykot edəndə, normal olmur? Elə deyilsə, niyə avropalılara yaxşı görünmək üçün əllərindən gələni edirlər? Avropalılar o qədər axmaqdırlar ki, əsl cinayətkarın, yaxud siyasi məhbusun kim olduğunu bilməsinlər? Əlbəttə ki, bilirlər. Atam, onunla birlikdə həbs edilən İlqar Məmmədov siyasi məhbusdur. Onları heç bir əsası olmadan 2 il 4 aydır girovluqda saxlayırlar. Ancaq onların cinayətini sübut edə bilməyiblər, çünki cinayətləri yoxdur. Məhkəmə şou göstərdi, teatr quruldu. Ancaq ortada cinayət olmadığından, məhkəmə sübut tapmadı. Bir də ki, bu ölkədə kimi, cinayətkar olduğunu məhkəmə həll etmir”.
Bir neçə siyasi məhbusun vəkili olan Nemət Kərimli də qeyd edib ki, siyasi məhbuslarla bağlı bu cür davranış qanunsuz və qeyri-etikdir: “Konstitusiyaya, eləcə də beynəlxalq konvensiyalara görə, məhkəmənin hökmü qanuni qüvvəyə minmədən təqsirləndirilən şəxs cinayətkar sayıla bilməz. Siyasi məhbusların arasında elələri var ki, onların barəsində məhkəmənin hökmü hələ qüvvəyə minməyib. İkincisi, vicdan məhbusu, siyasi məhbus elan edilmiş şəxslərlə bağlı hazırlanmış siyahıda mən də iştirak etmişəm, imzalamışam. Hesab edirəm ki, azından siyahıdakı özümün müdafiə etdiyim şəxslər qanunsuz həbs olunub, günahsızdırlar. Onların günahkar və cinayətkar olmadıqları məhkəmədə tam sübuta yetirilib. Siyasi fəaliyyətlə məşğul olduğuna görə ölkədə həbs olunan yüzdən çox insan var. Sözügedən lazımsız bəyanatı pisləyirəm. Humanizm prinsiplərinə görə, mənəvi dəyərlərə nəzərən baxdıqda isə, ayıbdır, sadəcə”.
Müsavat başqanının müavini Elman Fəttah isə bildirib ki, bəyanat imzalayan 77 təşkilat sifariş yerinə yetirib: “Onların içərisində birmənalı olaraq hakimiyyətin təbliğatı ilə məşğul olan ”İrəli" və digər təşkilatlar var. Bütün beynəlxalq insan haqları təşkilatlarının vicdan məhbusu kimi, siyasi məhbus kimi tanıdığı insanların cinayətkar adlandırılması hakimiyyətin onlara verdiyi sifarişin icrasıdır. Avropa Oyunları kontekstində bunun baş verməsi isə onu göstərir ki, Azərbaycan hakimiyyəti Avropa Oyunları və siyasi məhbus məsələsinin ciddi şəkildə toqquşmasından çox narahatdır. Müsavat Partiyası da bir ildən artıqdır bu məsələni Azərbaycan hakimiyyətinə izah etməyə çalışırdı ki, heç bir halda siyasi məhbusları, vicdan məhbuslarını azad etməyəcəyi təqdirdə, məsələ asan olmayacaq. Bu, Azərbaycanın və hakimiyyətin Avropa Oyunlarına rahat getməsinə təminat verməyəcək. Müsavat bununla bağlı çağırış etdi. Bir çox ölkələr artıq boykot yönündə qərarlar veriblər. Avropa Birliyi ayrıca bununla bağlı çağırış edib. Belə bir şəraitdə Azərbaycan hökuməti özünün konqo təşkilatları ilə guya bu işin əleyhinə piar kampaniyası qurmaqla məşğuldur. Bəyanatı imzalayan media da hökumətin konqo mediasıdır. Həmin media orqanlarının hansı cür media siyasəti ilə məşğul olduğu hər kəsə, dünya ictimaiyyətinə də məlumdur. Onların Azərbaycan hökumətinin birbaşa siyasətinin ifaçısı olduğu heç kimdə şübhə doğurmur. Bütövlükdə bu bəyanatı mən Prezident Administrasiyasında hazırlanmış sənəd hesab edirəm". /Musavat.com/