|
Mirmahmud Mirəlioğlu oliqarxlara qarşı nümayiş etdirilən mərhəmətin niyə siyasi məhbuslara edilmədiyindən danışdı...
May ayı dövlətin milyonlarla manat pulunu kredit adı altında mənimsəmiş oliqarxların həbs olunması və az sonra azadlığa buraxılması hadisələri ilə yadda qaldı. Uzun müddətdir həbsdə saxlanan siyasilərin may ayında azad olunacağına olan ümidlər isə özünü doğrultmadı. Bu da bir çoxlarında belə rəy yaratdı ki, hakimiyyət siyasi məhbus kimi tanınanları sanki daha təhlükəli sayır.
KXCP sədri Mirmahmud Mirəlioğlu hesab edir ki, dövlət vəsaitini talan etdikləri deyilən şəxslərin həbs olunub qısa zamanda buraxılması hakimiyyətin öz daxili işidir. Ona görə də istədikləri kimi davranırlar: “Oliqarx deyilən o adamların həbsi başlayanda bizim münasibətimiz belə oldu ki, bu, hakimiyyətin öz daxili işidir, kimi həbs edər, kimi buraxar, özü bilər. Sadə vətəndaşlar, bizlər kiçik məbləğlərdə kreditləri belə ala bilmir. Həmin adamlara isə milyonlarla manat kredit verilib. Odur ki, mən dedim ki, bu işlər hakimiyyətin öz daxili işidir. Kredit vermişdilər, indi də həbs etmək lazım idi, sonra isə azad etmək. O zaman narazı qalanlar oldu ki, bu cür açıqlama vermək olmaz. Çox qısa zamanda sübut olundu ki, bizim açıqlamamız nə qədər reallığı əks etdirirmiş.
Bəlli oldu ki, tutulanlardan bir şeylər alıb buraxıblar. Onların özləri də etiraf etdilər ki, “ödədik, buraxdılar”. Bilirsiniz, Avropa Oyunları ilə bağlı bütün vətəndaşlarından hər kəsin öz çapına, damarına görə qan alırlar. Siyasi məhbuslar isə bu məsələdən tamamilə məhrumdurlar. Onlardan bac-xərac almaq mümkünsüzdür, onlardan vergi də almaq mümkün deyil, onlara milyonlarla manat kredit də verməyiblər ki, indi tutub alıb buraxalar.
Hakimiyyət o oliqarxların ölkə üçün təhlükəli olub-olmağının fərqində deyil. İstədikləri adamları həbs edirlər, istədiklərini də buraxırlar. “Bəs filan məhbuslar niyə azad olunmur, onlar məgər oliqarxlardan təhlükəlidirmi” şəklində deyilənlərə isə əhəmiyyət vermirlər".(Musavat.com)