|
Əli Həsənov: "keçən üç aya yaxın müddətdə müxalifət partiyalarından hakimiyyətə ciddi təklif daxil olmayıb"
İqbal Ağazadə: "Mən seçkilərin müzakirə olunmasının tərəfdarı deyiləm"
Üçüncü iqtidar-müxalifət görüşü keçirildi... "Hakimiyyət seçki məsələsini müxalifətlə müzakirə etməyə hazır deyil"
Bu gün üçüncü iqtidar-müxalifət görüşü keçirilib. Musavat.com-un xəbərinə görə, Beynəlxalq Mətbuat Mərkəzində baş tutacaq tədbirə qatılmaq üçün artıq bir çox partiyaların liderləri toplaşıb. Azərbaycan Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə, Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafa, “Ümid” Partiyasının sədri İqbal Ağazadə, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu, Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə, Demokratik İslahatlar Partiyasının (DİP) sədri, deputat Asim Mollazadə, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev, Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev, Ədalət Partiyasının sədri İlyas İsmayılov, Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, deputat Fərəc Quliyev, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı, “Azadlıq” Partiyasının sədri Əhməd Oruc, Sosial Rifah Patiyasının sədri Xanhüseyn Kazımlı, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) baş katibi Söhrab Abdullayev tədbirdə iştirak edib. Müsavat Partiyası və AXCP tədbirə qatılmayacağını açıqlayıb.
Görüşdə iqtidar tərəfdən Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, şöbənin müdir müavini Tahir Süleymanov, şöbənin sektor müdiri Elman Paşayev iştirak edir. Əli Həsənov çıxış edərək bildirib ki, üçüncü görüşün keçirilməsi zəruridir. Siyasi partiyaların Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsi olduğunu vurğulayan Ə.Həsənov dialoq zamanı müzakirə olunacaq məsələyə də aydınlıq gətirib. Onun sözlərinə görə, ölkədə əhəmiyyətli hadisələr baş verdikdə, iqtidarla müxalifət arasında görüş zərurəti yaranır: “Siyasi partiyalarla dialoqun aparılması ümummilli mahiyət kəsb edir və bu görüşlərin mahiyyəti bundan ibarətdir”.
O, qeyd edib ki, ötən görüşdən keçən üç aya yaxın müddətdə müxalifət partiyalarından hakimiyyətə ciddi təklif daxil olmayıb: “Yalnız blokun adından seçki islahatları və siyasi partiyaların seçkidə iştirakı barədə təklif daxil olub. Hakimiyyət bu gün hazır deyil bu təklifi müzakirə etməyə. Buna lüzum da görmürük ki, seçki islahatları və qarşıdan gələn seçkiləri müzakirəyə çıxaraq və müzakirə edək. Bu gün Azərbaycan cəmiyyətini daha çox maraqlandıran məsələ Avropa Oyunlarını keçirmək, onun təşkilati məsələləridir. Cəmiyyətin aparıcı siyasi institutları da bu məsələdən kənarda qalmamalıdır”.
Ə.Həsənovun açıqlamasından sonra görüş mətbuatın iştirakı olmadan davam etdirilib.
Tədbirdən ilk olaraq çıxan İqbal Ağazadə açıqlama verib. O, bildirib ki, hakimiyyət təmsilçiləri ilə görüşdə təkliflərini veriblər: “Dialoq ondan ötrüdür ki, problemi həll edəsən. Biz mövqeyimizi ifadə etdik. Hər kəs mövqeyini ifadə edir. Bizim elə bir vəziyyətimiz yoxdur ki, cəbhə xətti müəyyən edək. Hakimiyyət də öz mövqeyini ifadə etdi. Avropa Oyunlarını dəstəkləyirəm, əleyhinə deyiləm. Bildirdim ki, ölkədə siyasi məhbus məsələsi var, həll olunmalıdır. Siyasi dustaq məsələsini Avropa Oyunlarına qarşı qoymaq lazım deyil, nə də əksinə. Avropa Oyunlarının keçirilib-keçriilməməsindən asılı olmayaraq, dustaqlar azad olunmalıdır. Məsələn, İntiqam Əliyevə 9 il iş istəyən prokuror iki milyona yaxın dövlət əmlakını mənimsəyən şəxsə şərti iş istəyir. Yanaşma siyasidir. Bildirdim ki, prokuror sizin xəttin yanında olana, siyasi yanaşmanıza görə şərti iş istəyir. Məsələlər bu şəkildə açıq qoyuldu. Hakimiyyət gedib təkliflərimizi müzakirə edəcək. Əli Həsənov hakimiyyətin bir nümayəndəsidir. Yuxarılara, Adminstrasiya rəhbərinə və köməkçisi olduğu prezidentə bununla bağlı məlumat verəcək. Biz öz mövqeyimizi çatdırdıq”.
İ.Ağazadə seçki məsələsinin müzakirəsinin tərəfdarı olmadığını da açıqlayıb: “Mən seçkilərin müzakirə olunmasının tərəfdarı deyiləm. Müzakirə oluna bilməz. Seçkilər mövcud qanunvericilik çərçivəsində ədalətli keçirilsə, yetər. Məcəllə dəyişəcək? Faktiki olaraq buna vaxt yoxdur. Hakimiyyət desə, mən hesab edəcəm ki, yanlışdır. Buna zamanı yoxdur hakimiyyətin. Ona görə seçki məsələsini müzakirə edib yalandan saqqız kimi çeynəməyin faydası yoxdur. Getsin seçki keçirsin bu qanunlarla, bu da onun vəzifəsidir”.
Üç saata yaxın davam edən görüş başa çatıb. Görüşün sonunda yenidən jurnalistlər üçün brifinq keçirən Əli Həsənov nəticə barədə danışıb. O bildirib ki, hamının razılığı ilə görüşdə Avropa Oyunlarına münasibət müzakirə edilib: “Həmçinin, partiya sədrlərinə imkan yaratdıq ki, onları narahat edən Azərbaycan cəmiyyətində yaşanan məsələləri də qaldırsınlar”. Onun sözlərinə görə, əsas müzakirə mövzusu Avropa Yay Oyunlarının təşkili kimi məsələlər olsa da, partiya sədrləri bir neçə başqa məsələlərdən də danışıblar: “Bir qrup məhbusun azad olunması və sair məsələləri gündəmə gətirdilər. Ölkə başçısına əfvə bağlı müraciət etdilər. Azərbaycan cəmiyyətini vəsiyasi partiyaları narahat edən məsələlər səsləndirildi. Qərargah məsələsi, sosial məsələlər, bank kreditlərindən tutmuş adi siyasi plüralizm məsələlərə qədər çox mühüm məsələlər qaldırıldı. Bəzilərinə dərhal münasibət bildirildi. Bizim razılaşıb-razılaşmadığınız məsələlər oldu. Əsas məsələ ilə bağlı mövqe o oldu ki, Avropa Oyunları Azərbaycan dövlətinə lazımdır. Avropa Oyunları Azərbaycan dövlətinə bir imkan verdi ki, özünün idman strukturlarını genişləndirsin. Gələcəkdə daha böyük Avropa Oyunlarına ev sahibliyi etmək iddiasını ortaya qoysun. Bu yarışlar Azərbaycan üçün bir vasitədir. Vasitə də o istiqamətə yönəldilməlidir ki, Azərbaycanın problemlərini dünyaya çatdıraq. Bu dialoqun isə alternativi yoxdur”. Həmçinin, o, Müsavat Partiyasının irəli sürdüyü təkliflərə diqqət çəkərək bildirib ki, onların bu məsələləri görüşdə "cari məsələlər" hissəsində qaldırmaq imkanı var.
Röya
Müsavat.com