|
Bu gün müsavatçılar Müsavat Partiyasının qərargahı önündə Vurğun Əyyubun partiya sıralarından qanunsuz olaraq çıxarılmasına və partiyanın hazırkı rəhbərliyinin apardığı siyasətə etiraz olaraq aksiya keçirib.
Publika.az xəbər verir ki, 100-ə yaxın müsavatçı qərargahın önündə partiya rəhbərliyinin siyasətini sərt şəkildə tənqid edib. Aksiyada Müsavat üzvləri ilə yanaşı, partiyadan xaric edilənlər də iştirak edib.
Aksiyada çıxış edən Müsavatın sabiq üzvü Əlövsət Sadıqlı partiya rəhbərliyini sərt şəkildə tənqid edərək bildirib ki, qurultaydan çıxan nəticələrdən dərs götürülməyib: “Qurultayda Arif Hacılı qanunsuz olaraq başqan seçildi. Qurultaya hazırlıq üzrə təşkilat komitəsi demokratiyaya, Müsavatın prinsiplərinə zidd olaraq bir nəfəri rəhbərliyə gətirdi. Hansı ki, açılmış bütün sənədlər bunun qanunsuz olduğunu göstərirdi. İsa Qəmbər başda olmaqla hazırkı rəhbərlik qurultayın sənədləri tam hazır olmamış Ədliyyə Nazirliyinə göndərdilər. Bizim əlimizdə bununla bağlı faktlar var idi və bunu açıqlasaydıq, bunu edənlər cinayət məsuliyyətinə cəlb oluna bilərdilər. Lakin biz dözdük. Düşündük ki, qurultaydan sonra qanunsuz addımlardan çəkinərlər. Onlarsa bundan daha da ruhlanaraq qanunsuz hərəkətlərinə davam etdilər və Müsavatda repressiya, anti-demokratik mənzərə yaratdılar. Arif Hacılıya qarşı fikir söyləyənlər dərhal cəzalandırıldı. Ömürlərinin əsas hissəsini Müsavata həsr edənlər azad söz dedikləri üçün partiyadan çıxarılır. Bu, dözülməz vəziyyətdir. Vurğun Əyyub Müsavatın əsas simalarından biridir. Bu gün ona qarşı atılan addım qisas xarakteri daşıyır. Biz buna qəti etiraz edirik. Bundan çıxış yolunu ya hazırkı rəhbərliyin qanunsuz əməllərindən əl çəkməsi, ya da istefa verməsidir”.
Suraxanı rayon təşkilatının sədri Rövşən Dəmirli də çıxışında Müsavat rəhbərliyini sərt şəkildə tənqid edib. O, növbədənkənar qurultayın çağırılmasının vacibliyini vurğulayıb.
Aksiyada “Müsavat ailə partiyası deyil”, “Növbədənkənar qurultay çağırılsın”, “İstefa” şüarları səsləndirilib. Etirazçılar Arif Hacılını istefaya çağırıb.
Sonda aksiyanın qətnaməsi oxunub.