|
Peyman Sadıqov: Görəsən, bu iki məmur şərəf və ləyaqətlərini 10 min manata dəyişirlər?
İcra başçısı öz müavini Elmira Ağayevanı və baş həkim Fərhad Səfərovu yanına çağıraraq juranlisti məhkəməyə vermələrini tapşırıb: "Guya mən bunun şərəf və ləyaqətlərini təhqir etmişəm. Görəsən, bu iki məmur şərəf və ləyaqətlərini 10 min manata dəyişirlər? Bu fikirləri Teleqraf.az-a "Xalqxeber.az" saytının redaktoru Peyman Sadıqov bildirib. Baş redaktorun sözlərinə görə, Bu gün Mərdan Camalov Heydər Əliyevin adını daşıyan muzeyi ləğv edərək oranı "Rabitəbank"ın Şirvan filialına satıb. Bundan başqa Şahmat Məktəbini ortadan yarı bölərək ticarət obyekti kimi özəlləşdirib işlədir. Hətta Heydər Əliyevin adını daşıyan parkda "Şəlalə" çay evi açıb və oğlu tərəfindən idarə olunur. Çılpaqlı adlanan ərazidə kafel və metlax zavodu açıb. Hər il dövlət büdcəsindən ayrılan vəsaitləri mənimsənilir. Belə ki, öz kafel və metlax sexindən lazımi metlaxlar alır, büdcədən pul silir. Şəhərin bütün sahibkarlarını məcbur edir ki, bunun sexindən alınsın bütün mallar. Heydər Əliyev meydanı hər il təmir olunur. Belə ki, hər il guya "metlaxlar dəyişdirilir" adı altında pullar yeyilir. Meydandakı metlaxların üstündən metlax vurulur. Artıq üçüncü dəfədir metlax üstünə metlax vurulur".
Baş redaktorun sözlərinə görə, onu qərəzli şəkildə məhkəməyə verən icra başçısı və qohumları Şiravanda dözülməz şərait yaradıblar. Onun sözlərin görə icra başçısı rayonda özünün biznes şəbəkəsini yaradıb: "İcra başçısının dayısı Şirvan Humanitar Hollecin rəhbəri Balamirzə Məmmədovdur. Şirvanda icra başçısının "Leyla" şadlıq sarayı var. Bir müddət öncə Heydər Əliyev adına tikilən mərkəz həbs olunan "Mur Ay" MMC-nin rəhbəri tərəfindən icra başçısının təzyiqi nəticəsində tikilib. İcra başçısının "Sərvət" şadlıq sarayının yanında hektarla torpaq sahələri var. Şirvanın 152 saylı Texniki Peşə Məktəbinin həyəti Mərdan Camalovun qohumları tərəfindən tamamilə zəbt olunub. Təsəvvür edin ki, məktəbin həyətində hansı növ biznes obyekti istəsən tikilir, avtoyuma, ticarət mərkəzi, restoran və nələr, nələr. Araşdırmadan sonra öyrənə bilirsiniz ki, bu obyektləri Camalovun yaxın qohumları, daha doğrusu, bibisi oğlanları tikdirir".
P.Sadıqovun sözlərinə görə, icra başçısı torpaq alveri ilə məşğuldur: "Hazırda Şirvanda hər kəs bilir ki, torpağın kvadrat metrini Mərdan Camalov şəxsən satır. Bütün Şirvan sakinlərinin gözü qarşısında Mərdan Camalov Heydər Əliyevə adına olan meydanda yerləşən Şahmat Məktəbini bölərək Samir adlı oğluna verib. Hazırda obyekt telefon mağazası kimi fəaliyyətdədir. Bundan başqa Heydər Əliyev adına istirahət parkında dəbdəbəli çayxanası, uşaq əyləncə qurğuları, yayda su, dondurma, qarğıdalı satan köşkləri fəaliyyət göstərir. Həmin kompleks obyektdən gələn vəsait bilavasitə Mərdan Camalova çatır. Obyekt əvvəllər MƏrdan Camalova yaxın adamlarından olan Statistika İdarəsinin rəisi Məharət adlı şəxsin adına rəsmiləşmişdi. Qalmaqallı “Muray" MMC şirkəti tərəfindən Şirvanda Heydər Əliyev adına Mərkəz tikiləndən sonra M.Camalov əvvəlki yaşayış binasının altında olan Heydər Əliyev Muzeyini də yaxın qohumlarına bağışladı. Bu yaxınlarda isə icra başçısı Camalovlara məxsus olan “Leyla” şadlıq sarayının ətrafında 90 ədəd şam ağacını hasara alaraq həmin yeri zəbt edib".
İcra başçısı Şirvan şəhərinin mərkəzində xəstəxananın giriş qapısında səhiyyənin emblemini ləğv edərək “Apteklər kralı” kimi tanınan Rəhman adlı sahibkara satıb: "Şəhərdə avtomobilin, piyadaların hərəkətinə əngəl törədən həmin tikili Şirvanda böyük narazılığa səbəb olub. Yavər Camalov məhz müdafiə sənayesi naziri postuna təyin olunduqdan sonra sürətlə ölkənin əsas oliqarxları sırasına inteqrasiyaya başladı. Bu gün isə nazir “Olimpik Star”, “Kral”, “Niaqara”, “Qızıl Tac”, “Ambassador” və bir çox başqa obyektlərin də aid olduğu şadlıq evləri, otellər, sağlamlıq-istirahət mərkəzləri şəbəkəsinin sahibidir. Yavər Camalovun malik olduğu böyük biznes şəbəkəsi Rusiyanın paytaxtı Moskva şəhərində də kifayət qədər sahələri əhatə edib. Belə ki, mənbələr bu şəbəkəyə “Elita” ticarət mərkəzinin və əlbəttə ki, bir neçə restoran-şadlıq evi kompleksinin aid olduğunu bildirirlər".
Qeyd edək ki, bu kimi faktları işıqlandırdığına görə icra başçısı tərəfindən məhkəməyə verildiyini iddai edən baş redaktor özünə təzyiqləri sifariş hesab edir. Onu da qeyd edək ki, bir müddət öncə Prezident İlham Əliyev AŞPA-dakı çıxışında bu məqamı xüsusi olaraq vurğuladı: "2009-cu ildən üzü bəri Azərbaycanda diffamasiyaya görə heç bir jurnalist həbs olunmayıb". Bundan əvvəl də diffamasiya ilə bağlı məsələlər ATƏT-in nümayəndələri ilə Bakıda dəfələrlə müzakirə olunmuşdu və CM 147-ci maddəsi ilə artıq heç bir jurnalistin mühakimə olunmadığı bəlli həqiqətdir. Belə olan təqdirdə verilən şikayət ərizəsi niyə qəbul olunub? Maraqlıdır, icra başçısı prezidentin bu çıxışından xəbərsizdirmi? Bəs işi icraata götürən hakim necə? Görəsən, o bilirmi ki, Azərbaycan Avropa Konvensiyasına qoşulduğu üçün Avropa Şurası qarşısında götürdüyü öhdəliyə əsasən, Cinayət Məcəlləsinin 147-148- ci maddələri ilə jurnalistlərə qarşı məhkəmə çəkişmələri ifadə azadlığının məhdudlaşdırılması kimi təsvir olunur?
Yazıdakı iddialarla bağlı adları çəkilən şəxslərin də mövqeyini dərc edəcəyik.