|
Aprelin 28-də Azərbaycanın paytaxtında III Qlobal Bakı Forumunda iştirak edən Prezident İlham Əliyev toplantıdakı nitqində bir sıra məsələlər toxunub.
İlham Əliyev Azərbaycanın Avropa və Asiya arasında təbii coğrafi körpü olduğunu vurğulayıb.
”Əminəm ki, Azərbaycan hazırda Avropa ilə müsəlman dünyası arasında mədəni və siyasi körpü rolunu oynayır. Bizim cəmiyyətdə multikulturalizm ənənələri dərin köklərə malikdir. Siyasi quruluşdan asılı olmayaraq, Azərbaycanda müxtəlif millətlərin, dinlərin və etnik azlıqların nümayəndələri hər zaman sülh və ləyaqət şəraitində yaşamışlar. Müstəqil olandan sonra Azərbaycan bu səbəbdən dünya multilkulturalizm mərkəzlərindən birinə çevrilmişdir. Gələn ay biz III Beynəlxalq Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edəcəyik.
Biz hər il Beynəlxalq Humanitar Forum təşkil edirik. Bu tədbir əsasən sülh şəraitində birgə yaşayış, etimadın artırılması və dünyada müxtəlif dövlətlər arasında mövcud olan gərginliyin azaldılması məsələlərini müzakirə edir. Ancaq böyük tarix və mədəniyyətimizə baxmayaraq, Azərbaycan 20 ildən bir qədər çoxdur ki, müstəqildir və bu illər diqqətəlayiq transformasiya illəri olmuşdur.
Bugünkü nailiyyətlərimiz aydın nümayiş etdirir ki, yalnız müstəqil olduğumuz illərdə bizim insanlar böyük uğur əldə edə bilər, öz gələcəyini müəyyən edə bilər, planlar qura bilər və dünyadakı mövqelərini müəyyən etməklə böyük iqtisadi transformasiya və uğura nail ola bilər”.
Azərbaycanın hər zaman enerji resursları ilə zəngin ölkə olduğunu forum iştirakçılarına xatırladan İlham Əliyev onu da bildirib ki, Azərbaycan müstəqil olmayan dövrdə bu resursların bəhrəsini görə bilməyib.
”XX əsrin əvvəlində Azərbaycan bütün dünyada hasil olunan neftin yarısından çoxunu istehsal edirdi. Siz o vaxtkı mənzərəyə baxsanız çiçəklənmə, bərabərlik və sosial firavanlıq görə bilməzsiniz. Sovet dövründə, xüsusilə də İkinci Dünya müharibəsi zamanı Azərbaycan nefti faşizmlə mübarizədə çox mühüm rol oynamışdır. Sovet İttifaqının neftinin 70 faizini Azərbaycan təmin etmişdir. Lakin müstəqil olandan sonra biz ekoloji fəlakət, neft sənayesinin dağılması, iqtisadi və sənaye tənəzzülü ilə üzləşdik. Yəni, çox qısa bir zamanda - yalnız taleyimiz öz əlimizdə olanda biz uğura nail ola bilmişik. Bu çox çətin dövr idi, çünki biz yalnız dövlət və dövlətçiliyin əsaslarını yaratmaqla kifayətlənməli deyildik. Biz, eyni zamanda, bütün sistemi transformasiya etməli idik – həm siyasi, həm də iqtisadi. Biz planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına, təkpartiyalı sistemdən çoxpartiyalı sistemə, totalitarizmdən demokratiyaya keçməli idik.
Düşünürəm ki, siyasi və iqtisadi islahatların paralel aparılması, sürətli transformasiya, sabitlik proqnozlaşdırıla bilən iqtisadi və sosial inkişafı təmin etmişdir. Bu gün Azərbaycan bütün azadlıqlardan faydalanır, bizim cəmiyyət azaddır, bizdə bütün azadlıqlar təmin edilir - media azadlığı, azad, senzurasız internet, ifadə və toplaşma azadlığı, din azadlığı var. Siyasi transformasiya davam edir. Biz bundan sonra da hüquq sistemimizin təkmilləşdirilməsi üzərində çalışmalıyıq. Çünki ədalət - cəmiyyətdə ədalət, ailədə ədalət və ümumiyyətlə, hər yerdə ədalət istənilən cəmiyyətin normal inkişafı və sabitliyi üçün ən əsas elementlərdəndir. Həmçinin Azərbaycan özünün dünya xəritəsindəki yerini müəyyən edə bilmişdir. Bizim ölkəmiz həm Avropa Şurasının, həm də İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. Biz dünyada çox az sayda dövlətlərdənik ki, hər iki təsisatın üzvüyük.
Azərbaycanın bu təşkilatlarda güclü mövqeyi var və biz fərqli tarixə, ənənəyə və mədəniyyətə sahib olan ölkələri daha da yaxınlaşdırmaqda mühüm rol oynayırıq. Azərbaycan həm də Qoşulmama Hərəkatının üzvüdür. Bu da bizim prioritetlərimizin göstəricisidir. Biz bir neçə il əvvəl 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilməyimizlə fəxr edirik. Bu da aydın göstərir ki, beynəlxalq ictimaiyyətin mütləq əksəriyyəti Azərbaycanı dəstəkləyir, Azərbaycana etibar edir və belə bir vacib səsvermə prosesində öz mövqeyini ifadə edir.
Dünyanın ən aparıcı beynəlxalq qurumu olan BMT Təhlükəsizlik Şurasına üzv seçiləndə biz aydın şəkildə bildirdik ki, ədaləti və beynəlxalq hüququ müdafiə edəcəyik. Təəssüf ki, beynəlxalq hüquq artıq heç də bütün dövlətlər tərəfindən hörmət olunan məfhum deyil. Bir daha təəssüf edirəm ki, artıq bu, reallıqdır. Belə bir təsəvvür yaranır ki, beynəlxalq hüquq yalnız kifayət qədər güclü olmayan ölkələrə mütləq şamil edilir və onlar digər vasitələrlə məqsədlərinə nail ola bilmirlər. Biz bunu aydın görürük ki, ara-sıra dünyanın aparıcı dövlətləri beynəlxalq hüquq normalarını kobud şəkildə pozur və bu da müharibədən sonrakı beynəlxalq münasibətlər sisteminin bütün konstruksiyasına xələl gətirir.
Düşünürəm ki, bu, bizim çox açıq və aydın şəkildə müzakirə etməli olduğumuz bir məsələdir. Biz imkanlarımızdan, intellektual potensialımızdan və beynəlxalq nüfuzumuzdan istifadə etməyə çalışmalıyıq ki, bu gün mövcud olan beynəlxalq münasibətlər sistemini gücləndirə bilək. Beynəlxalq hüquqa hörmət etməliyik. Beynəlxalq təşkilatların qətnamələrinə hörmətlə yanaşmalıyıq. Çünki bəzi hallarda qətnamələr dərhal icra olunur, - mən BMT Təhlükəsizlik Şurasının qətnamələrini nəzərdə tuturam,- digər hallarda isə onlar illər, onilliklər boyu icra edilmir.
O zaman, beynəlxalq hüquq, siyasi maraqlar və siyasi prioritetlər arasında ziddiyyət yaranır. Bu isə məyusluğa gətirib çıxarır. Belə bir vəziyyətin yaranmasına səbəb olur ki, ikili standartlar istisna deyil, bir qaydaya çevrilir. Bir ölkə olaraq biz bunun nə qədər ağrılı olduğunu yaxşı bilirik, çünki biz ikili standartlardan, beynəlxalq hüququn kobud şəkildə pozulmasından əziyyət çəkirik”.
Prezident İlham Əliyev deyib ki, Azərbaycanın tarixi və beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistan tərəfindən işğalı uzun illərdir ki, davam edir. Baxmayaraq, BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edib ki, onlar Ermənistan qoşunlarının Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir.
”Dağlıq Qarabağ Azərbaycanın tarixi, ayrılmaz parçasıdır və dünyanın heç bir ölkəsi “Dağlıq Qarabağ Respublikası” adlanan bu qanunsuz qurumu müstəqil olaraq tanımamışdır.
Biz işğaldan əziyyət çəkirik. Bizim ərazimizin 20 faizdən artıq hissəsi hələ də işğal altındadır və bir milyondan artıq azərbaycanlı öz torpağında qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Biz etnik təmizləmədən əziyyət çəkmişik, bizə qarşı Xocalı soyqırımı törədilib və bu soyqırımı artıq dünyanın 10 ölkəsi tərəfindən tanınıb və həmin proses davam edir.
Ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir. Bu, BMT Nizamnaməsində əks olunub, bu, Helsinki Yekun Aktında da beynəlxalq hüququn fundamental prinsipi kimi təsbit edilib. Burada heç bir ziddiyyət olmamalıdır və aydın başa düşülməlidir ki, müqəddəratın müəyyən edilməsi hüququ dövlətlərin ərazi bütövlüyünü pozmamalıdır və istənilən dövlətin ərazi bütövlüyü ölkənin hökuməti və xalqının razılığı olmadan dəyişdirilə bilməz. Azərbaycanın ərazi bütövlüyü digər dövlətlərin ərazi bütövlüyü qədər dəyərlidir. Təəssüflər ki, dünyanın müxtəlif yerlərində aqressiv separatçılıq parçalanma siyasətini həyata keçirməyə çalışır. Ərazi bütövlüyünün pozulması münaqişələrin yaranmasına səbəb olur və Dağlıq Qarabağ münaqişəsi bu vaxta qədər həll edilsə idi, bəlkə də digər münaqişələrin şahidi olmazdıq.
Azərbaycan bu münaqişənin beynəlxalq hüquq normaları və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən, sülh yolu ilə həll edilməsinə olduqca sadiqdir. Yeri gəlmişkən, digər vacib beynəlxalq təsisatlar – Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı buna bənzər qətnamələr qəbul etmişdir ki, münaqişə beynəlxalq hüquq prinsipləri və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.
Əlbəttə, bu, bizim ölkəmiz üçün ən böyük problem, inkişafımız üçün ən böyük maneədir. Lakin buna baxmayaraq, Azərbaycanın inkişafı çox uğurlu olmuşdur və son on il ərzində bizim iqtisadiyyatımız üç dəfədən çox artmışdır. Biz iqtisadiyyatımızın şaxələndirilməsi və enerji sektorundan asılılığı azaltmağa müvəffəq olmuşuq. Bu gün enerji sektoru ümumi daxili məhsulun təqribən 30 faizini təşkil edir. Beləliklə, şaxələndirmə siyasəti böyük tərəqqiyə səbəb olmuşdur və hətta bu gün neftin qiymətinin aşağı düşdüyü bir vaxtda, ilin birinci rübündə Azərbaycan iqtisadiyyatı 5 faizdən çox artmışdır.
Biz şaxələndirmə siyasəti, sərmayələr və müasir infrastrukturun, əlverişli işgüzar mühitin yaradılması sayəsində özümüzü neftin qiymətinin qeyri-sabitliyindən qoruya bilmişik. Azərbaycan xarici sərmayələr üçün açıq ölkədir. Müstəqillik illəri ərzində Azərbaycana 200 milyard ABŞ dollarından çox xarici sərmayə yatırılmışdır. Ötən il 27 milyard, yəni, 30 faiz birbaşa xarici sərmayə qoyulmuşdur. Beləliklə, Azərbaycan xarici investorlar üçün cəlbedici ölkədir. Çünki bizdə çox yaxşı işgüzar və sərmayə mühiti var. Davos Dünya İqtisadi Forumunun qiymətləndirilməsinə görə, rəqabət qabiliyyəti baxımından Azərbaycan iqtisadiyyatı 38-ci yerdədir.
Yəni, bir daha qeyd edirəm ki, bu, enerji resursları sayəsində deyil, islahatlar və son illər ərzində görülən işlər nəticəsində mümkün olmuşdur. Biz demək olar ki, işsizliyi tam aradan qaldıra bilmişik və hazırda bu göstərici 5 faizdən azdır. Yoxsulluq kəskin şəkildə azalaraq, 2003-cü ildə 49 faiz olduğu halda, 2013-cü ildə 5 faizə enmişdir. Hesab edirəm ki, iqtisadi və siyasi islahatlar, eyni zamanda, çox fəal sosial siyasət və insanların sosial müdafiəsi, enerji sektorunun inkişafından əldə edilən gəlirlərin toplanması, dövlət vəsaitinin xərclənməsində şəffaflıq bizim inkişafımız üçün, həmçinin vacib rol oynamışdır”.
Prezidentin sözlərinə görə, növbəti illərdə Azərbaycan daha çox saxələndirməyə diqqət yetirməlidir və hökumətin diqqət yönəltdiyi sahələr müasir texnologiya və kənd təsərrüfatıdır.
”Azərbaycan artıq kosmik sənayeyə malik ölkədir, bizim iki peykimiz var və kosmik sənayenin sürətli inkişafı bizim planlarımızın göstəricisidir. Çünki əhalimiz artır, iqtisadiyyatımız da artmaqdadır. İqtisadiyyat əhalinin artımından daha sürətlə inkişaf etməlidir. Əks təqdirdə, müəyyən mərhələdə biz çətinliklərlə üzləşə bilərik. Bu səbəbdən islahatlar davam etməlidir. Biz heç zaman özümüzü arxayın hiss etməməliyik. Biz çox çalışmalıyıq, dövlətçiliyimizi və müstəqilliyimizi gücləndirməliyik. İqtisadi müstəqillik bizə müstəqil xarici siyasət yürütmək imkanı verir. Zəif və asılı olduqda, sən təsir altına düşürsən, fərq etməz kimdən, ancaq yenə də təsir altına düşürsən.
Güclü iqtisadiyyat qurmaqla biz özümüzü istənilən xarici təsirdən qorumuş olduq. Biz istədiyimiz kimi yaşamaq istəyirik. Əsrlər boyu Azərbaycan imperiyaların, digər dövlətlərin tərkibində olub. Bu gün biz azadıq və bizim insanlar müstəqillikdən həzz alır və onun üstünlüklərini görürlər. Biz öz seçimimizi müdafiə etməliyik və seçimimizi müdafiə edəcəyik. Bizim seçimimiz demokratiya, sosial firavanlıqdır. Bizim seçimimiz Azərbaycan xalqı daxilində sülhdür, multikulturalizm, dinlərarası dialoq, dünyanın bütün ölkələri ilə əməkdaşlıq, habelə regional və hamımız üçün faydalı qitə əhəmiyyətli layihələrin həyata keçirilməsidir.
Enerji təhlükəsizliyinə gəldikdə, enerji təminatının şaxələndirilməsində Azərbaycan öz vacib rolunu oynayır. 20 il ərzində biz elə bir neft strategiyası yürütmüşük ki, onun sayəsində regionda yeni enerji xəritəsi yaranmışdır. Biz bir neçə neft boru kəməri vasitəsilə Xəzər dənizini Qara və Aralıq dənizləri ilə birləşdirə bilmişik və bu gün Xəzər dənizinin nefti - təkcə Azərbaycanın resursları deyil, Xəzərin şərq sahillərinin nefti də beynəlxalq bazarlara məhz Azərbaycan vasitəsilə nəql edilir.
Hazırda biz Avropanın ən iri infrastruktur layihəsini həyata keçiririk. Azərbaycan burada da təşəbbüs irəli sürmüş və aparıcı rol oynamağa başlamışdır. Bu layihə “Cənub” Qaz Dəhlizi adlanır və o, 4 hissədən ibarətdir. Birincisi, dünyanın ən böyük qaz yataqlarından olan “Şahdəniz” yatağının işlənilməsi, növbəti mərhələ Azərbaycan və Gürcüstanı birləşdirən boru kəmərləri sisteminin inşasını nəzərdə tutan Cənubi Qafqaz Boru Kəməri, Trans-Anadolu Boru Kəməridir ki, onun inşası nəzərdə tutulmuşdur. Hazırda artıq bütün Türkiyə ərazisində - ölkənin şərq sərhədindən qərb sərhədinədək tikinti işləri başlayıb və Trans-Adriatik Boru Kəməri – TAP-dır ki, Türkiyə-Yunanıstan sərhədindən başlayaraq inşa ediləcək və Albaniya ərazisindən İtaliyaya uzanacaq.
Bundan əlavə, Bolqarıstan da bizim enerji siyasətimizin bir hissəsidir. Biz görürük ki, Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli formatı daha böyük formata çevrilmişdir. Əminəm ki, qarşıdan gələn illərdə Balkan ölkələri bizim boru kəmərləri sistemimizə qoşulacaq, xüsusilə nəzərə alsaq ki, hazırda Avropada əlaqələndirici kəmərlər inşa edilir. Biz bunu tam dəstəkləyirik, çünki Azərbaycan nəhəng qaz ehtiyatlarına və tikilməkdə olan infrastruktura malikdir. Bizim planlarımıza görə, 2018-2020-ci illərdə mənim adını çəkdiyim bütün bu layihələr yekunlaşmalıdır. Bu, 45 milyard dollarlıq sərmayədir, texniki baxımdan olduqca mürəkkəbdir. Əlbəttə, bizim geniş əlaqələndirməyə və əməkdaşlığa ehtiyacımız var. Bu məqsədlə Azərbaycan “Cənub” Qaz Dəhlizinin Məşvərət Şurasını təsis etmiş və cari ilin fevral ayında onun ilk iclasını keçirmişdir.
Həmin iclas mənim sadaladığım ölkələrin, eləcə də Birləşmiş Ştatlar və Avropa Komissiyasının yüksək rütbəli nümayəndələrinə bu məsələni müzakirə etmək imkanını yaratdı. Biz mətbuat üçün birgə bəyanat da qəbul etdik ki, orada Azərbaycanın aparıcı rolu aydın şəkildə müəyyən edilmişdir. Bu, bizim Avropa İttifaqı ilə əməkdaşlığımızın bir hissəsidir, ancaq əməkdaşlığımız bununla bitmir. Bununla yanaşı, biz anlayırıq ki, Avropa İttifaqı üçün enerjinin şaxələndirilməsi deyərdim, milli təhlükəsizlik məsələsidir və biz həmin məsələyə məhz bu şəkildə yanaşmalıyıq. Enerji təhlükəsizliyi milli təhlükəsizlikdən ayrıla bilməz. Daha bir vacib məsələ mənbələrin şaxələndirilməsidir. Marşrutların şaxələndirilməsi də vacibdir. Ancaq mənbə eynidirsə, şaxələndirilmənin heç bir mənası yoxdur. Bizim halda, söhbət mənbələrin şaxələndirilməsindən gedir və Avropa üçün yeganə yeni qaz mənbəyi Azərbaycandır. Əlbəttə, mən demək istəmirəm ki, digər mənbələr əhəmiyyətli deyil və biz heç kimlə rəqabət aparmağa çalışmırıq. Lakin digər mənbələr artıq istifadə olunur və yeganə yeni mənbə Xəzərdir, Azərbaycandır. Hesab edirəm ki, biz burada vacib rol oynayırıq və bu, davam edəcəkdir.
Bununla yanaşı, bizim Avropa İttifaqı ilə əməkdaşlıq formatımız mövcuddur və gələn ay Riqada “Şərq Tərəfdaşlığı”nın növbəti Zirvə toplantısı keçiriləcəkdir. Azərbaycan bu proqramın fəal iştirakçısıdır və demək istərdim ki, biz, eyni zamanda, Avropa İttifaqının üzv dövlətləri ilə ikitərəfli əlaqələrimizi gücləndiririk. Bu günədək Azərbaycan artıq ittifaqın 7 ölkəsi ilə Strateji Tərəfdaşlığa dair saziş imzalamış və ya birgə bəyanat qəbul etmişdir. Bu, Avropa İttifaqı üzvlərinin dörddəbiridir və düşünürəm ki, növbəti illərdə Avropa İttifaqı tərəfindən “Şərq Tərəfdaşlığı” Proqramına üzv olan dövlətlərə qarşı daha da fərqləndirilmiş yanaşma olmalıdır. Çünki bunlar fərqli ölkələrdir, fərqli hədəflərə və fərqli iqtisadi inkişafa malik dövlətlərdir. Bu səbəbdən bizim üçün ən münasib format strateji tərəfdaşlıqdır. O, bizim münasibətlərimizin mahiyyətini və gələcəyini əks etdirəcəkdir”.
Nitqinin sonunda Azərbaycan prezidenti təhsil məsələsinə diqqət çəkib:
”Yekunda bizim üçün prioritet olan məsələ ilə bağlı bir neçə söz demək istərdim, bu da təhsildir. Təhsil bilikdir, təhsil gələcəkdir, bizim üçün təhsil müasirləşmə deməkdir. Bizim bəxtimiz gətirib ki, Azərbaycanda savadlılığın səviyyəsi 100 faizə bərabərdir. Hökumətimiz ildə 40 milyon avroya yaxın vəsait xərcləyir ki, bizim gənclər dünyanın aparıcı universitetlərində təhsil alsınlar. Təhsil həm də, radikallaşmadan müdafiədir. Bu da bu regionda yerləşən ölkə üçün çox vacibdir. Radikallaşmadan müdafiə əlbəttə ki, cəmiyyətdə sabitlik və ədalət, habelə onun iqtisadi inkişafı, yoxsulluğun və işsizliyin aradan qaldırılması deməkdir. Çünki radikallar yoxsulluq, işsizlik, sosial və siyasi ədalətsizlikdən istifadə edirlər. Radikallar bu vasitələrdən istifadə edərək gənclərin beyinlərini korlayırlar və özlərinin məqsədlərinə nail olmaq üçün onları öz sıralarına cəlb edirlər.
Bu səbəbdən bizim üçün təhsil radikallaşmadan müdafiə, müasirləşmə və inkişaf deməkdir. Biz Azərbaycanı məhz belə görmək istəyirik və Azərbaycanın hansı şəkildə inkişaf etməli olması ilə bağlı cəmiyyətimizdə tam konsensus var. Bizim inkişaf yolumuz azadlıq, demokratiya, iqtisadi və sosial tərəqqi, bütün tərəfdaşlarımızla yaxşı münasibətlər yoludur ki, müstəqilliyimizi gücləndirək və seçimimizi qoruya bilək”.
AzərTac