|
“Nazir Səlim Müslümovun və ARDNŞ-ın vitse-prezidenti Mikayıl İsmayılovun qohumları bizə yaşamağa imkan vermirlər”
Sosial problemlər məngənəsində olan Ağsu rayonundan bir neçə gün əvvəl hazırladığımız reportajdan sonra həmin yazıda adı çəkilən şəxslərə qarşı rayon rəhbərliyi tərəfindən təzyiqlər başlayıb.
Ağsu sakinlərinin musavat.com-a verdiyi məlumata görə, artıq vətəndaşları icarəyə götürdükləri dükanlardan və digər obyektlərdən zorla çıxarırlar. Sakinlər vurğulayırlar ki, məmurların, xüsusən də, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun və ARDNŞ-ın vitse-prezidenti Mikayıl İsmayılovun qohumları onların həyatını cəhənnəmə çeviriblər.
KXCP Ağsu rayon təşkilatının Məclis sədri Elşən Əlisoyun sözlərinə görə, məmurların arasında bölüşdürülən rayonda yaşamaq mümkün deyil: “Ağsu rayonu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun və ARDNŞ-ın vitse-prezidenti Mikayıl İsmayılovun yaxın ətrafı tərəfindən necə zəbt olunubsa, rayonda yaşamaq üçün mütləq onların iradəsinə tabe olmalısan. Ağsunun demək olar ki, bütün dövlət idarələrinin rəhbərliyi, ticarət obyektləri və torpaq sahələri bu iki məmurun şəbəkəsinin nəzarətindədir. Mikayıl İsmayılov kənd sakinlərinin maddi imkansızlığından istifadə edərək, torpaqları son qarışına qədər zəbt edib, yaxın qohumlarını “köy ağası” statusuna mindirib”.
Onun sözlərinə görə, məmurlar vətəndaşlardan hətta pay torpaqlarını da zorla alırlar: “Ağsu rayonunun Axundlu kəndinin sakini Cavanşir Musayev bildirir ki, Mikayıl İsmayılovun adamları rayonun notariat kontorunun nümayəndəsini gətirərək, onun 6 hektar pay torpağını ailə üzvlərinin yerinə özləri qol çəkərək, “alıblar”. O, özünə aid torpağı satmaqdan imtina edib və sənədlərini geri almaq üçün hansı idarəyə gedibsə, Mikayıl İsmayılovun qohumlarının tapşırığı ilə sənədlər ona verilməyib. Belə misalları çox çəkmək olar. Mikayıl İsmayılovun şəbəkəsi yenə də öz həmkəndlisi Səfa İsmayılov adlı şəxsin bütün sənədləri qaydasında olan fermasını, 140 hektar torpağını əlindən almaq üçün onun çobanına güllə atdırıblar.
Bütün bu faciələrdən və Mikayıl İsmayılovun qohumlarının hədə-qorxusundan sonra Səfa İsmayılovun ali təhsilli idman müəllimi olan oğlu dözməyərək ağır xəstəliyə düçar olub. Xəstəni İran İslam Cümhuriyyətinə müalicə üçün apardıqdan sonra Mikayıl İsmayılovun adamları onlara məxsus olan tikintiləri traktorla dağıdıb, tikinti materiallarınını aparıblar.
Bütün məhkəmə proseslərini udan torpaq sahibi isə sonunda məcbur olub, fermasını onlara verib”.
Sakinlərin sözlərinə görə, rayonda icarəyə verilən bütün dükanlar, obyektlər məmurların yaxın ətrafınındır. Onlar da istədikləri qiymətə və istədikləri müddətə icarəyə verirlər, ürəkləri istədikləri vaxt da dükanı boşaltmağı tələb edirlər.
E.Əlisoy bildirib ki, onun da icarəyə götürdüyü dükan əlindən alınıb: “Hansı kiçik dükanı belə, icarəyə götürmək istəyirsən, hamısının sahibləri bunların qohum-əqrabası çıxır. “Yeni Müsavat” qəzetinin əməkdaşının Ağsu rayonunda məmur özbaşınalıqları və insanların sosial problemləri haqqında hazırladığı reportajda mənim və şəhid ailəsi olaraq, ailə üzvlərimizin də fikirlərinin yer almasından bir neçə gün sonra icarəyə götürdüyüm kiçik dükanın sahibi, Mikayıl İsmayılovun yaxın qohumu, Nazim adlı şəxs yanıma gələrək, dükanı boşaltmağı tələb etdi. Halbuki mən buradakı işimə arxayın olaraq, on min manatdan çox kredit götürmüşdüm. Dostlarımın köməkliyi bir neçə yerdə icarəyə verilən dükan tapsaq da, hamısının sahibləri yenə də Mikayıl İsmayılovun qohumları çıxdı. Başa düşmək olmur ki, bunlar məmurdurlar, yoxsa biznesmen... Bu adamların monopoliyası kiçik rayonda belə yaşamağa imkan vermir. Bunlar mələk donu geyinərək, rayonu talayırlar. Sanki dövlət başçısı Ağsu rayonunu bu iki məmura hədiyyə edib. Ağsudan gedən şikayət məktublarının heç birinə cavab verilmir”.
Onun sözlərinə görə, şəhid ailəsi olaraq, hüquqlarının bərpası üçün dövlət başçısından tutmuş bütün aidiyyəti strukturlara etdikləri onlarla müraciətin heç birinə cavab verilməyib: “Hakimiyyətin bu nəfiskar məmurları sanki ölkə əhalisini siyasi mübarizəni bir kənara atıb, başqa vasitələrlə əl atmağa məcbur etməyə çalışırlar. Həqiqətən də belə getsə, artıq bütün bunlar olacaq. Artıq hər kəsə məlumdur ki, siyasi mübarizə heç bir effekt vermir. Bütün bu özbaşınalıqlardan sonra xalq bunlarla elə bunların öz dillərində danışacaq”.
Mövzunu diqqətdə salxayacağıq.