|
MHP-nin qurultayında qonaq qismində iştirak edən "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu musavat.com-a məlumat verib ki, qurultay bayram əhvalında başlayıb. Əvvəlcə bütün Türk dünyasından, o cümlədən, Azərbaycandan folklor nümunələri ifa olunub.
Bundan sonra MHP başqanı Dövlət Baxçalı qurultay salonuna daxil olub. Və qurultay öz işinə başlayıb.
Milliyyətçi düşüncəyə görə, məhz bu gün türklər əfsanəvi yurdları hesab olunan Ergenekondan çıxaraq, dünyaya yayılıblar. Belə bir gündə MHP simvolik olaraq, "yenidən doğuluş" qurultayı keçirir.
İyunun 7-də Türkiyə parlamentinə keçiriləcək seçki öncəsi bu qurultay milliyyətçilərin gövdə göstərisi hesab olunur. Qurultay keçirilən salonda və onun ətrafında, üst-üstə 50 min civarında insan kütləsi toplanıb. Türkiyə ictimai rəyi öyrənmə institutları da hesab edirlər ki, növbəti parlament seçkisində MHP-nin səsləri ciddi şəkildə yüksələcək.
Qurultayda iştirak edən "Yeni Müsavat"qəzetinin baş redaktoru Rauf Arifoğlu musavat.com-a yazır ki, qurultay təşkilat və prosedur məsələləri üzrə davam edir. Hazırda MHP Genel başqanı Dövlət Bahçeli çıxış edir.
MHP genel başqan deyib ki, Türkiyənin, Türk-İslam dünyasının gözü bu salondadır. O, türk millətçilərinin hədəfini qısa özətlə verməklə, bütün qonaqları salamlayıb. Daha sonra, çıxışına davam edərək, önəmli mesajlar verib.
O, deyib ki, Türkiyənin səlamətliyinin əsas qarantiyası milliyyətçilərdir. O, AKP-ni milli xəyanətdə suçlayaraq, bu ölkəni milliyyətçi hərəkatın xilas edəcəyini iddia edib. "Bizimlə yürü, Türkiyə" deyə, ölkəsinə xitab edib.
D.Baxçalı öz çıxışında Türkiyə iqtidarını kəskin tənqid edib: "Bizim millətçiliyimiz soysuzluğa əngəldir, millət və mədəniyyət mücadiləsidir, irqçiliyi rədd edir. Milləti kontrolsuz dəyişmələrin, bazarlaşmaların önünü kəsən, milləti yıxılmaz qala halına gətirən millətçiliyi Türkiyədə zəiflətmək istəyirlər. Türklüyü ayaqlar altına almaq istəyən Tayyib Ərdoğanın çabası boşuna deyil".
D.Bahçeli deyib ki, AKP-PKK koalisionu Türkiyəyə xəyanət edirlər: "Türkiyəyə quyu qazırlar. Novruz günümüzü - qurtuluş günümüzü kirlədirlər. Çox şükür, millət burada, Türkiyə aramızdadır. Biliniz ki, Türkiyənin gələcəyini yaxmaq istəyən bu xainlər bizim yaxdığımız atəşlərdə yanacaqlar".
D.Bahçeli AKP-ni İmralıda cəza çəkən Öcalanla işbirliyində suçlayıb: "İmralı canisi nə istəyirsə, onu da AKP-yə yapdırır. Seçkilərdən sonra bunlar ortaq olaraq Türkiyəni yenidən qurmağa söz kəsiblər. Yeni Anayasa hazırlayacaq, PKK-nı və Öcalanı siyasətin mərkəzinə gətirəcəklər. "
D. Bahçeli deyib ki, bu kurs kürd özrək dövləti qurmağa hesablanıb. Türk milləti bu xainlərə imkan vermiyəcək.
D.Bahçeli hər kəsi xainlərə qarşı ayağa qalxmağa çağırıb. O, deyib ki, AKP Atatürkün heykəllərini söküb, terrorçuların heykəlini dikir: "Ərdoğan rahatsız olur, Davudoğlu qurcanır, PKK sevmir deyə, bu ölkənin, bu millətin adı dəyişməyəcək. Onlar demokratiyanı təslimiyyət saymasınlar, meydanı boş görməsinlər. Bizdə bölünəcək ölkə, təslim olacaq Vətən, yıxılacaq dövlət yoxdur. Dünyanı onların başına dair edərik. Türkiyə bir uçurumun kənarındadır. Bu millətin son ümidi , son qalası, min illik qardaşlığımızın təminatı türk millətçiliyidir".
D.Bahçeli vətəndaşlara çağırış edib, onları "AKP və hırsızlığa" səs verməməyə çağırıb: "AKP sandığa gömülməzsə, Türkiyə batacaq".
O, rüşvətə, ədalətsizliyə, talana, xainliyə qarşı "Bizimlə yürü, Türkiyə", çağırışı edib.
Çıxışının sonunda Bahçeli deyib ki, 7 iyun seçkilərində MHP bütün təxminləri dağıdaraq, türk millətini iqtidar edəcək.
Çıxışdan sonra bu bayrama simvolik olaraq, dəmirdöymə mərasimi keçirilib.
Bununla da türklərin Ergenekondan çıxışı, qurtuluşu, yenidən doğuluşu və bunun bu qurultaya yansıması simvolizə edilib .
Qurultay çıxışlar və təşkilati məsələlərlə davam edir.
Musavat.com