|
AXCP sədri Əli Kərimli Milli Şuranın sədri Cəmil Həsənlinin feysbuk səhifəsinin ələ keçirildiyini bildirib.
Teleqraf.az-ın məlumatına görə, Əli Kərimli feysbuk sosial şəbəkəsində yazır:
“Dostlar, hökumətin yeni təxribatı ilə üzləşmişik. Xüsusi xidmət orqanları Milli Şura sədri Cəmil Həsənlinin facebook hesabını və səhifəsini ələ keçirib. 15 mart mitinqinə çağırış eventinin əvvəlcə vaxtını dəyişdilər, sonra isə eventi ləğv etdilər. Bu hərəkət müxalifətə qarşı dövlət səviyyəsində təxribatdır. 15 mart mitinqinin kütləvi alınmasından qorxuya düşüblər. Siyasi üsullarla rəqabətə qabiliyyətləri çatmadığından belə səviyyəsizlik edirlər.
15 mart mitinqi ləğv olunmayıb, vaxtı dəyişməyib. Düzdür, Bakı Şəhər İcra Hakimiyyəti hələ müraciətimizə cavab verməyib. Amma böyük ehtimalla mitinqimizə razılıq veriləcək. Ona görə də belə yalan məlumatlarla çaşqınlıq yaratmaq istəyirlər ki, mitinqə çox adam gəlməsin. İndi əmin oldunuzmu ki, hökumət xalqın hamılıqla hüquqlarını tələb etməsindən qorxur. Onları güclü edən bizim indiyəqədərki biganəliyimiz, özünə inamsızlığımız olub.
15 mart hakimiyyəti məyus etmək üçün, hüquqlarımızı uca səslə tələb etmək üçün bir fürsətdir! Hökumətin bu cılız hərəkətlərinə inad olaraq Milli Şuranın 15 mart, saat 15:00-da “Məhsul” stadionunda ("İnşaatçılar" metrostansiyası yaxınlığında) keçiriləcək mitinqinə hamı qoşulsun!”
Qeyd edək ki, Cəmil Həsənlinin feysbuk səhifəsində qeyd olunub ki, martın 15-də mitinq olmayacaq və iştirak etmək istəyənlər provokasiyalara uymasınlar.