|
Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovla siyasi partiya sədrlərinin ikinci görüşündə növbəti görüşlərdə müzakirəsi üçün konkret mövzunun əvvəldən təklif və müəyyən edilməsi barədə razılıq əldə olunub. Amma bu mövzuların necə və kimlərin iştirakı ilə təyin olunacağı ilə bağlı tam aydınlıq yoxdur. İqtidar və müxalifətin hansı mövzularda ümumi baxışlarının olacağı hələ ki, məlum deyil.
Müsavat Partiyası icra aparatının rəhbəri Gülağa Aslanlı Deyerler.org-a fikirlərini bölüşərkən deyib ki, mövzular haqqında Müsavat Partiyasında müzakirə olunub qərar veriləcək: “Hələ ki, bizə görüşdə müzakirə ediləcək mövzular məlum deyil. Mövzular təyin edilməlidir. Hər zaman Müsavat Partiyası Azərbaycan xalqının taleyində önəmli yer tutan məsələlərlə bağlı müzakirələrdə iştirak etməyə hazırdır. Mövzular bizə təklif olunacaqsa, təbii ki, biz bu mövzuları Müsavat Partiyasında müzakirəyə çıxardacağıq və hansı mövzuların ilk növbədə müzakirə olunmasını təyin edəcəyik”.
İlk iki görüşdə iştirak edən KXCP sədri Mirmahmud Mirəlioğlu Deyerler.org-a mövzu ilə bağlı açıqlama verərkən deyib ki, 8 partiya bu mövzuları birgə müəyyənləşdirəcək: “Bizim mövzularımız ilk iki görüşdə də təqdim olunub. Görüşdə iştirak edən hər kəs bu mövzuları bəyənib. Amma bundan sonra 8 partiya bu mövzuları birgə müəyyənləşdirəcəyik. Müəyyən olunan mövzular artıq ortaq mövzuya çevriləcək. Burada sadəcə ardıcıllıq ola bilsin ki, pozulsun. Bizim üçün prioritet məhbusların azad olunması, seçki islahatları, Dağlıq Qarabağ məsələsi və s. mövzulardır”.