|
2015-ci ildə demokratik islahatların reallaşıb-reallaşmayacağı yeni ilin ilk günündən ciddi müzakirə predmetinə çevrilməkdədir.
Maraqlıdır, 2015-ci il Azərbaycan cəmiyyətinə, ictimai-siyasi vəziyyətə nə vəd edir? Hakimiyyət çoxdan gözlənilən demokratik islahatları cari ildə həyata keçirəcəkmi?
Bununla bağlı Moderator.az-a açıqlama verən KXCP sədri Mirmahmud Mirəlioğlu hər şeyin hakimiyyətin istəyindən asılı olacağını vurğuladı:
"Şübhəsiz ki, ölkədəki mövcud durum, ictimai-siyasi vəziyyət demokratik islahatların həyata keçirilməsini zəruri edir. Onu da unutmaq olmaz ki, bu il seçki ilidir və bu mənada demokratik dəyişikliklər üçün də olduqca əlverişli zamandır. Bunu siyasi dəyişikliklər üçün şans kimi də dəyərləndirmək olar. Lakin ötən ilin sonunda reallaşan müxaifət-hakimiyyət dialoqu istisna olmaqla hakimiyyətin dəyişiklik yönündə hansısa addım atma cəhdi hiss edilmir. Ümumiyyətlə, 20 ildən çoxdur ki, davam edən bu hakimiyyətinin demokratik dəyişikliklərə imza atacağı ilə bağlı deyilənlər hələ ki, sadəcə fikir, proqnoz olaraq qalmaqdadır. Hesab edirəm ki, 2015-ci ildə demokratik islahatların həyata keçiriləsi nəinki mümkün, həm də zəruridir. Lakin bir daha qeyd edirəm ki, bu məsələdə hər şey hakimiyyətin iradəsindən asılıdır".