|
İcra baççısının müavini: “Onun üzv olduğu Klassik Xalq Cəbhəsi Partiyası Heydər Əliyevin düşmənidir”
Dekabr ayının 23-də keçirilən bələdyyə seçkilərində baş verən qanun pozuntuları haqqında demək olar ki, hər gün yeni-yeni faktlar ortaya çıxır. Bunların ən qəribəsi isə 92 saylı Zərdab-Ucar Seçki Dairəsindən gəlib.
Həmin dairənin 31 Saylı seçki məntəqəsindən namizədliyi irəli sürülən, KXCP üzvü Ataş Əhmədov Teleqraf.az-la əlaqə saxlayaraq bildirib ki, kənd sakinlərinin böyük əksəriyətinin səsini toplamasına baxmayaraq onun qələbəsini rəsmiləşdirməmək üçün yekun protokolu məntəqədə yox , Dairə seçki komisiyasında yazıblar. Ataş Əhmədov bildirib ki, ona qarşı aparılan saxtakarlığın başında rayon icra başçısının müavini Məmmədov İsrafil dayanıb. - "Bütün saxtakarlığa baxmayaraq kənd sakinləri seçkiyə gələrək mənə səs verdiklərini hər kəsin qarşısında bəyan etdilər. Seçki başa çatdıqdan sonra isə mənim yox, icra başçısının hazırladığı saxta siyahıda olanların bələdiyyə üzvü olmalarına çalışıldığını görən kəndimizin ağsaqqalları bir yerə yığılıb Zərdab rayonunun icra başçısı Lütvəli Babayev ilə görüşüb bu məsələni həl etməyə getdilər. İcra hakimiyyətində onları başçının müavini İsrafil Məmmədov qarşılayıb. İsrafil Məmmədov kənd ağsaqqallarının mənim haqqımı bərpa etmək üçün ora getdiklərini bilən kimi oturduğu yerdən duraraq, mən MSK-nın elan etdiyi siyahını dəyişməyə qadirəm, ancaq Ataş Məmmədovun bələdiyyə üzvü olmasına imkan verməyəcəm, çünki o və onun üzv olduğu Klassik Xalq Cəbhəsi Partiyası Heydər Əliyevin düşmənidir. Ağsaqqallar kor-peşman geri qayıdıb onun dediyi sözləri mənə deyəndən sonra, mən İsrafil Məmmədova zəng edərək mənimlə nə düşmənçiliyi olduğunu soruşdum və onun Heydər Əliyevin yox, Sürət Hüseynovun kadrı olduğunu xatırlatdım. Ataş Əhmədovun bildirdiyinə görə, Kənd sakinləri bununla bağlı dövlət başçısına müraciət hazırlayıblar. Bundan başqa yaxın günlərdə 100-lə insan bir yerə toplaşaraq 31 saylı məntəqənin saxta nəticələrinin ləğv edilməsi üçün aksiya keçirəcəklər.