"Görüş baş tutana qədər orada neçə nəfərin iştirak edəcəyi, partiyaların sayının necə olacağını bilmirdik"

Müxalif siyasi partiyalarla Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin rəhbəri Əli Həsənov arasında keçirilən görüş ölkədaxili siyasətdə əsas dartışılan məsələlərdəndir. "Yeni Müsavat"ın əməkdaşı bununla bağlı görüşün əsas təşkilatçılarından olan KXCP Sədri Mirmahmud Mirəlioğlundan müsahibə alıb.  

- Mirmahmud bəy, keçirilən görüşü necə dəyərləndirirsiniz? Ümumiyyətlə, bu tədbiri necə adlandırmaq daha düzgün olar: görüş, dialoq, yoxsa...

- Elə oradaca bu cür qiymətləndirildi ki, bu, bir görüş və ilk addımdır. Dialoq baş tutduğu, dialoq olduğu təqdirdə bunu dialoqun başlanğıcı hesab etmək olar. Təbii ki, əgər dialoq olacaqsa. Kimin nə deməsindən asılı olmayaraq, bu, çox konstruktiv bir görüş idi və biz bu görüşün nəticəsini gözləyirik. Qənaətimiz belədir ki, müsbət nəticə olmalıdır. İnşallah, çalışacağıq ki, o qənaət hasil olsun və reallaşsın.  Bu da Azərbaycan hakimiyyətindən asılıdır və məncə, bunu da etməyə çalışacaqlar.  

- AXP sədri Pənah Hüseyn bildirib ki, son anda yeni format haqda xəbər tutandan sonra bu görüşdə iştirak etməyi məqsədəuyğun saymayıb. 

- Mən Pənah bəyin bizim hamımızın iştirak etdiyi toplantıdakı açıqlamasından başqa sonra dediyi, onun adından verilən heç bir fikrə münasibət bildirmək istəmirəm. Çünki biz o məsələlərin müzakirəsini Pənah bəyin iştirakı ilə etmişik, münasibətimizi də bildirmişik. Ondan özgə münasibət sərgiləməyi düzgün saymıram. 

- Ancaq əvvəlcədən görüşdə az sayda siyasi partiyaların iştirak edəcəyi bildirilsə də, son anda iştirakçıların sayı kəskin şəkildə dəyişdi. Bu, sizinçün gözlənilməz olmadı ki? 

- Kim nə deyirsə-desin, biz də görüş baş tutana qədər orada neçə nəfərin iştirak edəcəyi, partiyaların sayının necə olacağını bilmirdik. Ondan artıq da ola bilərdi, az da, bu, bizi ilgiləndirmirdi. Biz öz formatımızı müzakirə etdik. Hakimiyyətin ora kimlərlə gələcəyi, kimləri orda təmsilçi olaraq görəcəyi bizim müzakirə mövzumuz olmayıb. 

- Administrasiyanın şöbə müdiri ilə görüşdə şəxsən siz demək istədiklərinizi çatdıra bildinizmi, yoxsa sayın artması buna imkan vermədi? 

- Təbii ki, çatdırdım. Hesab edirəm ki, təkcə mən yox, orda iştirak edən hər kəs öz sözünü çatdırdı. Biz başlanğıcda da sözümüzü dedik, yekun fikrimizi də söylədik. Təşəbbüs bizdən idi deyə, biz başladıq, yekun sözü də biz dedik, hər şey də normal oldu. Biz nəyi istəyirdiksə, nəyi deməyi nəzərdə tutmuşduqsa, onların hamısını dedik. Biz hətta gözləmədiklərimizi də eşitdik. Yəni daha əhatəli və daha səmimi görüş-söhbət oldu. Təbii ki, bu görüşün, bu söhbətin əksər hissəsi mediasız oldu. Məram-məqsədi açıqladıq, nəticələri də media ilə bölüşdük. Qapalı keçirildiyi üçün bütün detalların mediaya çatdırılması doğru deyil. Məncə, belə görüşlər davam etdiriləcəyi təqdirdə nəinki medianın iştirakı ilə, hətta canlı yayımla keçirilə bilər. Ona görə ki, orda bir sıra ciddi razılaşmalar oldu. Siyasətçilərin televiziyaya buraxılması məsələsinə kimi bir sıra təşəbbüslər müsbət qarşılandı. 

- Müsavat və AXCP-nin yeri görünürdümü? 

- Bu görüşdə iştirak etməmək və etmək hər bir partiyanın özünün haqqı idi. Biz o haqqa-hüquqa hörmətlə yanaşmalıyıq. Bu məsələlərdə, məncə, kifayət qədər məlumatlı olanlar danışmalıdırlar. Bəzən birinci yox, sıradan neçəncisə şəxs danışır, ola bilər medianın dostudur deyə... Bu məsələ bizdə də - Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzində də müzakirə olunub. Biz müttəfiqlərimizlə haqqımız çatan məsələləri müzakirə etmişik. Bu görüş bizim təşəbbüsümüzlə olmuşdu. Hər halda, Əli Həsənov tərəfindən belə açıqlama verildi ki, mətbuatda xəbər gedəndən sonra görüşdə iştirak etmək istəyən digər partiyalardan da müraciətlər olub, o da bunu məqbul sayıb, etiraz etməyib. Gələcəkdə isə adını çəkdiyiniz və çəkmədiyiniz partiyaların, yəni qeydiyyatdan keçmiş partiyaların görüşdə iştirakı, demək olar ki, razılaşdırılmış məsələlərdən hesab oluna bilər. Demək olar ki, bu, razılaşdırılmış birinci məsələlər sırasındadır və artıq müzakirə mövzusu deyil.

- Hər halda, Əli Həsənov hakimiyyətin kursundan kifayət qədər məlumatlı rəsmi şəxsdir və perspektivdə hansı addımlar atılacağı barədə mesajları səhih sayıla bilər. Bu mənada görüşdən sonra yaxın ərəfədə siyasi məhbuslar, yaxud islahatlarla bağlı gözləntilərin reallaşacağını demək üçün arqumentləriniz varmı?  

- 2014-ün son 15 günü, yaxud yeni ilin hansı aylarında addımların olacağını deməyimiz doğru olmaz. Çünki bu, onların atacağı addımlardır. Amma bizim qənaətimiz belədir ki, bu, Azərbaycanın öz istək-arzularına görə reallaşası bir məsələdir. İlkin cümlə olaraq da salamlaşmadan sonra deyilən ilk məsələ də məhbus məsələsi olub. Bu, gündəmdə olan əsas məsələdir. Yəni Əli Həsənovun açıqlaması ilə də tanış oldunuz. O da bizi qane edən açıqlama idi. Yəqin ki, bu istiqamətdə addımlar olacaq. Amma təbii ki, bizim hətta siyasi məhbus məsələsi mübahisəlidir. Yadınızdadırsa, bir hüquq müdafiəçisinin 140-a yaxın siyasi məhbus siyahısı var idi, çalışırdı ki, hamı o siyahını müdafiə etsin, sonra təəssüf ki, özü də bu siyahıya əlavə olundu. Bundan əlavə, 4 adamın razılaşdırdığı bir siyahı var idi, çox təəssüflər olsun ki, onların hazırladığı 87 nəfərlik siyahıya bu 4 nəfərin də 3-nün adı əlavə olundu. Amma indi kimin azad olunması məsələsi müstəsna səlahiyyətdir. Hansı ardıcıllıqla kimlər birincilər sırasında azad olunacaq, bu da bizim gözləntilərimiz sırasındadır. 

- Yəni hökumət məhbusları azad etmək istəyir? 

- İnşallah. Amma biz hökumətin əvəzindən danışa bilmərik.

- Bəs islahatlarla bağlı bir işartı hiss etdinizmi? 

- Təbii. Bu istiqamətdə də söhbətlərimiz oldu. Proporsional seçki sistemi, seçki komissiyaları, parlamentli respublika, mənzil qərargahlar məsələsi barədə təkliflər oldu. Yəni Azərbaycanı narahat edən bütün məsələlərdən danışıldı. Həmçinin hüquqi islahatlar məsələsi də müzakirə mövzusu oldu, fikrimizi bölüşdük. Burda elə diqqət çəkən məsələlər var ki, düzü, bu, həm bizi yaxşı mənada təəccübləndirdi. Amma bu, o demək deyil ki, bizi yaxşı mənada təəccübləndirən məsələlər, 21 ilin problemləri üç saatlıq söhbətdə müzakirə edilib başa çatıb və iki günə də həllini tapacaq. Bu, inandırıcı deyil.

- AXCP rəhbərliyinin görüş iştirakçılarına yönəlik aşağılayıcı reaksiyalarını necə qarşıladınız?

- Hər kəs məsələyə öz səviyyəsində münasibət bildirir. Biz bütün məsələlərin şəffaf olmasını istəyirik. Kiməsə demirik ki, sən bu məsələni məhz bu cür qiymətləndirməlisən. Bu da hər kəsin öz işidir. Həm mövqe məsələsidir, həm böyük bir narahatlıqdan doğur bu cür aşağılayıcı qiymətlər, həm də indiyə qədər deyilənlərin, camaata verilən vədlərin alt-üst olmasıdır. Bu mənada verilən reaksiyanı təbii qarşılamaq lazımdır, bu da onun haqqıdır. Bizim bütün millətimizə, cəmiyyətimizə, ölkəmizin flora və faunasına hörmətimiz var. Həmçinin, bu məmləkətin insanları başda olmaqla, bitkilərini də, heyvanat aləmini də dəyərləndiririk. Amma bu məsələlərə münasibət sərgiləyən, tərbiyəsi, mövqeyi, əqidəsi, təhsili, elmi, yanaşması müxtəlif olan adamları da öz insanlarımız hesab edirik, onlar da bizim sıra sayımıza daxildir. Allah onlara kömək olsun, hidayət eləsin, şəfa versin!

- Müsavat Partiyası “Siyasi məhbuslara azadlıq!” şüarı ilə mitinq keçirdi. Mitinqə aşağılayıcı reaksiya YAP-dan və AXCP-dən gəldi... 

- Bakıda deyildim deyə, aksiya barədə məlumatsızam. Azərbaycanda problemlərin həlli istiqamətində atılan istənilən addımı dəstəkləmək lazımdır. Kim bu istiqamətdə işin xeyrinə xidmət edirsə, biri görəvi, biri mediası, digəri iqtidarda olması ilə fərqi yoxdur, kim nə edirsə, bu, işin xeyrinədir və buna uğur arzulamaq lazımdır. Amma əgər söhbət siyasi məhbusların azadlığa çıxmasına yönəlik təşəbbüslərdən gedirsə, bunu təqdir etmək lazımdır. İstənilən məsələyə görə adamı qınaya bilərlər, məsələn, sizi də qınaya bilərlər ki, niyə yazdığınız yazı mənim yazımdan artıq işarəlidir... 

- Elə bizi də yazılarımıza görə qınayanlar, ittiham edənlər, “Yeni Müsavat”ın monitorinqini aparmağı fəaliyyətinin bir hissəsinə çevrilənlər az deyil...

- Elə onlara da, sadəcə, dözüm arzulayıram ki, bir az tolerant, bir az ağıllı olmaq lazımdır, bir balaca böyümək lazımdır. Bir az da üzr istəyirəm, hər birimiz valideynlərimizə, aldığımız tərbiyəyə görə bir az tərbiyəli olmaq lazımdır. Özü də onların hər birinə özümü də daxil etmək şərtilə, bunları deyirəm. Əgər kimsə də bu sözlərdən sonra hansısa səslər çıxaracaqsa, hansısa yazılar yazacaqsa, Allah onların da köməyi olsun, bəlkə onların çörəyi elə bundan çıxır, niyə onların çörəyinə bais olaq? Bəlkə elə bu istiqamətdə səylərini davam etdirməli, elə söyməlidirlər, təhqir etməlidirlər, aşağılamalıdrılar? Nə olar, bunlar da bizim adamlarımızdır, onlara da doğma yanaşmalıyıq. Adətən bu cür düşüncə sahiblərinə doğma baxırlar. Rəhmətlik Cəfər Cabbarlıdan soruşurlar ki, əsərlərinin içərisində ən çox xoşuna gələn hansıdır, ən zəif “Dönüş” əsərini deyir.  Səbəbini soruşanda deyir ki, adam valideyn olanda həmişə öz zəzilini, çəlimsiz, uğursuz olan övladını əzizləyir. Bu əsər də uğursuzdur. İndi biz insan olaraq da naqislərimizi daha çox sevməliyik.

- AXCP-dən ayrılan 50 nəfərdən çox cəbhəçi sizin partiyaya gəldi, bu gəlişi necə qarşıladınız? 

- Onların 4 nəfərini çıxmaq şərtilə, qalanları bizim partiyanın Sumqayıt şöbəsinə müraciət edib.  Əvvəldən demişdim ki, mən transferlərin əleyhinəyəm. Ona görə ki, toplananların yerini dəyişəndə cəm dəyişmir. Amma buna baxmayaraq, seçimlərinə hörmətlə yanaşıram. Ümumiyyətlə, müxalifətdə olan partiyaların birindən-digərinə köçürmələri doğru saymıram. Amma nə edəsən ki, adam deyir burda olmaq istəyirəm. 

- Bu gün AXCP və Müsavat arasında gərginlik ən yüksək səviyyədədir. Necə bilirsiniz, yenidən bu partiyaların barışığına nail olmaq lazımdır, yoxsa?

- Bütün hallarda sonu barışdır. Hətta qırılma olanda da sonu barışdır. Amma əgər barışdırıcı variant üçün köməyimiz, yardımımız dəyəcəksə, biz buna hazırıq. Hər halda, bu məsələləri onlar bizdən də gözəl bilir.

- Siz özünüz necə, Əli Kərimli ilə barışıbsınızmı? 

- Biz qlobal məsələlərdə sözümüzü demişik, işimizi görmüşük, fəaliyyətimizlə də bunu isbatlamışıq. Məsələn, ötən il prezident seçkilərində hamının bir arada olması və Milli Şura məsələsində. Amma bir məsələdə bizim barışmadığımız mövqe var: bu da Elçibəyə münasibət məsələsidir. Bu məsələ həllini tapmadıqca, barış nöqtəsi, ortaq məxrəc yoxdur. 

- Söhbət “Yurd” məsələsindən gedir? 

- Bəli. Söhbət ondan gedir ki, bizim Elçibəyə münasibətimiz necədir, adını çəkdiyiniz və çəkmədiklərinizin münasibəti necədir... Bu məsələdə bizim barışmaz mövqelərimiz var.

- Çox maraqlıdır, hakimiyyət təmsilçisi ilə üz-üzə oturub danışmağı mümkün saydığınız halda, Əli Kərimli ilə bunu hələlik mümkün saymırsınız...

- O məsələ problem deyil, onu çözə bilərik. Hələ 2010-cu ildə də bu məsələ ilə bağlı son sözümü demişəm ki, bu, mənim son sözümdür. Yəni bu adamlar birinci şəxs başda olmaqla, etirafda bulunurlar. Mən deyirəm xəyanətdir, onlar deyir, yox, Mirmahmud səhv deyir, xəyanət deyil, səhvdir. Mən hətta onu da qəbul edirəm ki, bu, xəyanət yox, səhvdir. Ancaq əgər bunlar mövqelərinin xəyanət yox, səhv olduğunu da etiraf etmirlərsə, daha mənim onlara sözüm yoxdur. 

4 il əvvəl dediyim sözləri bu gün bir daha təkrarlayıram, bilirəm ki, aktuallığını itirməyən məsələdir. Çox xahiş edirəm ki, əgər dediklərimə cavab olacaqsa, bu məsələyə aidiyyəti olan adam cavab versin. Daha kimlərinsə özünü qurban verməsini istəmirəm. Bəzən də istənilən məsələdə fikir və mövqe sahibi özü bir söz demir, dedizdirir, bu da doğru deyil. O dedizdirilənlərin özləri də fərqində olmalıdırlar ki, ən azı heyifdirlər, həm də yazıqdırlar. Olmasın belə şey... 


 

 

Bölməyə aid digər xəbərlər

04 May 2024 ABŞ-ın Stirlinq Fondu Azərbaycanda mina təhlükəsi ilə bağlı maliyyə yardımı ayıracaq

27 Apr 2024 Bazar günü Bakıda 31 dərəcə isti olacaq

26 Avq 2023 Beton tökən qurğu Ordubad sakininin ölümünə səbəb olub

19 İyul 2023 İranın şimalında 4,7 bal gücündə zəlzələ qeydə alınıb.

19 İyul 2023 Seçkilərin ilkin mərhələsinin NƏTİCƏLƏRİ

24 Sent 2022 Xəzər Teyyublunun avtomobilini oğurlamağa cəhd ediblər

01 İyun 2022 Bu ilin əvvəlindən Afrikada 70-ə yaxın insan meymunçiçəyindən ölüb

13 Mart 2022 Bu gün 19 mindən çox şagird buraxılış imtahanı verəcək

13 Mart 2022 Moskvada Rüstəm İbrahimbəyovla vida mərasimi başlayıb - FOTO

05 Yan 2022 Şuşada təzə məscid tikilir, 6 bina söküləcək

10 Noy 2021 Sumqayıt bələdiyyəsinin şefi adamdöyən bacıoğlunu həbsdən çıxarır - Təfsilat

09 Noy 2021 Muradov Xankəndinə gəlir

30 Okt 2021 Müdafiə naziri qoşunlara tapşırıqlar verdi

28 Okt 2021 Bakıda daha bir məktəb distant tədrisə keçib

26 Sent 2021 Sabah hər kəs eyvanından bayraq assın...

19 Sent 2021 Azərbaycanda son sutkada 1734 nəfər COVID-19-a yoluxub, 25 nəfər vəfat edib

17 Sent 2021 İlham Əliyev Xalq artistinə mənzil hədiyyə etdi

16 Sent 2020 “Uşaqlarımın paltarları olmadığı üçün məktəbə getməyəcəklər” – Göyçay sakini

03 Sent 2020 “Belarusun bu günü ilə o dövrün Azərbaycanı müqayisə oluna bilməz"

02 Sent 2020 ABŞ Çinə qarşı siyasətini açıqladı

02 Sent 2020 Ekspertdən BNA-ya AĞIR İTTİHAM… – “Quldurluğa “konsepsiya” adı qoyublar…”

04 Avq 2020 GAMAC Azərbaycan dövləti Və silahlı qüvvələrinə dəstək bəyanatı yayıb

04 Avq 2020 “İnsanlar küçəyə çıxanda hara getsinlər? Hər yer bağlıdır” – Adil Qeybulla

22 Mart 2020 Xəzər Teyyublu koronavirusla bağlı çağırış etdi: “EVDƏ QAL!”

01 Fev 2020 Xəyalə Əhmədova Həsənqaya seçiciləriylə görüşdü - Foto

30 Yan 2020 Xəyalə Əhmədova Güloğlular kəndində seçicilərlə görüşdü - Video

28 Yan 2020 Qarabağ qaziləri Xəyalə Əhmədovanı rəğbətlə qarşıladı - FOTO

24 Yan 2020 Bərdəni qarış-qarış gəzən namizəd - Xəyalə Əhmədova

20 Avq 2019 "MİQ-29"un “qara qutu”su ciddi zədə almayıbsa, Azərbaycanda “oxuna” bilər"

20 Avq 2019 Putin Rusiyadakı etiraz aksiyalarına münasibət bildirdi

Xəbər lenti