|
Ərəstun Oruclu: “Azərbaycanda belə bir obyektdə Rusiya maraqlıdır və bunun səbəbləri var”
Azərbaycanda Atom Elektrik Stansiyası (AES) tikiləcək.
Virtualaz.org “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin sədri Adil Qəribov bildirib ki, 20 meqavat gücündə ilk reaktorun layihələndirilməsi üzrə tender gələn il elan ediləcək. Nüvə reaktorundan başqa 2 kilovatlıq tədqiqat-təlim reaktoru da işə salınacaq. Onun sözlərinə görə, layihə 2020-ci ildə başa çata bilər.
Maraqlı olan daha bir məqam isə tikintisi planlaşdırılan AES-in daha əvvəl xəbərlərdə adı keçən Nəvahi qəsəbəsi yaxınlığında deyil, Bakı və Sumqayıt şəhərlərinə yaxın ərazidə tikiləcəyidir. Yeni AES-in Rusiya tərəfindən inşa olunacağı və reaktorda işləyəcək kadrlar Rusiyada, konkret olaraq Dubnada hazırlanacaq.
Qeyd edək ki, bu xəbər birmənalı qarşılanmayıb. Azərbaycana hazırkı şəraitdə AES-lərin hansı səbəbdən gərəkli olması, eləcə də onun riski və xüsusən də Bakı ətrafında, seysmoloji aktiv bölgədə tikintisi tənqid olunur.
Mövzunu “Yeni Müsavat”a şərh edən politoloq Ərəstun Oruclu deyir ki, AES tikintisi ilə bağlı xəbərlər artıq neçənci dəfədir ki, ictimai müzakirəyə çıxarılır və bir növ cəmiyyətin reaksiyası öyrənilir. Onun fikrincə, yaxın dövrdə bununla bağlı qərar elan oluna bilər: “Bir neçə il əvvəl Nəvahi qəsəbəsi ərazisində AES tikiləcəyi ilə bağlı xəbərlər yayıldı. Hətta yanılmıramsa, rəsmi səviyyədə də hansısa açıqlama oldu, yəni məlumat dövriyyəyə buraxılmışdı. Bu gün məsələnin yenidən gündəmə gəlməsi heç də təsadüfi deyil. Birincisi, görünən odur ki, bu, mərhələli prosesə oxşayır.
3-4 il əvvəl ictimai rəyə təqdim olunan bu məlumata yenidən qayıdılıb, ola bilsin ki, növbəti mərhələdə artıq qərar elan ediləcək”.
Ə.Oruclu düşünür ki, indi AES tikintisi Azərbaycan üçün o qədər də vacib məsələ deyil. Ekspert, bunun bir sıra səbəblərinin olduğunu və bu səbəbdən də AES tikintisində daha çox Rusiyanın maraqlı olduğunu düşünür. Və bunun da özəl səbəblərini qeyd edir: “Mən düşünmürəm ki, Azərbaycanın buna ehtiyacı var. Xüsusilə də söhbət alternativ enerji mənbələrindən gedirsə, aydındır ki, bütün ölkələr bu istiqamətdə hansısa işlər görür. Amma AES-lə bu dəqiqə aktual deyil, ikincisi isə Azərbaycan ərazisi AES tikintisi üçün optimal ərazi deyil. Çünki seysmik zona sayılır. Bildiyiniz kimi, artıq neçə illərdir ki, MAQATE Ermənistandakı Metsamor AES-in bağlanmasını tələb edir. Məsələ burasındadır ki, Rusiya bunun üzərində israrla dayanır. Bunun da xüsusi səbəbi var. Məsələ ondadır ki, dünyada AES tikintisi lisenziyası almış 3 dövlət var. Bu, ABŞ, Fransa və Rusiyadır. Bildiyiniz kimi, Avropada ekoloji və təhlükəsizlik səbəbindən AES-lərin fəaliyyəti xeyli dərəcədə məhdudlaşdırılıb”.
Hazırda dünyada inkişaf etməkdə olan bəzi ölkələrin AES tikintisi planlaşdırdığını qeyd edən ekspertin sözlərinə görə, Rusiya yenidən AES tikintisi bazarında önəmli yer tutmağa çalışır: “Ancaq eyni zamanda hazırda dünyada AES-lərə tələbat sürətlə artmaqdadır. Xüsusilə də iqtisadiyyatı inkişaf edən ölkələrdə - Çində və Hindistanda. Proqnozlara görə, yaxın 30-50 il ərzində Çin və Hindistanda onlarla AES tikiləcək. Təbii ki, bu vəziyyətdə onları kimin tikəcəyi məsələsi gündəmə gəlir. Hazırda AES tikintisi üzrə ixtisaslaşmış 3 ölkədən ən uğursuzu Rusiyadır. Çünki hələ sovet vaxtı tikilən AES-lərin bir çoxu sonradan beynəlxalq standartlara cavab vermədi. Bolqarıstanda Kozloduy AES-i ölkə AB-yə üzv olanda bu stansiya standartlara cavab vermədiyi üçün demontaj olundu. Eləcə də Litvada İqnalina AES-i fəaliyyətini dayandırdı. Çünki rusların tikdiyi bu stansiyalar şərti olaraq ”Çernobl tipli AES-lər" hesab olunurlar. Məhz bu səbəbdən də Rusiya Ermənistandakı Metsomor AES-dən möhkəm yapışaraq onun bağlanmasına mane oldu. Eyni zamanda Moskva İranda Buşehr AES-in tikintisi üçün əlindən gələni elədi. Çünki Çernobldan sonra Rusiya AES tikməmişdi. Bununla göstərməyə çalışırlar ki, Rusiyanın AES tikintisindəki texnologiyası heç də etibarsız deyil. Ola bilsin ki, indi bu ideyanı möhkəmləndirmək üçün Rusiyaya ikinci bir stansiyanı tikmək lazımdır. Nəzərə alsaq ki, Rusiya dünyanın bir çox bölgələrindən təcrid olunub, o zaman təbii ki, bu layihəni özünün yaxın ölkələrindən birində həyata keçirmək istəyər. Bu həm də o ölkədə mümkündür ki, o ölkənin AES-ə xərcləmək üçün pulu var. Mümkündür ki, Azərbaycan buna Rusiyanın müəyyən güzəştləri çərçivəsində razılaşa bilər".
Ə.Oruclu deyir ki, Azərbaycanda AES tikintisi riskli və təhlükəlidir: “Çünki bu, faktiki şəkildə ölkəni dağıtmaq gücündə olan AES və ya belə desək, atom bombasını gətirib paytaxtın yaxınlığında yerləşdirilməsidir. Rusiyanın nüvə texnologiyaları son dərəcə təhlükəlidir. Məsələn, məlum olub ki, SSRİ dağıldıqdan sonra ABŞ SSRİ-nin vaxtilə ABŞ-a tuşlanmış raketlərinə xidmət edilməsi, onların korroziyadan qorunması üçün təxminən 500 milyon dollar yardım edib.
Bu barədə keçmiş dövlət katibi Kondoliza Rays məlumat verib. Bu həm də Rusiya nüvə sənayesinin durumunu göstərir. Əvvəla, belə bir dövlətlə nüvə sahəsində əməkdaşlıq etməyə gərək yoxdur. Əgər bu, Rusiyadan siyasi hakimiyyətə dəstək üçün edilirsə, yaxşı olar ki, Rusiyanın əldə edəcəyi gəliri hesablayıb bəri başdan nağd formada Moskvaya versinlər, ancaq AES tikintisi olmasın. Bu, Azərbaycan üçün daha təhlükəsizdir”.