|
"Müsavat rəhbərliyi bizi Əli Kərimli ilə öz aralarında hesab edirlərsə, biz çəkilərik"
Yeni Müsavat qəzetinin redaktoru, tanınmış jurnalist Rauf Arifoğlu özünün facebook səhifəsində ANS-in ondan götürdüyü müsahibəylə bağlı yazı paylaşıb. O bu yazı da gələn həftə Müsavat Partiyasında qalıb-qalmayacaqları haqqında da qərar verəcəklərini qeyd edib.
Teleqraf.az həmin yazını təqdim edir:
“ANS mənə növbəti pisliyini, özünün növbəti namərdliyini yapdı. İki gün yalvar-yaxar, müsahibə aldılar. Sonra da bir qəzetə qarşı bir partiya liderinin mənəvi terror kampaniyasını AXCP-Müsavat davası kimi qələmə verdilər. Müsahibə götürdükləri "Yeni Müsavat"ın baş redaktoru, çəkdikləri qəzet və jurnalistlər, lakin təqdimat partiya davası...
Bunca absurd olarmı? Danışdığımın da 95 faizi kəsildi, əvəzində ƏLi Kərimlinin Müsavat üzrə müavini Fuad Qəhrəmanlıya söydürdülər bizi... Bəzi Müsavat üzvləri də , hətta rəhbərliyə aid olanlar, Feysdə kürəyimizdən xəncərləməkdə. Həm də artıq neçənci dəfə. Böyük Yurdçu Osman Kazımov Əli Kərimliyə diferambalar oxuyur. Bir başqası bizi körpü adlandırır, digəri deyir ona ləkəyik...
AXCP ilə müttəfiqmişlər, xəbərimiz yox! Tamam qardaşlar, inşallah, gələn həftə qəzetdə çalışan müsavatçılar olaraq bu partiyada qalıb-qalmamaq məsələsini müzakirə edərik. Rahat olun. Müsavat rəhbərliyi bizi Əli Kərimli ilə öz aralarında hesab edirlərsə, biz çəkilərik. Onsuz da istər ötən il, istərsə də bu il Əli Kərimlinin Müsavatı dağıtmağa yönələn kampaniyasının qarşısında tək durduq, partiya nə özünə, nə də bizə dəstək vermədi. Hamı Dədə Qorqud oldu, bzisə kürəyindən qılınclanan Bamsı Beyrək..."