|
Ermənistan paytaxtı Yerevan şəhərində keçirilən mitinqdə 2 mindən çox adam iştirak edir.
"Report" "İnterfaks" agentliyinə istinadən xəbər verir ki, yüzlərlə insan polis polkunun binasını ələ keçirmiş silahlı qruplaşmaya dəstək üçün paytaxtın mərkəzi küçələrinə çıxıb.
Etirazçılar dövlət orqanlarının binalarının yaxınlığında addımlayırlar. Onlardan bəziləri hökumət əleyhinə şüarlar səsləndirir.
Aksiyaçılar həmçinin tez-tez avtomobil yollarını da bağlayırlar.
Ermənistan rəhbərliyi prezident iqamətgahının, parlamentin və səfirliklərin binasının yerləşdiyti Yerevanın Baqramyan prospektinə xüsusi polis qüvvələri yerləşdirib.
Paytaxtın mərkəzində gəzintiyə çıxan nümayişçilər prezident iqamətgahının qədər getmək barədə qərar qəbul ediblər. Bu səbəbdən də Baqramyan prospekti polis tərəfindən bağlanıb.
Gələn xəbərlərdə bildirilir ki, nümayişçilərdən biri Baqramyan küçəsində özünü yandırmağa cəhd edib. O, üzərinə benzin tökərək özünü odlamaq istəyib, ancaq ətrafdakılar onun üstünə su çiləyərək ona mane olublar. Bir polis maşını özünü yandırmaq istəyən şəxsə yardım təklif edib, ancaq o şəxs imtina edib. Bununla belə bu şəxsi xəstəxanaya aparıblar.