|
İyunun 6-da Azərbaycan Yazıçılar Birliyinin Aran bölməsində “Şəhidlər ölməz, Vətən bölünməz” mövzusunda tədbir keçirildi.
Bölmənin sədri, “Ədəbiyyat qazeti”nin şöbə redaktoru Sərvaz Hüseynoğlu vətənpərvərlik mövzusunda ədəbi nümunələrin işlənməsinin əhəmiyyətindən danışdı. O, yazıçı-publisist S.Feyruzoğlunun milli ordumuzun polkovnik-leytenantı, şəhid Axundov Sənan Tahir oğlunun övladlarının dilindən yazdığı “Biz atamızla fəxr edirik!” adlı esseni yüksək dəyərləndirdi. Şair və yazıçılardan Valeh Bahaduroğlu, Səməd İsmayılav və Sədaqət Vəlioğlu qəhraman oğullarımızın sücaətini əks etdirən ədəbiyyat nümunələrinin işlənməsinin vacibliyi barədə öz fikirlərini söylədilər. Şair Sədaqət Vəlioğlu polkovnik-leytenant Sənan Axundovun şəhidlik zirvəsinin 50-ci gününə həsr etdiyi “Vətən, başın sağ olsun” şerini oxudu.
Vətən, başın sağ olsun!
Ölümə sinə gərib
Şəhidlik yolun seçdin.
Vətəninin uğrunda
Şirin canından keçdin.
Şəhidlik deyilən yol
Babaların yoludur.
Neçə-neçə igidin
Cəsarət simvoludur.
Sən də getdin bu yolla,
Can içirə can yaşadın.
Sən can verdin, yerinə
Azərbaycan yaşadı.
Ali Baş Komandanın
Çağrışından güc aldıq.
Zərbə vurduq düşmənə,
Layiqincə öc aldıq.
Şəhid oldun Vətənçün,
Sənan, cavan yaşında.
Verdin Vətən borcunu,
Baş əyirik qarşında.
Vətəni sağ sağlayan
Uca taxtın mübarək!
Əbədiyyət simvolu
Şəhid baxtın mübarək!
Ölümün səslənişdi:
-Vətən, başın sağ olsun.
O şəhidlik taxtında
Sənan, üzün ağ olsun!