|
Nəsimi Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədrinin müavini Fuad Qəhrəmanlının həbs müddətini artırıb.
Bu haqda AzadlıqRadiosu-na siyasətçinin vəkili Fəxrəddin Mehdiyev bilgi verib.
Vəkilin deməsinə görə, məhkəmə istintaq qurumunun həbs-qətimkan tədbirinin müddətinin artırılması barədə təqdimatına baxıb. Təqdimatı əsaslı sayan məhkəmə siyasətçinin daha 2 ay həbsdə tutulmasına qərar verib.
Fuad Qəhrəmanlı «facebook» səhifəsində yazdığı statuslara görə, ötən il dekabrın 8-də həbs olunub. Həmin statuslara görə, ona qarşı Cinayət Məcəlləsinin 281-ci (dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə) və 283-cü (milli, irqi, sosial, dini nifrət və ya düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb.
Fuad Qəhrəmanlı ittihamları qəbul etmir və siyasi sifarişlə həbs olunduğunu bildirir.
Siyasətçinin həbs müddəti sonuncu dəfə martın əvvəlində artırılmışdı.