|
Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polisi İdarəsi (DYPİ) Rusiya istehsalı olan "VAZ 2107" markalı avtomobilin saatda 230 kilometr sürətlə radara düşməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
İdarənin İctimai Əlaqələr Bölməsinin rəisi polis polkovniki Vaqif Əsədov "Report"a bildirib ki, həmin avtomobilin saatda 230 kilometr sürətlə radara düşməsi mümkündür: "Təbii ki, bunu araşdırmaq lazımdır. Ola bilər ki, həmin avtomobilin mühərrikinə müdaxilə olunub. Yəni, mümkündür ki, mühərrikin gücünü artırmaq üçün gücləndirici qurğuların sayı artırılsın. Belə olan halda, əlbəttə, həmin avtomobil saatda 180 kilometr yox, 230 kilometr sürətlə hərəkət edə bilər. Radar texniki vasitədir, ona müdaxilə etmək olmur. Amma avtomobilin mühərrikinə müdaxilə etmək olur. Hətta 1.6 həcmli avtomobilin mühərrikini çıxarıb yerinə daha böyük həcmli mühərik qoyan sürücülər də var".
Qeyd edək ki, sosial şəbəkələrdə "VAZ 2107" markalı avtomobilin saatda 230 kilometr sürətlə radara düşməsi ilə bağlı elektron protokolun fotoları yayılıb.