|
Ağstafada fermaya silahlı basqın olub.
Virtualaz.org saytı xəbər verir ki, bu barədə APA agentliyinə zərərçəkən sahibkar İsrafil Abdullayev məlumat verib.
Onun sözlərinə görə, fevralın 3-də gecə saatlarında avtomatlı və maskalı 4 nəfər atlı ona məxsus fermaya basqın edib. Maskalı şəxslər fermada olan çobanlar – 1970-ci il təvəllüdlü Qabil Məmmədov və 1986-cı il təvəllüdlü Ayaz Abdıyevi otağa salaraq qapını arxadan bağlayıb, 40 baş iri və xırda buynuzlu heyvanı aparıblar.
Sahibkarın dediyinə görə, hadisə baş verən günün səhəri çobanlarla birgə heyvanların izinə düşüblər: “Heyvanların ayaq izləri bizi Gürcüstan sərhədinə apardı. Belə məlum olur ki, oğurlanan mal-qaranı Gürcüstana keçiriblər”.
İ.Abdullayev qeyd edib ki, baş vermiş hadisə ilə bağlı polis və prokurorluq orqanlarına, həmçinin Gürcüstanın hüquq-mühafizə orqanlarına məlumat verilib.
Ağstafa rayon Polis Şöbəsindən faktı təsdiqləyiblər. Bildirilib ki, hazırda Dövlət Sərhəd Xidməti ilə birgə araşdırmalar davam etdirilir.