|
Bakının Nardaran qəsəbəsində hüquq-mühafizə orqanlarının keçirdiyi növbəti əməliyyat zamanı 3 nəfər saxlanılıb. Onlar qəsəbə sakinləri Muradpur Heydər, Mürsəl Qasımov və Rahib Quliyevdir.
Bu haqda Trend-ə Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis bölməsindən məlumat verilib.
M.Heydərin üzərindən 1.120 qram narkotik vasitə olan marixuana aşkar edildiyi bildirilir.
Məlumatda o da deyilir ki, M.Qasımovdan 1 ədəd qanunsuz saxladığı ov tüfəngi, R.Quliyevdən isə 1 ədəd F-1 qumbara götürülüb.
Sabunçu rayon Məhkəməsinin qərarları ilə M.Heydər və R.Quliyev barəsində həbs-qətimkan tədbiri, M.Qasımov barəsində isə inzibati həbs seçilib.
Ötən il noyabrın 26-da Nardaranda polisin keçirdiyi əməliyyat zamanı 7 nəfər ölüb. Onlardan ikisi polis əməkdaşıdır. «Müsəlman Birliyi» Hərəkatının rəhbəri Taleh Bağırzadə də daxil olmaqla çox sayda insan həbs edilib. Onlar dövlətə xəyanətdə, terrora cəhddə ittiham edilirlər. Eyni maddə ilə ittiham olunan sonuncu şəxs - Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov bu həftə, yanvarın 7-də saxlanılıb.