|
Nardaran hadisələri zamanı dövlət əleyhinə çağırışlarda təqsirləndirilərək həbs edilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında ailə üzvləri ilə görüşüb. Bu barədə Trend-ə Fuad Qəhrəmanlının vəkili Fəxrəddin Mehdiyev məlumat verib.
Vəkil bildirib ki, F.Qəhrəmanlının saxlanma şəraitindən heç bir şikayəti yoxdur: "İstintaq Təcridxanasındakı şəraitlə bağlı Fuad Qəhrəmanlının narazılığı yoxdur. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada o, ailəsilə telefonla danışır. Onun ailə üzvləri ilə görüşünə artıq icazə verilib".
F.Qəhrəmanlının səhhətində problemlər olduğunu deyən vəkil bildirib ki, müvəkkili bununla əlaqədar dərman qəbul edir: "Fuad şəkər xəstəsidir və qara ciyərində problemləri var. Bununla əlaqədar da ona evdən lazımi dərmanlar çatdırılır və o, dərmanları qəbul edir".