|
Dekabrın 25-də Dünya Azərbaycanlılarının Həmrəylik günü ərəfəsində Bakının Xudafərin Şadlıq Sarayında Borçalı İctimai Cəmiyyətinin təşkilatçılığı ilə ənənəvi Gürcüstan Türkllərinin Həmrəylik Bayram mərasimi keçirilib.
Teleqraf.az xəbər verir ki,mərasim Dövlət Himni və Azərbaycan, Gürcüstan və Türkiyənin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinə bir dəqiqəlik sükutla başlanıb. Aparıcılar Elbəyi Cəlaloğlu və Güllü Seyidlinin Həmrəylik Bayramının önəmi haqda qısa çıxışlarından sonra giriş nitqi ilə söz Borçalı İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədliyə verilib. Natiq mərasim iştirakçılarını təbrik etdikdən sonra Azərbaycan- Gürcüstan münasibətlərdə Borçalı Cəmiyyətinin hər zaman konstruktiv mövqeyinə işarə edərək bu prinsipin heç zaman dəyişməyəcəyini bildirib və Gürcüstan hökumətinin də son zamanlar Borçalı Cəmiyyətinə qarşı qeyri-məntiqi yanaşmasının tezliklə dəyişəcəyinə ümidvar olduğunu ifadə edib. Sonra ötən ilin sonuclarına görə mükafatlandırma mərasimi başlanıb. Öncə akademik Zahid Xəlilov adına Türklüyə Xidmət Mükafatları sahibləri -professor Telman Əliyev, millət vəkili Qənirə Paşayeva,xalq artisti Flora Kərimova, Güney Azərbaycanlı tanınmış ozan Araz Elsəs və Gürcüstanın əski millət vəkili Ramiz Bəkirova təqdim olunub. Təqdimat zamanı çıxış edən tanınmış ictimai xadim Şirməmməd Hüseynov Borçalı Cəmiyyətinə Gürcüstan - Azərbaycan münasibətlərinə və dövlətçilik ənənəsinə xidmətini yüksək dəyərləndirərək bu fəaliyyətlərin davamlı olmasını diləyib.
Yüksək mükafatı almasından qürur duyduğunu ifadə edən Qənirə Paşayeva isə Zəlimxan Məmmədlinin Gürcüstana buraxılmamasıilə bağlı qərarın tezliklə götürülməsi üçün əlindən gələni edəcəyini dilə gətirib. ilin Şərəf Medalı nominasiyalarına isə mərkəzi İsveçdə yerləşən Güney Azərbaycan Konqresinin sədri Abdulla Əmir Haşimi Cavanşir, Axısxa Türkləri Birliyinin sədri İbrahim Burhanov, Borçalının saz və söz ustaları Savalan Əhmədoğlu, Mirzə Maşov, Akif Qaralov, Neli Məmmədova, Murad Sarıyev, habelə Anar Rafiqoğlu, Kanal13Tv-nin yaradıcı kollektivi, Azad Azərbaycan Tv-nin əməkdaşı Vaqif Aydınoğlu, Məhəmməd Mustafayev, Türkiyədən Yıldıray Aydemir, Şuşa-Elat Muğam üçlüyü layiq görülüblər.
Qocaman aşıq Mahmud Məmmədov və şair Ələddin Qaradağlıya uda fəxri diplomlar təqdim olunub. Şah İsmayıl Xətai fondunun təsis etdiyi "Türk Dünyası Dostluq Ordeni" də ilk sahiblərinə qovuşub. Fondun sədri Təvəkkül Səfəvi tərəfindən ordenlər Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli, Qars Sərhəd Boyları Dərnəyinin sədri Məhərrəm Yıldız və Dünya Qarapapaq Türkləri Birliyinin sədri Seyfullah Türksoya təqdim edilib. Mərasim bədii hissə ilə davam edib.